“İRS” jurnalı İsraildə: Vətən müharibəsində böyük zəfər diqqət mərkəzində – FOTO

Siyasət

Azərbaycan mədəniyyətinin, incəsənətinin xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalının İsraildə ivrit dilində Azərbaycanın İkinci Garabağ müharibəsində böyük zəfərinə həsr olunmuş növbəti nömrəsi nəşr edilib.

İRS – מורשת  jurnalın yeni sayında dağ yəhudilərinə, onların mədəniyyətinə və Azərbaycanın multikultural palitrasındakı yerinə həsr olunmuş material oxucuların diqqətini cəlb edəcək. Tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun müəllif olduğu məqalədə Qubanın Qırmızı Qəsəbəsində yaşayan dağ yəhudilərinin tarixi ilə bağlı maraqlı faktlar açıqlanır, nadir şəkillər oxuculara təqdim edilir.

Jurnalın baş redaktoru Musa Mərcanlı ön sözündə İsrail Azərbaycan münasibətlərinin inkişafından, İkinci Qarabağ müharibəsində bu dost dövlətin ölkəmizə göstərdiyi hər cür dəstəkdən söhbət açır. Müəllif müharibəyə səbəb olan amilləri qısaca qeyd edərək göstərir ki, Ermənistan tərəfdən Azərbaycan torpaqlarının işğalı əbədi davam edə bilməzdi. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində otuz illik işğala son qoydu. Ermənistan o faktla razılaşa bilmir ki, Azərbaycan regional və strateji mərkəz, İsrailin Cənubi Qafqazda mühüm strateji tərəfdaşıdır və bu tərəfdaşlıqdan keçmiş sovet blokunun heç bir digər ölkəsinin malik olmadığı hərtərəfli üstünlük əldə edir.

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun “Qarabağın azad olunması ilə bütövləşən Azərbaycan mədəniyyəti” başlıqlı məqaləsində Qarabağın keçmişindən, buradakı qədim alban xristian mədəniyyətinə aid abidələrdən bəhs etdikdən sonra diyarın yeni tarixindən söz açır.

İkinci Qarabağ müharibəsi ilə bağlı məqalədə “Müharibə və sülh” adlı məqaləsində 44 günlük müharibənin detallı analizini aparır, Azərbaycanın haqlı mövqeyi və uğurlu Vətən müharibəsinin arxasında duran milli birlik haqqında danışır.

Jurnalın İsrail üzrə məsul redaktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Arye Qutun verdiyi məlumata görə “İRS” jurnalının ivrit dilindəki bu nömrənin İsraildə geniş təqdim və təbliğatı olacaqdır. Çünki bu ölkədə çoxsaylı azərbaycansevər insanlar və ələlxüsus da böyük diasporumuz var. Onların Azərbaycan tarixi, mədəniyyəti, turizm potensialı, Qarabağ həqiqətləri və sair haqqında müfəssəl məlumatı məhz bu jurnaldan əldə edə bilərlər.

“İsraildə Azərbaycan Evinin” icraçı direktoru Arye Qut qeyd edir ki, İkinci Qarabağ müharibəsində Ermənistan tam geosiyasi və hərbi fiaskoya uğrayıb. “Şöhrət qazanmış erməni ordusu”nun imici 44 gün ərzində darmadağın edildi, bu işğalçı ordu tamamilə parçalandı.

“Mən və mənim dostum Musa Mərcanlıyla işğaldan azad edilmiş ərazilərdə bir neçə dəfə olmuşuq. İlk andan bizdə belə bir hiss var idi ki, işğalçı erməni ordusu azad edilmiş bu ərazilərdə yandırılmış torpaq taktikasını həyata keçirib. Praktiki olaraq, işğaldan azad edilən bütün ərazilərdə nə bir ev, nə bir uşaq bağçası və ya məktəb, nə də bir kitabxana və muzey yox idi. Bütün bu 27 il ərzində işğalçı erməni ordusu talançılıq və vandalizmlə məşğul olaraq Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan kimi gözəl şəhərləri yer üzündən silib.

Əzəli torpaqlarından qovulan bir milyon azərbaycanlı qaçqının və məcburi köçkünün, erməni faşizminin və vandalizminin bütün dəhşətlərini yaşayan, sadə və talesiz insanların mövcudluğu erməni vandallarının bəşəriyyətə qarşı törətdikləri cinayətlərin canlı sübutudur.

Bu gün vaxtilə küçələrin və evlərin, məktəblərin və muzeylərin olduğu yerdə mən indi yalnız işğalçı erməni ordusunun yandırdığı qapı dirəklərini və sütunlarını, sökülmüş pəncərə çərçivələrini gördüm. Bütün xarabalıqlarda ağaclar bitib. “Əgər ermənilər bu torpaqları özününkü adlandırırlarsa, o halda niyə bu ərazilər kabus-şəhər kimi görünür, niyə onlar bu şəhərləri nəhəng sayda mina ilə və tank üçün tunellərlə qoyub gediblər, görəsən ermənilərdə Vətən belə kabus görünürmü?”, – deyə Arye Qut belə bir ritorik sualla müraciət edir.

Jurnalın yeni sayında oxucular İkinci Garabağ müharibəsinin uğurları ilə bərabər Azərbaycanın mədəniyyətinə, incəsənətinə, görməli yerlərinə aid digər məqalələrlə də tanış ola bilərlər. Onu da qeyd edək ki, Azərbaycanın turizm potensialı ilə bağlı İsraildə fəaliyyət göstərən Azərbaycan Turizm Agentliyinin nümayəndəliyinin dəstəyi ilə “İRS” jurnalında ivrit dilində böyük bir məqalə də dərc olunub.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir