“Tramp Marşrutu” Azərbaycanın və Ermənistanın Rusiyanın Cənubi Qafqazdakı monopoliyasından imtinasını simvolizə edir – Chatham House

Siyasət

Bakı. Trend:

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” Ermənistan və
Azərbaycanın son 35 il ərzində bölüşdüyü vahid mövqeni – “Rusiyanın
onların arasındakı münaqişənin həllində monopoliyasına yol vermək
istəməməsini” özündə əks etdirir.

Trend xəbər verir ki, bu
barədə Britaniyanın nüfuzlu “Chatham House” analitik mərkəzinin
məqaləsində deyilir.

Mütəxəssislərin fikrincə, “Tramp Marşrutunun” (TRIPP) həyata
keçirilməsi, Cənubi Qafqaz məsələlərində bölgəxarici oyunçuların
iştirakından narazı olan Rusiya və İran üçün risklər yaradır.
Gözlənilir ki, Moskva TRIPP təşəbbüsünə davamlı şəkildə qarşı
çıxacaq — o cümlədən Azərbaycanın enerji infrastrukturuna təzyiq
göstərməklə, Ermənistanın Aİ çərçivəsində ticarətinə mane olmaqla,
eləcə də Rusiyadakı erməni və azərbaycanlı diasporalarına təsir
göstərməklə.

Məqalədə vurğulanır ki, təşəbbüsün uğur qazanmaq şansı daha
yüksək olacaq, əgər onu Türkiyə və Aİ dəstəkləsə: “TRIPP-in həyata
keçirilməsi, qarşıya çıxacaq qaçılmaz çətinliklər artdıqca, impulsu
qorumaq üçün həm region daxilində, həm də xaricində geniş
koalisiyanın davamlı dəstəyini tələb edəcək”.