İlham Əliyev Fransa prezidentliyinə namizədin Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində danışıb.
Dövlət başçısı bildirib ki, bu bəyanatların səbəbi də aydındır, növbəti prezident seçkilərində erməni təşkilatlarının səsini qazanmaqdır: “Hesab edirəm ki, bu bəyanatları verənlər də bunu başa düşürlər ki, bu, heç nəyi dəyişməyəcək. Prezidentliyə namizəd xanım Pekresin Azərbaycan ərazisinə bu təxribat xarakterli səfəri, ilk növbədə, Prezident Makrona qarşı edilən səfər idi. Mən, sadəcə olaraq, təəccüb edirəm ki, Prezident Makron müharibə zamanı Ermənistana dəstək verən ən qabaqcıl siyasətçi idi və hətta məsələ o yerə çatmışdı ki, Fransa-Azərbaycan əlaqələri də artıq sual altına düşmüşdü. Buna baxmayaraq, bütün müharibə dövründə o, birmənalı şəkildə Ermənistan tərəfini tuturdu. Mən təəccüb edirəm ki, Paşinyan tərəfindən indi nə dərəcədə nankorluq göstərilir, ona əsas rəqib olan xanım Pekres Qarabağa göndərilir və beləliklə, erməni səslərinin qazanılmasında onun daha böyük imkanları yaranır. Yəni məni təəccübləndirən budur. İkincisi, bir daha demək istəyirəm ki, bu, heç nəyi dəyişməyəcək”.
“Prinsipcə siz də, yəqin Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, müharibə dövründə və müharibədən sonra bu üç ölkə necə davranış sərgiləyirdi. Rusiya siyasi nöqteyi-nəzərdən tam neytral mövqe nümayiş etdirirdi. Amerikadakı Tramp administrasiyası ümumiyyətlə, bu məsələ ilə məşğul olmaq fikrində deyildi. Müharibə Tramp administrasiyasının məhz son aylarına təsadüf etdiyi üçün biz Amerika tərəfinin hər hansı bir mövqeyini görmədik. Avropa İttifaqı rəhbərlik səviyyəsində həm Ermənistan, həm Azərbaycan rəhbərliyi ilə telefon təmaslarında olmuşdur. Fransa isə birmənalı Ermənistan mövqeyini müdafiə edirdi. Azərbaycana qarşı əsassız ittihamlar ifadə edirdi və əlbəttə ki, hər iki parlamentin palatasının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanıması Fransa-Azərbaycan əlaqələrinə çox böyük zərbədir. Müharibədən sonra isə müəyyən müddət bu siyasət davam edirdi. Ancaq sizin sualınıza qayıtdıqda deyə bilərəm ki, Fransa da müharibənin nəticələrini qəbul edib və Prezident Makronun təşəbbüsü ilə keçən ay Brüsseldə üçtərəfli görüş keçirilmişdir. Bu görüş, eyni zamanda, Fransa-Azərbaycan əlaqələri üçün önəmli idi. Çünki biz bir çox məsələləri Prezident Makronla aydınlaşdırdıq. Hesab edirəm ki, normal münasibətlər formatına qayıtmaq üçün imkanlar var. Bilirsiniz, siyasətdə mən həmişə onun tərəfdarı idim ki, emosiyalara qapılmayım və emosiyaları siyasətlə heç vaxt qarışdırmaq olmaz. Bizim müharibədəki davranışımız da bunu göstərirdi. Gəncə, Tərtər, digər şəhərlər bombalanandan sonra biz eyni cavabı vermədik. Halbuki, siz də başa düşürsünüz ki, mən hansı hissləri keçirirdim. Eyni zamanda, beynəlxalq müstəvidə, indi necə deyərlər, Fransa başa düşür ki, səhv addım atıb, heç nə əldə etməyib. Sadəcə olaraq, öz addımları ilə və müharibədən sonrakı addımlarla Azərbaycan ictimaiyyətinin inamını itirib. Nəticə etibarilə, bax, Ermənistan hakimiyyəti onlara belə nankorluq göstərib. Azərbaycan isə faktiki olaraq, öz yolu ilə davam edir. Ona görə münasibətlərin normallaşması istiqamətində Fransa tərəfindən atılan addımlar bizim tərəfimizdən müsbət qarşılanır”, – Prezident İlham Əliyev vurğulayıb.