
Bakı. Trend:
Prezident İlham Əliyev avqustun 8-də Vaşinqtonda Azərbaycanın
media nümayəndələrinə müsahibəsində səfərin yekunları, imzalanan
sənədlər və gələcək perspektivlərlə bağlı vacib məsələlərdən söz
açdı, mühüm mesajlar verdi.
Bunu Trend-ə
açıqlamasında politoloq Azər Qarayev deyib.
“Prezident İlham Əliyevin ABŞ-yə səfəri, orada imzalanan önəmli
sənədlər Azərbaycan-Amerika münasibətlərində mühüm dönüş nöqtəsi
kimi qiymətləndirilə bilər. Ermənistanla Birgə Bəyannamənin
imzalanması və sülh sazişinin paraflanmasından əlavə, səfərin ən
önəmli mesajı Azərbaycan və ABŞ arasında əməkdaşlıq və strateji
tərəfdaşlıq istiqamətində yeni səhifənin açılmasıdır.
Dövlətimizin başçısı bu səfərin, Donald Trampla görüşün
yekunlarını çox müsbət qiymətləndirdi. Görüşlərin səmimi və dostluq
şəraitində keçməsi tərəflər arasında etimadın möhkəmləndirilməsinə
xidmət edir. Eyni zamanda, dövlət başçısı müsahibəsində strateji
tərəfdaşlıq və regional sülh üçün mühüm məsələlərə toxundu, vacib
mesajlarlar verdi”, – o bildirib.
A.Qarayev qeyd edib ki, Strateji Tərəfdaşlıq Xartiyasının
hazırlanması və əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi
(energetika, nəqliyyat, tranzit, təhlükəsizlik, süni intellekt,
müdafiə sənayesi) ölkəyə geniş imkanlar açır.
“Bu sahələrdə investisiya və qarşılıqlı layihələr Azərbaycan
üçün prioritet olacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi,
əvvəlki administrasiya dövründə əlaqələrin dondurulması Azərbaycan
üçün vaxt itkisi yaratmışdı, indi isə bu imkanlar sürətlə
reallaşdırılmalıdır. Prezident İlham Əliyevin açıqlamalarından
aydın olur ki, ABŞ-yə səfər yalnız diplomatik görüşlərdən ibarət
olmayıb, həm də Azərbaycan-ABŞ münasibətlərində yeni bir mərhələnin
başlanğıcıdır. Xüsusilə Prezident Trampla ilk şəxsi görüşün səmimi,
mehriban və nəticəyönümlü keçməsi, gələcək əməkdaşlıq üçün etimad
mühitini gücləndirir. Dövlət başçısının vurğuladığı kimi, şəxsi
təmaslar rəsmi sənədlərlə yanaşı, tərəflər arasında qarşılıqlı
anlayış və dostluq əlaqələrinin inkişafına xidmət edir”, – o
bildirib.
Onun sözlərinə görə, tarixi əhəmiyyət daşıyan digər məqam “Azadlığa dəstək aktı”na edilən 907-ci düzəlişin
dayandırılmasıdır.
“Bu jest yalnız rəmzi xarakter daşımır, eyni zamanda,
Azərbaycan-Amerika münasibətlərində uzun illər davam edən ədalətsiz
vəziyyətin aradan qaldırıldığını simvolizə edir. Prezident İlham
Əliyevin xatırlatdığı kimi, 907-ci düzəliş 1992-ci ildən etibarən
Azərbaycanın inkişaf imkanlarını məhdudlaşdırmış, ölkəni
sanksiyalar altında saxlamışdı. Bu addım həm də Tramp
administrasiyasının Azərbaycan və regiona diqqətinin
göstəricisidir.
Eyni gündə Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün
Strateji İşçi Qrupunun yaradılması da region üçün önəmli siyasi
mesajdır. Energetika, nəqliyyat, təhlükəsizlik və digər strateji
sahələri əhatə edən bu əməkdaşlıq planı, Cənubi Qafqazda sabitlik
və inkişaf üçün yeni perspektivlər açır.
Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın xarici yardıma
ehtiyacı olmasa da, bu addımlar rəmzi və strateji önəm daşıyır, həm
ölkənin mövqeyini möhkəmləndirir, həm də regionda sülh və
firavanlığa töhfə verir. Beləliklə, səfər və imzalanan sənədlər
Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açıldığını, şəxsi
təmasların və strateji qərarların qarşılıqlı etimad və tərəfdaşlıq
mühitini möhkəmləndirdiyini göstərir. Bu, həm də konkret siyasi və
iqtisadi imkanların reallaşdırılması baxımından əhəmiyyətlidir”, –
o bildirib.
A.Qarayev qeyd edib ki, dövlətimizin başçısı müsahibəsində
Ermənistanla sülh razılaşmasına da xüsusi diqqət yetirib.
“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, İkinci Qarabağ
müharibəsindən sonra Azərbaycan regionda sülhün təmin edilməsində
təşəbbüskar rol oynayıb. Sülh müqaviləsi üzrə danışıqlar prosesi
sadə olmayıb, əsas maneələrdən biri Ermənistanın Qarabağla bağlı
şərtlərini müqaviləyə daxil etmək istəyi olub.
Bu, hüquqi və siyasi baxımdan əsassız tələb idi və Azərbaycan
tərəfi bunun dövlətlərarası sazişə aid olmadığını dəfələrlə izah
edib. Lakin Ermənistan yalnız 2023-cü ilin antiterror
əməliyyatından sonra reallıqlarla barışaraq fəal danışıqlara
başladı.
Bugünkü paraflama mərhələsi, Ağ Evdə Azərbaycan və Ermənistan
rəhbərlərinin iştirakı ilə həyata keçirilməsi, yalnız rəmzi bir
addım deyil, həm də bölgədə dayanıqlı sülh üçün konkret baza
yaradır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Ermənistanın
konstitusiyasında ərazi iddiasının aradan qalxması müqavilənin tam
imzalanması üçün əsas şərtdir. Bu sülh müqaviləsi, həm Azərbaycan,
həm Ermənistan, həm də bütün Cənubi Qafqaz üçün tarixi əhəmiyyət
kəsb edir”, – o bildirib.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyev həmçinin ABŞ
mediasında Azərbaycana qarşı yayılan saxta xəbərlərin uzun müddət
ölkəmizin nüfuzuna mənfi təsir göstərməsindən söz açıb.
“Dövlət başçısının vurğuladığı kimi, “Washington Post”, “New
York Times”, “Newsweek” və digər media qurumlarında yayılan
məlumatlar əsasən erməni lobbi qruplarının təsiri altında
hazırlanıb və Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən yanlış
qiymətləndirilməsinə səbəb olub. Bu yanaşma yalnız ölkəmizin
haqq-ədalət mübarizəsini çətinləşdirməyib, həm də regional
sabitliyi pozmağa yönəlmişdi.
Azərbaycanın multikultural və tolerant dövlət modeli, etnik və
dini müxtəlifliyi, bütün dini obyektlərin qorunması və sakinlərin
harmonik birgəyaşayışı, dövlət başçısının sözlərinə görə, yayılan
saxta məlumatların əsassız olduğunu açıq şəkildə göstərir. Xüsusilə
strateji əhəmiyyət kəsb edən məsələlərdən biri Azərbaycanın əsas
hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz quru
əlaqənin təmin olunmasıdır.
Paraflanan sənəd Azərbaycanın ərazi bütövlüyünü və sərhəd keçid
hüquqlarını rəsmi şəkildə təsdiq edir, eyni zamanda, Ermənistanın
öhdəliklərini rəsmiləşdirir. Bu addım illərlə gecikmiş, lakin
regionda sülhün və iqtisadi inteqrasiyanın gücləndirilməsi üçün
əsas şərtlərdən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
dəmir yollarının bərpası, dəhlizlərin şaxələndirilməsi Azərbaycanın
regional tranzit imkanlarını artıracaq, iqtisadi əlaqələri
gücləndirəcək və bütün qonşu ölkələr üçün fayda yaradacaq. Bu
təşəbbüslər göstərir ki, Azərbaycan yalnız diplomatik və siyasi
müstəvidə deyil, həm də iqtisadi və strateji sahələrdə regionun
inteqrasiyasını təmin etmək istiqamətində konkret addımlar atır”, –
o bildirib.
A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsinin
yekununda səfər çərçivəsində imzalanan mühüm sənədlərdən biri olan
“ExxonMobil” və SOCAR arasındakı memorandumdan da danışıb.
“ExxonMobil və SOCAR arasında memorandum yalnız iqtisadi sənəd
deyil, Azərbaycanın enerji və texnologiya sahəsində strateji
mövqeyini möhkəmləndirir. Bu əməkdaşlıq yeni karbohidrogen
ehtiyatlarının kəşfi potensialını artırmaqla yanaşı, ölkənin enerji
infrastrukturu və tranzit imkanlarını genişləndirir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan artıq
regional qaz tədarükündə mühüm rol oynayır və bu addım ölkəni həm
Avropa, həm də Yaxın Şərq bazarlarında daha aktiv iştirakçıya
çevirir. Eyni zamanda, ABŞ-la süni zəka və rəqəmsal transformasiya
sahəsində əməkdaşlıq iqtisadi və təhlükəsizlik baxımından
Azərbaycanın rəqabət üstünlüyünü artırır. Bu yanaşma yalnız enerji
layihələrini deyil, həm də modern texnologiyalar vasitəsilə
iqtisadi diversifikasiyanı və regional təsiri gücləndirir.
Beləliklə, memorandum həm praktiki, həm də strateji əhəmiyyət
daşıyır və Azərbaycanın regional liderliyini möhkəmləndirir”, –
politoloq əlavə edib.

