Qazaxıstandakı son hadisələr bir sıra mətləblərə aydınlıq gətirmək zərurəti yaradıb. Son 30 ildə bu ölkə Mərkəzi Asiyanın iqtisadi, sosial və mədəni sahələr üzrə sürətlə inkişaf edən ölkəsidir. Qazaxıstan MDB məkanında Rusiyadan sonra ixracata görə ikinci yeri tutur. Ölkə paytaxtının yerinin dəyişdirilməsi, yeni iş yerlərinin açılması, türk və müsəlman dünyası ilə əlaqələrin inkişaf etdirilməsi və genişlənməsi, habelə Qərb bloku, eləcə də Avropa İttifaqı ilə əməkdaşlığın artırılması kimi hallar bunu təsdiqləyir.
Qazaxıstanda siyasi sahədə də islahatlar aparılıb. Seçki sistemində yenilik də bunu təsdiqləyir. 1995-ci ildə qəbul edilən Konstitusiyaya 1998, 2007, 2011, 2017 və 2019-cu illərdə edilən dəyişiklik və əlavələr hüquqi sahədə aparılan islahatlara nümunədir. Bu həm də ölkə qanunvericiliyi bazasının təkmilləşdirilməsinə, daha çevik olmasına təkan verib.
Qazaxıstanın ABŞ-la strateji əməkdaşlıq etməsi, Rusiya ilə əlaqələri gücləndirməsi xarici siyasətin prioritetlərindən olub. Türk Dövlətləri Təşkilatındakı fəaliyyəti ilə Qazaxıstan türk dövlətləri arasında əlaqələrin dərinləşməsinə, yaxınlaşmasına yardım edib. Başqa bu kimi üstünlüklərə malik bir dövlətdə baş verən iğtişaşlar təəssüf doğurur. Belə olan halda təbii sual yaranır: “Qazaxıstanı kimlər qarışdırır?” İlk növbədə, rəsmi mənbələrin qeyd etdiyi kimi, bu hadisələrin arxasında məmur özbaşınalığı və oliqarx maraqlarının durduğunu görmək olar.
Qazaxıstanda qazın topdansatışı ilə məşğul olan altı şirkətə, o cümlədən “KazMunayQaz”, “Aktobe MunayQaz”, “KazqerMunayQaz”, “Kazaxoyl Aktobe”yə qarşı cinayət işi başlanılmasına dair məlumat da bunu təsdiqləyir. Qazaxıstanın Rəqabətin və İnkişafın Mühafizəsi Agentliyi bildirib ki, maye qazın iri satıcılarının hərəkətlərində bu yanacağın qiymətinin bahalaşdırılmasına dair sövdələşmə əlamətləri aşkar edilib. Qazaxıstanın Mangistau vilayətinin Janaozen rayonundakı təbii qaz emalı zavodunun direktoru Nakbergen Tulepov saxlanılıb. Onunla birlikdə maye qazın elektron ticarət bölməsinin rəhbəri də saxlanılıb. Məlumata görə, zavod direktoru heç bir səbəb olmadan təbii qazın qiymətini bahalaşdırıb. Bu kimi amillər Qazaxıstanda məmur özbaşınalığı hallarını sübut etməyə əsas verir.
Əslində, mərkəzi hakimiyyət zəif olanda və ya ölkədə baş verənlərə nəzarəti təmin edə bilməyəndə həmin qüvvələr yaranmış şəraitdən öz çirkin məqsədlərini reallaşdırmaq üçün istifadə edirlər. Baş verənlər deməyə əsas verir ki, hakimiyyətin “terrorçu” deyə adlandırdığı həmin qüvvələr Qazaxıstanın dövlətçiliyi və ərazi bütövlüyünü təhdid ediblər. Onların bu fəaliyyəti həm də ölkənin beynəlxalq nüfuzuna zərbə vurub. Qazaxıstanda baş verənləri bəziləri başqa dövlətlərə də şamil edir, yaxud beynəlxalq miqyasda hansısa böyük “inqilablar”ın başlaması kimi iddialar irəli sürürlər. Belə düşüncə sahibləri “ərəb baharı”, Gürcüstan, Ukrayna, Ermənistandakı hakimiyyət dəyişiklikləri zamanı da oxşar fikrə düşmüşdülər. Ancaq nəticələr onların yanlış düşündüklərini təsdiqləmişdi.
Qazaxıstandakı hadisələr bir daha sübut etdi ki, ölkə başçısının liderliyi, xalq arasında nüfuzu, sosial təbəqələr arasında birləşdirici rolu vacibdir. Bu, Azərbaycanda özünü 2020-ci ildə bir daha təsdiqlədi. Prezident İlham Əliyevin liderliyi sayəsində Azərbaycan torpaqlarını işğalçıdan azad etməklə yuxarıda qeyd etdiyimiz amilləri təsdiqlədi. Prezident İlham Əliyevin kadr islahatı, iqtisadi, sosial, mədəni sahədə yürütdüyü siyasət Azərbaycanda birliyin təmin olunmasına səbəb olan amillərdir. Dövlət başçısının yürütdüyü xarici siyasət kursu torpaqların işğaldan azad olunmasında Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinə təkan verdi. Ölkə həyatında yeniliklər, azad edilən torpaqlarda quruculuq işləri, qonşularla yanaşı dinc yaşamaq, beynəlxalq enerji layihələrində fəal iştirak və regional əməkdaşlığa üstünlük verilməsi də İlham Əliyevin liderliyi ilə həyata keçirilir. Prezident Azərbaycanın ərazi bütövlüyünün bərpasına, dövlətçiliyin qorunmasına daxili gücü mütəşəkkilləndirməklə nail olur. Bu həm də Azərbaycana kənar müdaxilələrin edilməsi üçün səbəb və bəhanələrin əldə əsas tutulmasına imkan vermir.
Nəhayət, Qazaxıstandakı hadisələr sübut etdi ki, cəmiyyət tərəfindən liderliyi qəbul edilən dövlət başçısı varsa, orada iğtişaşlara kənar müdaxilələrə ehtiyac olmaz. Belə liderin barışdırcı və birləşdirici mövqeyi ilə ölkənin həyati vacib problemlərini həll etmək mümkündür.
Sədrəddin Soltan (İsmayılov), “Report” İnformasiya Agentliyi