“Şuşa ili” hansı tədbirlərlə yadda qalacaq?

Siyasət

Dekabrın 31-də dünya azərbaycanlılarına müraciət edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev yola saldığımız il ərzində həyata keçirilən tədbirlərdən, ölkəmizin əldə etdiyi uğurlardan geniş söhbət açıb. Vətən Müharibəsinin nəticələrinin bütün dünya tərəfindən qəbul edildiyini diqqətə çatdıran dövlət başçısı bildirib ki, müharibədən sonra cərəyan edən proseslər Azərbaycanın haqlı olduğunu bir daha nümayiş etdirib. O, İkinci Qarabağ Savaşı sonrası reallıqları dünyaya qəbul etdirməyi siyasi baxımdan çox önəmli hadisə kimi dəyərləndirib.

Bu barədə “Kaspi” qəzetinin məqaləsində qeyd olunub.

Ölkə başçısı əminliklə bildirib ki, noyabr-dekabr aylarında Soçi və Brüssel şəhərlərində keçirilmiş görüşlərdə əldə edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaq. Yola saldığımız ildə Azərbaycanın beynəlxalq münasibətlər sistemində, regional çərçivədə əldə etdiyi nailiyyətləri, qonşularla səmərəli əməkdaşlıq əlaqələrini xatırladan Prezident İlham Əliyev ordu quruculuğundakı yeniliklərdən də söhbət açıb. Qeyd edib ki, Azərbaycanda yeni yaradılan hərbi birləşmə – Komando Qüvvələri istənilən hərbi vəzifəni icra etməyə hazırdır və onların sayı durmadan artacaq. Çevik, peşəkar və çox böyük imkanlara malik olan bu silahlı birləşmələr Azərbaycan ərazilərini, sərhədlərimizi etibarlı şəkildə qoruyacaq, vətəndaşlarımızın təhlükəsizliyini təmin edəcəklər.

İşğaldan azad edilmiş torpaqlara ötən il ərzində 32 dəfə səfər etdiyini, Qarabağın böyük tikinti-quruculuq meydanına çevrildiyini, işlərin sürətlə getdiyini diqqətə çatdıran Müzəffər Ali Baş Komandan Şuşa şəhərinə etdiyi 7 səfərdən, buradakı genişmiqyaslı quruculuq və bərpa işlərindən danışıb. O, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyinin qeyd ediləcəyini vurğulayıb. Deyib ki, Qarabağ xanı Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və bu şanlı tarix – mədəniyyət paytaxtımızın yubileyi cari ildə böyük təntənə ilə qeyd olunacaq. Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq, xüsusən də Şuşanın bərpasını sürətləndirmək məqsədilə yeni ili “Şuşa İli” elan edib. Yanvarın 5-də isə dövlət başçısı “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. Sərəncamda Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişaf yolu keçməsi xatırlanıb. Vurğulanıb ki, şəhərin inkişafına dair xüsusi qərarlar məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunub. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalıb. Haqq işi naminə apardığımız 44 günlük Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad edib. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olunub. Sərəncamda Şuşada infrastrukturun qurulması ilə yanaşı, tarix-mədəniyyət abidələrinin bərpasına başlanıldığı və sair işlər xatırlanaraq, Nazirlər Kabinetinə “Şuşa İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb. Bununla da, Azərbaycanda “Şuşa ili”nə rəsmən start verilib.

Milli Məclisin üzvü Məzahir Əfəndiyev hesab edir ki, Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi dünya mədəniyyətinə, eləcə də regional təhlükəsizliyə və sülhə səslənən növbəti çağırışdır. Onun sözlərinə görə, adları azərbaycanlılarla bağlı olan 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə-monastır, 2 qəsr, 72 mühüm sənət və tarixi abidənin yerləşdiyi Şuşa şəhəri dövlətimizin böyük səyi nəticəsində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilib. Deputat deyib ki, tarixi-memarlıq qoruğuna çevrilən Şuşa şəhəri Vətən Müharibəsindən sonra yenidən dirçəlişinə mədəniyyət paytaxtı kimi başlayıb: “Yarandığı dövrdən etibarən Şuşa şəhərinin əhalisi ancaq azərbaycanlılardan ibarət olub. Şuşada quruculuq işləri hələ ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə geniş vüsət alıb, şəhərin mədəniyyət mərkəzi kimi dirçəlməsi istiqamətində mühüm addımlar atılıb. 1982-ci il yanvarın 14-də ümummilli liderin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasiminin keçirilməsi buna misaldır. Bu kimi çoxsaylı tədbirlər Azərbaycan xalqının öz tarixinə sonsuz ehtiramının ifadəsidir”.

Millət vəkili söyləyib ki, xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilən Şuşanın 270-ci yubiley ilinin – 2022-ci ilin “Şuşa İli” elan edilməsi də “Qarabağ Azərbaycandır!” şüarına xidmət edir və doğma Qarabağımızın tez bir zamanda cənnətə çevrilməsi prosesini sürətləndirir: “Əminəm ki, Prezident İlham Əliyevin “Şuşa İli”ni elan etməsi və bundan irəli gələrək tədbirlər planının hazırlanmasına dair imzaladığı Sərəncam və hökumətə verdiyi tapşırıqlar ən yüksək səviyyədə icra olunacaq. Bu istiqamətdə görüləcək işlər və həyata keçiriləcək tədbirlər UNESCO-nun da bu il keçirəcəyi ən mötəbər tədbirlər sırasında yer alacaq”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir