Cenevrə müzakirələri: Avropa müharibə astanasında, Qazaxıstana dair sövdələşmə – TƏHLİL

Siyasət

Yanvarın 10-da Cenevrədə NATO-Rusiya əlaqələrindəki gərginliyi artıran Ukrayna böhranının həlli yollarına dair müzakirələr keçirildi.

ABŞ-Rusiya danışıqlarında Rusiyanı xarici işlər nazirinin müavini Sergey Ryabkov, ABŞ-ı isə dövlət katibinin müavini Vendi Şerman təmsil edib.

Elə görüşün mətbuat üçün açıq olan hissəsində aydın sezilirdi ki, tərəflərin bir-birinə münasibətindəki qəzəb diplomatik etiket qaydalarına da sirayət edib.

Cənab Ryabkov və xanım Şerman bayraqlar önündə foto çəkdirərkən bir-birlərinin üzünə belə baxmaq istəmirlər və üz cizgilərində dövlətlərinin digər tərəf üzərində hökmran olmaq ştrixləri əks olunur.

Danışıqlarda Rusiyanı üstün edən amil:

1. Avropaya coğrafi yaxınlıq,

2. Hərbi müdaxilə imkanlarının genişliyi,

3. Coğrafi mövqeyə görə qazandığı strateji üstünlük.

ABŞ-ı üstün edən amilə də diqqət yetirmək mütləqdir:

1. ABŞ-ın müttəfiqləri çoxdur və Rusiyanın müttəfiqlərindən fərqli olaraq hərbi və siyasi resurslar baxımından böyük potensiala malikdir,

2. Dünya iqtisadiyyatına güclü təsir imkanları var,

3. Dağıdıcı sanksiyalar paketi.

Cenevrədə Ukraynanın taleyi ilə bağlı danışıqların perspektivinə dair xoş proqnozlar vermək üçün əsaslar məhduddur, çünki Ryabkov və Şermanın açıqlamaları Avropanın müharibə astanasında olduğu həqiqətini azaltmır.

Vaşinqton və müttəfiqlərinin Rusiya iqtisadiyyatını çökdürməyə hesablanmış sanksiya hədələri belə Kreml üçün çəkindirici amilə çevrilə bilmir.

Bu, onun göstəricisidir ki, sanksiyalar bütün gücü ilə işləyə bilməz, çünki Rusiyanın Avropa ilə böyük həcmli ticari əlaqələri mövcuddur və sanksiyalardan digər şirkətlər də itki ilə çıxacaqlar.

Yəqin ki, Rusiya strateqləri bunu hesablayıblar ki, Rusiya mallarının ixracını məhdudlaşdırmaq və ya bu ölkənin banklarını qara siyahıya salmaq Qərbin özünə baha başa gələ bilər, ona görə də Ağ Ev administrasiyasının bu sanksiyalara nə dərəcədə əməl edib-etməyəcəyi bəlli deyil.

Digər bir amil Çinlə bağlıdır, belə ki, iqtisadi sanksiyaların tətbiqi üçün Çinin gizli razılığı tələb olunur ki, bu da ABŞ üçün bir çox başqa problemlər yarada bilər.

Sanksiyalar təkcə Rusiyaya yox, bütün dünyaya təsir edəcəyi halda ümumi bazar reaksiyası ortaya çıxacaq, ancaq görünür ki, Moskvanın da kontur-tədbirlər planı mövcuddur və bu strateji xətt onun təhdid ritorikasını gücləndirir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun keçirdiyi mətbuat konfransında diplomatik tərzdə ultimativ açıqlamaları onu deməyə əsas verir ki, sanksiyalarla bağlı dəlillər Rusiya tərəfinə inandırıcı gəlmir.

Onun dediklərindən aşağıdakı nəticəni çıxarmaq olar:

Rusiya Ukraynanın NATO üzvlüyünün qəbuledilməzliyini bildirir və NATO-dan buna dair zəmanət istəyir. ABŞ-ın addımlarının Avropanın təhlükəsizliyinə xələl gətirdiyi bildirilir. Bununla Moskva Avropadan dəstək qazanmaq məqsədini ortaya qoyur.

Danışıqlar nəticə verməsə və Ukrayna NATO üzvlüyünə iddiadan əl çəkməsə, Kiyev çətin sınaq qarşısında qalacaq.

Bu, Gürcüstana da aiddir, çünki Ryabkovun Ukrayna ilə yanaşı, Gürcüstanın da heç zaman NATO üzvü olmadığını xatırlatması “Rusiya imkan verməyəcək ki, onlar NATO üzvü olsunlar” tezisinin növbəti bəyanıdır.

Xanım Şerman isə NATO-nun öz qapılarını bu hərbi-siyasi təşkilata üzv olmaq istəyən dövlətlərin üzünə bağlamadığını bəyan edib.

Bir məqamı qeyd etmək mütləqdir, düşünürük ki, bu, təsadüflər zəncirindən çox sövdələşmənin təzahürü kimi nəzərdən keçirilməlidir.

Yanvarın 10-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında Rusiya Prezidenti Vladimir Putin KTMT qüvvələrinin Qazaxıstandan çıxacağı tarix barədə qeyri-müəyyən açıqlama səsləndirdi.

Bunun ardınca Cenevrədə danışıqlar baş tutdu, yanvarın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev KTMT kontingentinin 10 gün müddətində ölkəsini tərk edəcəyini bildirdi.

Fərz etmək olar ki, Cenevrədəki danışıqlarda Qərb və Rusiya Qazaxıstan barədə razılaşma əldə edib və tərəflər bir-birinə hansısa cəbhədəki proseslər başladacağı təqdirdə, buna göz yumacağına dair vəd veriblər.

Bu, nə ola bilər? KTMT-nin iclasında Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti hədəfin Özbəkistan ola biləcəyinə dair anons verdi.

İkinci versiya: Rusiya Donetsk və Luqanskın “müstəqilliyini” tanıyacaq (bu barədə informasiyalar yayılıb) və ABŞ buna sadəcə siyasi etiraz edəcək, başqa praktiki addım atmayacaq.

Ukrayna Rusiya üçün NATO-ya qarşı uzanan coğrafiyada bufer zonadır, NATO üçünsə Rusiya sərhədlərinə istiqamət alan cəbhədə əsas məkandır.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir