
Bakı. Trend:
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş
Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi
nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin
Quru Qoşunları komandanı feldmarşal Asim Munirin dəvəti ilə
İslamabad şəhərinə yola düşüb.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, keçirilən
qarşılanma mərasimində protokola uyğun olaraq general-polkovnik
Kərim Vəliyev və feldmarşal Asim Munir Fəxri Qarovulun qarşısından
keçiblər.
Hər iki ölkənin dövlət himnləri səsləndirilib. Mərasimin sonunda
şəhidlər abidəsinin önünə əklil qoyulub.
Səfər çərçivəsində Azərbaycanla Pakistan Müdafiə nazirlikləri
arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri
barədə geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran
məsələlər müzakirə olunub.
Görüşün sonunda general-polkovnik K.Vəliyev feldmarşal Asim
Muniri və Pakistan Ordusunun şəxsi heyətini “Müstəqillik günü” və “Haqqın qələbəsi” əməliyyatında əldə edilmiş uğur münasibəti ilə
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi adından
təbrik edib.
Sonra feldmarşal Asim Munirə Azərbaycan Müdafiə nazirinin əmri
ilə verilmiş “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı
təqdim olunub.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistan İslam
Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə keçiriləcək “Müstəqillik günü” və “Haqqın qələbəsi”nə həsr edilmiş hərbi
paradda iştirak edəcək.