
Bakı. Trend:
ABŞ-nin dövlət başçısı Donald Trampın vasitəçiliyi ilə
Vaşinqtonda aparılan danışıqlardan və sənədlərin imzalanmasından
sonra erməni siyasəti üçün nadir rast gəlinən ümid fasiləsi
yarandı.
Ağ Evdəki prosesin nəticəsi- liderlərin birgə bəyanatı və
“Sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında
Saziş”in paraflanmış mətni (sonradan bu sənəd Ermənistan Xarici
İşlər Nazirliyinin və baş nazirin saytlarında dərc olundu, Paşinyan
isə onu Facebook paylaşımında belə təqdim etdi: “Bu, möhkəm təməl…
razılaşmaların balanslı nəticəsi”).
Avqustun 11-də tərəflər sənədin tam mətnini açıqladılar. Əsas
bəndlər bunlardır: suverenlik və sərhədlərin qarşılıqlı tanınması;
indi və gələcəkdə ərazi iddialarından imtina; gücdən istifadə
etməmək; müqaviləni icra etməmək üçün daxili qanunlara istinadın
yolverilməzliyi; sərhəd boyunca üçüncü ölkə qüvvələrinin
yerləşdirilməsinə qadağa; razılaşdırılmış qaydalar əsasında
delimitasiya və demarkasiya üzrə birgə hökumətlərarası
komissiyaların işə başlaması.
Bu artıq “niyyət bəyanatı” deyil, 17 maddədən ibarət hüquqi
cəhətdən işlənmiş çərçivədir.
Vaşinqton səhnəsinin strateji qatı da var idi. Görüşdə ABŞ-nin
Ermənistanın cənubundan keçəcək gələcək multimodal tranzit dəhlizi
üzərində funksional patronajı rəsmiləşdi. İctimai müzakirələrdə bu
marşrut artıq TRIPP (Trump Route for International Peace and
Prosperity) adlandırılır: magistral Azərbaycanın əsas hissəsini
Naxçıvanla birləşdirəcək, amma Ermənistan yurisdiksiyası qorunacaq.
Bu “xarici hərbi dəhliz” deyil, hüquqi təminatlarla
möhkəmləndirilmiş iqtisadi layihədir. ABŞ infrastrukturun
inkişafında eksklüziv hüquqlar əldə edib, liderlər isə Minsk
prosesinin mənasını itirdiyini əsas gətirərək ATƏT-ə müraciətlə
onun bağlanmasını təsdiqləyiblər.
Ermənistanda müxalif dalğa həm gözlənilən, həm də ritual
xarakterli idi. Sabiq prezident Serj Sarqsyanın Respublikaçılar
Partiyası və müttəfiq bloklar “yeni mövcudiyyət təhdidlərindən”,
“kapitulyasiyadan” və “artsaxlıların hüquqlarının bərpasına
maneələrdən” danışmağa başladılar. Təbii ki, illərlə münaqişənin
status-kvosunu leqitimləşdirmək üçün istifadə etdikləri eyni
ritorika ilə. Amma ritorika faktı dəyişmir: 2023-cü il hüquqi və
faktiki olaraq “status” mövzusunu bağladı – Azərbaycan Qarabağ və
işğal altında olmuş digər ərazilər üzərində tam suverenliyini bərpa
etdi, əksər erməni əhalisi isə könüllü olaraq Ermənistana köçdü;
indi isə tərəflər qarşılıqlı iddialardan və revanş layihələrindən
imtinanı təsdiqləyirlər.
Hakimiyyətin cavabı Ermənistanda açıq şəkildə anti-konspirativ
idi. Mətnin dərc olunması və Paşinyanın “balanslı maraqlar” barədə
sözləri – eyham oyunu deyil, sənədi oxumağa, söz-söhbətlərə yox,
fakta istinad etməyə dəvətdir.
Ermənistan parlamentinin spikeri Alen Simonyan avqustun 12-də,
Beynəlxalq Gənclər Günüündə ölkə gənclərinə xüsusi müraciət etdi:
“Saziş böyük imkanlar və geniş qapılar açır… Sizin nəsliniz möhkəm
sülhün ən böyük qurucusu və qoruyucusu olacaq”. Daxili müzakirə
normaldır, amma onu apokaliptik klişelərlə əvəzləmək cəhdinə qarşı
məhz birbaşa söz və birbaşa mətn sözü mövzunun özünə qaytarır.
Regionun təhlükəsizlik arxitekturası da dəyişib.
Birincisi, sərhəddə üçüncü qüvvələrin qadağan edilməsi və Minsk
rituallarının bağlanması Bakı–İrəvan xəttini “əbədi vasitəçilik”
modelindən birbaşa ikitərəfli müstəviyə keçirir, burada məsuliyyət
yayılmır.
İkincisi, Ermənistanın “ev tapşırığı” – Azərbaycana qarşı ərazi
iddiası olan müddəaları aradan qaldıracaq Konstitusiya
düzəlişləridir; Paşinyan artıq referendum elan edib, amma tarix
qoymayıb. Üçüncüsü, iqtisadi motivasiya yaranır: Ermənistanın
cənubundan keçəcək magistral və onun Bakı–Tbilisi–Qars və Xəzər
dəhlizləri ilə birləşməsi ölkəyə abstrakt “sülh dividendi” deyil,
real gəlir və məşğulluq gətirir.
Azərbaycan iqtisadiyyatı sülhün bəhrəsini illərlə gözləmədən,
qısa zamanda əldə edə biləcək gücə malikdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin
yanvar–iyun aylarında ÜDM illik müqayisədə 1,5% artıb,
qeyri-neft-qaz sektoru isə 3,9% yüksəlib (neft-qaz seqmentindəki
azalma ümumi artımı ləngidib).
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və BVF 2025-ci il
üzrə perspektivi məhz qeyri-neft bazası və investisiyalar hesabına
davamlı qiymətləndirir, inflyasiya isə idarəolunan səviyyədədir.
Tranzitdə artıq müsbət dinamika görünür: BTQ 2025-ci ilin “sınaq”
mərhələsində yeddi ayda təxminən 250 min ton yük daşıyıb və ilin
sonunadək 0,5 milyon ton göstəriciyə çatmaq yolundadır – hələ
Ermənistanın cənubundan keçəcək gələcək arteriya ilə tam
sinxronlaşmanın effekti nəzərə alınmadan. Enerji sektoru mənzərəni
möhkəmləndirir: BP və tərəfdaşlar “Şahdəniz” layihəsinin
potensialının genişləndirilməsi üçün 2,9 milyard dollar məbləğində
vəsaiti təsdiqləyiblər (2028–2030 üfüqündə əlavə 50 milyard kubmetr
qaz hasilatı), bu isə 2027-ci ilədək Aİ-yə ixracın ikiqat
artırılması üçün həlledicidir.
Ermənistan üçün də iqtisadi məntiq aydındır, nə qədər ki,
“xəyanət” şüarları ilə boğulmağa çalışılır. Aİ-nin Xarici Fəaliyyət
Xidməti və Qərb tərəfdaşları Vaşinqton paketini “normallaşmada
əhəmiyyətli irəliləyiş” adlandırır, Simonyan isə söhbəti mifologiya
meydanından imkanlar – iqtisadiyyat, təhsil, təhlükəsizlik –
meydanına keçirir. Bunun siyasi alternativi yalnız “mövcudiyyət
təhdidi” qorxusu altında sonsuz səfərbərlikdir ki, bu da nə
investisiya gətirir, nə də iş yerləri.
İndi isə problem yarada biləcək məqamlara nəzər salaq.
Birincisi, Ermənistanda konstitusiya düyünü: düzəlişlər olmadan
ratifikasiya hüquqi kolliziya ilə üzləşəcək, referendumun
uzadılması isə radikalların xeyrinə işləyəcək.
İkincisi, sərhəddə təhlükəsizlik üzrə texniki bağ: sülh sazişi
artıq başlanan delimitasiya/demarkasiya prosesinin davamını tələb
edir. 2024-cü ildə tərəflər Tavuş–Qazax sahəsində təxminən 12–13
km-lik hissəni nişanlayıb, onlarla sərhəd nişanı quraşdırıb və
qoşunları sərhəd xidməti mühafizəsinə çəkiblər; bu “pilot” təcrübə
bütün xətt üzrə norma çevrilməlidir.
Üçüncüsü, kommunikasiya və tranzit: TRIPP layihəsi bütün
tərəflər üçün hüquqi və əməliyyat şəffaflığına malik olmalı –
rejimlər, sığortalar və arbitrajlar dəqiq müəyyənləşdirilməlidir
ki, qonşular onu hərbi deyil, kommersiya layihəsi kimi
görsünlər.
Ermənistanda revanşist ritorika adi fon olsa da, indi onun
institusional nəfəsliyi azalıb: sənəd dərc olunub, ATƏT-MQ
çərçivələri bağlanır, hətta tənqidçilər də etiraf edirlər ki,
gələcək həyat iqtisadiyyat və hüquq üzərində qurulacaq, “ərazi
fantomları” üzərində yox. Bu mənada Paşinyanın jesti – “budur mətn,
oxuyun” – qışqırıqdan fərqli olaraq asimmetrikdir və müharibə ilə
deyil, həyatla yaşamaq istəyənlər üçün faydalıdır.
Elə bir mərhələyə gəlib çatmışıq ki, illərin haqlılığını sübut
etmək yox, gələcək onilliklərin sülhünü kapitala çevirmək
sərfəlidir – hüquq, infrastruktur və bazar vasitəsilə. Vaşinqton
paketi məhz bunu təklif edir: münaqişə ilə hüquqi boşanmanın
tamamlanması və yeni marşrut iqtisadiyyatının işə salınması. Əbədi
səfərbərlikdən başqa planı olan varsa, onu rəqəmlərlə yazılmış mətn
kimi gətirsin. Sülhün artıq belə rəqəmləri var.
Bəs Paşinyanın planını – erməni “milli şüuru”nu yenidən
formatlaşdırılmasını – sona çatdırmağa gücü çatacaqmı? Axı onun
qarşısında təkcə müxalifətin “vurulmuş pilotları” deyil, əsrlər
boyu ən arxaik və sınmaz dogmaların qoruyucusu olmuş daha güclü
institut – kilsə dayanır. Bu, sadəcə Konstitusiyaya düzəliş uğrunda
deyil, Ermənistanın ruhu uğrunda döyüşdür.
Paşinyan, görünür, yeganə düzgün karta oynayır. Onun “real
Ermənistan” konsepsiyası düşmənlərinin qışqırdığı kimi
kapitulyasiya deyil. Bu, güzgüyə ayıq baxıb orada dənizdən dənizə
xəyali imperiyanın konturlarını yox, müasir, kompakt, amma yaşamağa
qadir dövlətin sərhədlərini görmək cəhdidir.
Gənclərə müraciət edərək onları keçmişin əsarətindən, bu sonsuz
inciklik və məğlubiyyət karuselinə qapanmaqdan xilas olmağa
çağırır. Vaşinqton bəyannaməsi təkcə xarici siyasət aktı olmadı –
o, bu ideologiyanı ölkə daxilində de-fakto təsdiqlədi.
İdeologiyanın isə sadə və aydın təsbiti var: Qarabağ –
Azərbaycandır.
Artıq bütün növbəti addımlar hesablanıb. 2026-cı ildə parlament
seçkilərindən sonra keçirilməsi nəzərdə tutulan konstitusiya
referendumu həqiqət anı olacaq. O, qonşulara qarşı bütün ərazi
iddialarını, əbədi müharibə üçün hüquqi bazanı ölkənin əsas
qanunundan çıxarmalıdır.
O zaman müxalifətin indiki cəhdləri, onların zəhər saçan
bəyanatları, sadəcə, keçmiş bir dövrün canvermə qıcolmaları kimi
qalacaq. Paşinyan, görünür, işi sona çatdırmaqda qətidir. Deməli,
Bakı ilə İrəvan arasında sülh sazişi artıq “əgər” deyil, sadəcə “nə
vaxt” məsələsidir. Və bu “nə vaxt” labüd şəkildə yaxınlaşır.
Paşinyan, həqiqətən, ölkənin yeni tarixində ən radikal ideoloji
reviziyanı aparmağa çalışır. Onun “real Ermənistan” doktrinası iki
dayağa əsaslanır: beynəlxalq aləmdə tanınmış sərhədlərdəki Vətəni
qəbul etmək və revanşizmə, əbədi səfərbərliyə sürükləyən keçmiş
kultlarından imtina etmək.
Bu, rəvayətlərdə yox, baş nazirin rəsmi çıxışlarında təsbit
olunub – xüsusilə 19 fevral 2025-ci ildəki proqram xarakterli
nitqində açıq şəkildə bildirilib ki, “dövlətin özü Vətəndir,
vətənpərvərlik isə məhz bu dövlətin hüquqlarını və öhdəliklərini
möhkəmləndirməkdir”.
Hüquqi “mina” – qüvvədə olan Konstitusiyanın preambulasıdır:
oradakı 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad “Qarabağla
birləşmə” aktlarının zəncirini çəkir. Bakı bunu məntiqli şəkildə
Azərbaycanın ərazisinə de-yure iddianın qorunması kimi şərh edir.
Bu, publisistlərin mövqeyi deyil – məsələni məhz belə izah edən
profil erməni KİV-ləri və analitiklər vurğulayırlar ki, söhbət məhz
preambuladan gedir, əsas mətndən yox.
2025-ci ilin fevralından Paşinyan açıq şəkildə 1990-cı il
Bəyannaməsinə istinadın çıxarılacağı yeni Konstitusiya üzrə
referenduma çağırır. O, “xarici diktat”ı rədd etsə də, sənədin
indiki prioritetlərə cavab verməli olduğunu deyib.
Formul isə sadədir: hüququ mifologiyadan çıxarmaq və siyasəti
beynəlxalq hüquq və real suverenlik müstəvisinə keçirmək. Vaxt isə
qeyri-müəyyəndir: 2025-ci ildəki bəyanatlarda dəqiq tarixsiz
referendumdan danışılıb; bəzi rəsmi və analitik mənbələr mətnin
hazırlanmasını 2026-cı il parlament seçkilərinə bağlayıb, baş
nazirin bir müsahibəsində isə 2027-ci il mümkün tarix kimi
səslənib. Amma hətta 2025-ci ilin avqustunda İrəvan etiraf edirdi:
tarix yoxdur, amma referendum qaçılmazdır. Azərbaycan üçün isə bu –
başlıca “səmimiyyət testi”dir.
Siyasi kontekst belədir: Ermənistan artıq 2022–2023-cü illərdə
Aİ platformalarında Azərbaycanın 86 600 kv.km-lik sərhədlər
çərçivəsində ərazi bütövlüyünü tanıdığını rəsmən təsbit edib. İndi
Paşinyan həmin bazisi “daxilə” – Konstitusiya arxitekturasına
gətirməyə çalışır. Başqa sözlə, tanımanı diplomatiyadan əsas hüquqa
daşımaq istəyir.
2025-ci ildə xarici “zərbə çərçivəsi” real, kağız üzərində
deyil: 8 avqust Vaşinqton. ABŞ vasitəçiliyi ilə Azərbaycan və
Ermənistan liderlərinin birgə bəyannaməsi yol xəritəsini
müəyyənləşdirdi: suverenliyə qarşılıqlı hörmət, ərazi iddialarından
imtina, sonrakı texniki sazişlər. Mətnin dərc olunması və
memorandumların “paketlənməsi” rəsmi və aparıcı agentliklər
tərəfindən təsdiqlənib. Bu – diplomatik faktdır, şərhçi
metafizikası deyil.
ABŞ paketindəki əsas yenilik – iqtisadi-nəqliyyat ölçüsüdür:
Ermənistanın cənubundan keçərək Naxçıvana uzanacaq tranzit dəhlizi
layihəsi, idarəetmənin ABŞ yurisdiksiyası altında olması və
qarşılıqlı maraqlar prinsipinə vurğu. Bu fakt Reuters, AP, PBS və
ixtisaslaşmış analitik platformaların silsilə materiallarında
təsdiqlənib. Bakı üçün bu, uzun illərin kommunikasiya blokadasını
aradan qaldırmaq və Orta Dəhlizə inteqrasiya vasitəsidir;
Ermənistan üçün isə suveren tənzimləmə səlahiyyətlərini qorumaqla
geoiqtisadi təcriddən çıxış imkanını ifadə edir. Amma layihənin
əleyhdarları da var – ilk növbədə İran, sərhədi yaxınlığında
istənilən “geopolitik dəyişiklikləri” qəbul etmədiyini açıq bəyan
edib.
İndi isə “ruh uğrunda mübarizə”yə gələk. Paşinyana qarşı bu gün
ən güclü institusional müxalifət, əslində, Ermənistan Apostol
Kilsəsindən və onun ətrafında formalaşmış etiraz hərəkatından
qaynaqlanır. Bu hərəkatın önündə arxiyepiskop Bağrat Qalstanyan və
Mikael Acapyan dayanır. 2025-ci il iyunun 25–27-də Eçmiədzin və
digər yerlərdə yüksək rütbəli ruhanilərin saxlanılması, axtarışlar
və həbs cəhdləri ilə müşayiət olunan güc tətbiqi epizodları
yaşandı. Bunlar “Telegram” söz-söhbətləri deyil, Reuters və AP-nin
rəsmi xronikasıdır. Dövlətlə kilsə arasındakı qarşıdurma sistemli
xarakter alıb və birbaşa olaraq Azərbaycanla sülh gündəminə,
həmçinin konstitusiya islahatlarına bağlanıb.
Sosiologiya göstərir ki, cəmiyyət parçalanıb və yorulub. IRI-nin
2025-ci ilin iyulunda keçirdiyi sorğuya görə, Ermənistanda
respondentlərin 61%-i heç bir siyasətçiyə etibar etmir; Paşinyana
etibar edənlərin payı isə təxminən 13%-dir (ötən illə müqayisədə
azalma). Bu, baş nazirin daha çox “səssiz əksəriyyət” pragmatizminə
və apatiyasına güvənə biləcəyini, amma kütləvi entuziazma yox, ümid
bağladığını göstərir. Referendum kampaniyası baxımından bu, yüksək
dəyişkənlik və rəqiblərin emosional səfərbərlik riskidir.
Ancaq normallaşma xeyrinə fakt artıq baş verib və bu, xüsusilə
Azərbaycan auditoriyası üçün önəmlidir: 2024-cü ilin mayında
Ermənistanın Qazax istiqamətində dörd kəndi qaytarması və həmin
ilin yazında ilk sərhəd nişanlarını quraşdırması. Bu, göstərdi ki,
küçə təzyiqi şəraitində belə İrəvan delimitasiya parametrlərini
icra edə bilir. Sülh proseslərində adətən çatışmayan məhz bu cür
“kiçik addımlar”dır.
İqtisadi məntiq də Ermənistanı bu “yenidən yükləmə”ni başa
çatdırmağa sövq edir. Yeni təkan məhz kommunikasiyaların açılması,
logistika və investisiya ola bilər. Orta Dəhlizin 2021–2024-cü
illərdə tranzit həcmləri dəfələrlə artıb; Ermənistanın qoşulması
siyasəti real pula və iş yerlərinə çevirə bilər. Bakı üçün isə
dəhliz və sərhədin açılması tranzitin diversifikasiyası,
neft-qazkimya və qeyri-xammal ixracının sürətləndirilməsi
vasitəsidir.
Xarici “qüvvə həndəsəsi” isə sülhün əleyhdarlarının xeyrinə
dəyişmir: İrəvan ardıcıl şəkildə KTMT-dən uzaqlaşır (2024-cü ilin
fevralından iştirakın dondurulması, 2025-ci ildə çıxma ehtimalı
barədə açıqlamalar), ABŞ və Aİ ilə əməkdaşlığı dərinləşdirir (14
yanvar 2025-ci ildə Ermənistan–ABŞ Strateji Xartiyası imzalanıb).
Bu, ənənəvi “spoylerlər” üçün meydanı daraldır və Vaşinqton
razılaşmalarına hüquqi çərçivə qazandırır.
Paşinyanın “şüurun yenidən formatlaşdırılması”nı sona
çatdırmasına mane olan üç əsas amil var.
Birincisi – kilsə və “ənənəvi cəbhə”. Onlar simvolik səfərbərlik və
küçə resursuna sahibdir. Yay aylarında baş verən həbslər narazılıq
hissini gücləndirdi və bu, “imanın, tarixin və Konstitusiyanın
müdafiəsi” şüarı ilə anti-referendum kampaniyasına çevrilə
bilər.
İkincisi – xarici etirazlar. İran artıq indidən sərhədinin
yaxınlığında status-kvonu pozan “dəhlizlərə” icazə verməyəcəyini
bəyan edir. Ermənistanın cənubu ətrafında istənilən eskalasiya
İrəvanda daxili siyasi islahatların qarşısını almaq üçün bəhanəyə
çevrilə bilər.
Üçüncüsü – “vaxt tələsi”. Referendum təyin olunmadıqca,
rəqiblərin prosesi pozmaq üçün əlavə ili qalır. 2025-ci ilin avqust
gündəmində hətta Vaşinqton bəyannaməsinin tərəfdarları da etiraf
edirlər ki, yekun sülh sazişinə qədər qalan yeganə “hüquqi düyün”
Ermənistan Konstitusiyasıdır. Onu nə qədər gec açsalar, bir o qədər
“rikoset” riski artır (2026-cı ildən əvvəl kabinet dəyişikliyi və
ya səsvermənin 2027-ci ilə keçirilməsi).
İndi əsas sual – “alınacaq, ya yox?” Azərbaycan baxımından “geri
dönüş nöqtəsi” artıq keçilib:
a) sərhədlərin beynəlxalq tanınması mövcuddur və dəfələrlə
təsdiqlənib;
b) sülh gündəminin baza parametrləri (delimitasiya,
kommunikasiyaların açılması) ritorikadan əmələ keçib;
c) Vaşinqton bəyannaməsi prosesə 2021–2023-cü illərdə olmayan
impuls verib. “Qarabağ – Azərbaycandır!” artıq şüar deyil,
2022–2023-cü illərdə İrəvan tərəfindən 86 600 kv.km çərçivəsində
tanınmış hüquqi və diplomatik reallıqdır və indi bu, Ermənistan
Konstitusiyasının preambulasından çıxarılmalıdır.
Ancaq “şüurun yenidən formatlaşdırılması” həmişə daxili
prosesdir. Paşinyanın uğur ehtimalı dörd şərtin birlikdə yerinə
yetirilməsi ilə yüksək olacaq:
1) referendum tarixinin dəqiq müəyyənləşdirilməsi və onun
2026-cı il parlament seçkilərindən əvvəl keçirilməsi;
2) məğlubiyyət travması yaşamış qaçqın və qruplar üçün sosial
təminat paketi;
3) ratifikasiyadan dərhal sonra logistika və energetikaya
investisiyalar üzrə Vaşinqton və Brüssel ilə razılaşdırılmış yol
xəritəsi;
4) tranzit üzrə “qarşılıqlılıq paketi”nin qorunması (suverenlik
və keçid rejiminin sərhədlərinin müəyyən edilməsi) ki, ölkənin
cənubuna nəzarətin itirilməsi ilə bağlı qorxular aradan qalxsın.
Avqust sənədlərində və rəsmi izahətlərdə bu elementlər açıq şəkildə
mövcuddur.
Əgər referendum təyin edilər və 2026-cı il ssenarilərinə uyğun
keçirilərsə, Bakı ilə İrəvan arasında sülh sazişi texniki məsələ
olacaq – çünki hüquqi baryer aradan qalxmış, beynəlxalq çərçivə
formalaşmışdır. Əks halda, səsvermə uzadılar və ya kilsə-müxalifət
səfərbərliyi ilə pozularsa, Ermənistan “boz zona”da ilişib qalacaq
– xarici siyasət tanınmış sərhədləri tələb edəcək, daxili siyasət
isə keçmişə sürüklənəcək. Elə buna görə də avqust Vaşinqton
bəyannaməsi “şəkil” deyil, rıçaqdır: o, geri dönüşün qiymətini
artırır və kursu sona çatdırmağın mükafatını yüksəldir –
normallaşma, investisiya və Cənubi Qafqazda proqnozlaşdırılan
qaydalar.
Azərbaycan üçün qalan iki praktiki məsələ var.
Mərhələli delimitasiya və infrastruktur inteqrasiyasını davam
etdirmək: 2024-cü ildə tərəflərin çətin qərarları icra etmək
qabiliyyəti istənilən bəyannamədən daha yaxşı işlədiyini göstərdi.
Və Ermənistan hüququnda faktların tanınmasını tarixləşdirmək
məsələsi. Ermənistan Konstitusiyasında reambula çıxarıldıqdan sonra
“kollektiv travma” barədə istənilən spekulyasiya hüquqi arqument
statusunu itirəcək.
O zaman sülh sazişinin “nə vaxt”ı həqiqətən də labüd olacaq.