Prezident: “Bütün inşaat işləri şəffaf, tender əsasında aparılmalıdır”

Siyasət

“2021-ci ildə azad edilmiş torpaqlarda dəfələrlə olmuşam və bu il artıq bu infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələri də icra ediləcək. Biz indi məktəblərin, xəstəxanaların təməlini qoyduq. Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibə zamanı deyib.

“Biz istəyirik ki, hər şey əsaslı olsun. Həm tez edək, eyni zamanda, tələskənliyə yol verməyək. Çünki hər şey əsaslı olmalıdır və ora qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir. Çünki bu insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar. Düzdür, onların bir çoxu dövlət tərəfindən ayrılmış gözəl mənzillərdə yaşayırdı, ancaq onlar həmişə Vətən həsrəti ilə, öz torpaqlarının həsrəti ilə yaşamışlar. Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar. Ona görə həm vaxt itirməməliyik, həm də tələsməməliyik. Hər şey əsaslı olmalıdır, bütün inşaat işləri şəffaf, tender əsasında aparılmalıdır. Xüsusi göstəriş verilib, maksimum şəffaflıq təmin edilməlidir. Əgər hər hansı bir xoşagəlməz halla üzləşsək, cəzamız çox sərt olacaq, bunu hər kəs bilməlidir və bilir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir