
Bakı. Trend:
Prezident Donald Tramp Azərbaycan və Ermənistan arasında
uzunmüddətli sülhün bərqərar olmasına sadiqdir.
Trend-in
məlumatına görə, bunu brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi
nümayəndəsi Temmi Bryus bildirib.
“Bütün dünya bilir ki, Prezident Tramp münaqişələrin və ya
döyüşlərin müddətindən asılı olmayaraq ölkələr arasında
uzunmüddətli sülh axtarır. Eyni zamanda, gördüyümüz kimi, o,
realist olaraq qalır. Onun yanaşması diplomatiyaya əsaslanır. Lakin
o, ABŞ prezidenti kimi səlahiyyətlərindən tam istifadə etmək və
müharibələrə son qoymaq üçün nə lazımdırsa etməyə hazırdır”, – deyə
Bryus vurğulayıb.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev,
ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan
Vaşinqtonda birgə bəyanat imzalayıblar.
Həmin gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri
“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında
münasibətlərin yaradılması haqqında Saziş” layihəsini paraflayıb və
ATƏT-in Minsk prosesinin bağlanmasına dair birgə müraciət
imzalayıblar.

