Azərbaycanın dinlərarası və məzhəblərarası modeli dünya üçün dəyərli örnəkdir – Allahşükür Paşazadə

Siyasət

Bakı. Trend:

Cənubi Afrika Respublikasının Keyptaun şəhərində səfərdə olan
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür
Paşazadə G20 Sammiti ərəfəsində keçirilən Dinlərarası Forumda
iştirak edir.

QMİ-nin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Forumun prezidenti Kol
Dürhamın dəvəti ilə tədbirdə iştirak edən şeyxülislam tədbir
çərçivəsində bir sıra görüşlər keçirib.

A.Paşazadə Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin sədri
Dr. İbrahim Salih əl-Nəimi ilə görüşüb. Görüşdə Əl-Nəimi
Azərbaycanın dinlərarası və məzhəblərarası modelini uğurlu və dünya
üçün dəyərli örnək kimi dəyərləndirib. O, Qarabağ Zəfərinin
müsəlman dünyası üçün əhəmiyyətini vurğulayıb. A.Paşazadə
Azərbaycan-Qətər əlaqələrinin, xüsusilə dini-mənəvi sahədə
inkişafından məmnunluğunu ifadə edib və QMİ ilə Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin Doha Dinlərarası Dialoq Mərkəzi ilə
əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.

Şeyxülislam, həmçinin BMT Baş Katibinin sabiq müavini,
Soyqırımları ilə Mübarizə üzrə keçmiş Ali Komissar, hazırda
Müsəlman Ağsaqqalları Şurası (MAŞ) Baş Katibinin müşaviri Adama
Dienq və MAŞ Baş Katibinin məsləhətçisi Məhəmməd Bəhr ilə görüşüb.
Həmsöhbətlər Azərbaycan multikulturalizmini dəyərli təcrübə kimi
qiymətləndirərək, bu modelin qürur duyulası olduğunu qeyd ediblər,
Bəhreyndə keçirilən İslamdaxili dialoqa dair Yekun Sənəddə məhz
Azərbaycanın uğurlu məzhəblərarası anlaşma modelinin yer aldığını
vurğulayıblar.

Görüşdə Azərbaycanda sünnilərlə şiələrin eyni məsciddə namaz
qılması və azanların eyni vaxtda verilməsi böyük nailiyyət kimi
dəyərləndirilib. A.Dienq Azərbaycanın Qarabağ Zəfərindən sonra
ölkəyə təşrif buyurduğunu və bu reallıqları şəxsən müşahidə
etdiyini söyləyib.

A.Paşazadə Forumda iştirak edən Özbəkistan nümayəndə heyəti ilə
də görüşüb. Özbəkistan Prezidentinin ictimai-siyasi inkişaf üzrə
müşaviri Ruslanbek Davletov və Beynəlxalq İslam Akademiyasının
rektoru Muzaffar Kamilovla görüşdə Azərbaycan-Özbəkistan
dini-mənəvi əlaqələrinin dərinləşməsi və perspektivlər müzakirə
olunub. Həmsöhbətlər qardaş xalqlar arasında tarixi bağları, ortaq
dəyərləri və dövlətlərarası səmimi münasibətləri yüksək
qiymətləndiriblər.

ABŞ Dövlət Departamentinin Dini Azadlıqlar Komissiyasının
komissarı Məhəmməd Elsanusi ilə görüşdə Azərbaycanla Ermənistan
arasında sülhün əldə olunmasında ABŞ-ın, xüsusilə Prezident Donald
Trampın rolu müzakirə edilib. Elsanusi Azərbaycanın dinlərarası
dialoq və əməkdaşlıq sahəsində fəal iştirakını, o cümlədən Bakıda
keçirilən Dini Liderlərin II Sammiti və BMT Sivilizasiyalar
Alyansının Qlobal Forumundakı iştirakını vurğulayıb. Azərbaycandakı
dini konfessiyaların ABŞ səfəri və Dini Azadlıqlar Komissiyası ilə
əməkdaşlıq perspektivləri də müzakirə olunub. Şeyxülislam isə dini
azadlıqlar barədə hesabatların Azərbaycanın reallıqlarına
əsaslanmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, G20 Dinlərarası Forumu işini davam etdirir.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir