Ermənistan silahlı qüvvələrinin Zəngilana hücumları nəticəsində məcburi köçkün düşmüş, yaralanmış, doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə veriblər

Siyasət

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət
işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 15-də
davam etdirilib.

Trend xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi
ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat
hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən
şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri
üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş
şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən
prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların
qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah
edib.

Zərərçəkmiş şəxs Lalə İsmayılova Ermənistan silahlı qüvvələrinin
hücumları nəticəsində Zəngilan rayonunun Yuxarı Yeməzli kəndindən
məcburi köçkün düşdüyünü bildirib. Dövlət ittihamçısı Vüsal
Abdullayevin suallarını cavablandıran L.İsmayılova polis əməkdaşı
olan qardaşı İsmayıl Barat oğlu İsmayılovun 1993-cü il oktyabrın
25-də digər 6 polislə birlikdə Cəbrayıl rayonunun Dərzili kəndində
Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini deyib.
Onların nəşləri indiyədək tapılmayıb.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran
zərərçəkmiş Bikəxanım Quliyeva ifadəsində bildirib ki, yaşadığı
Orta Yeməzli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edilən zaman dördotaqlı evi yandırılıb. B.Quliyeva
deyib ki, özündən əvvəl ifadə verən L.İsmayılovanın qardaşı ilə
birlikdə qətlə yetirilən polislərdən biri – İlham İmamqulu oğlu
Quliyev – onun qardaşıdır.

B.Quliyeva müdafiə tərəfinin suallarına cavabında kəndə hücum
zamanı atəşlərin Ermənistanın Qafan rayonu istiqamətindən
açıldığını bildirib.

İdris Mirzalıyev ifadəsində Zəngilan rayonundan məcburi köçkün
düşdüyünü bildirib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi
üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını
cavablandıran zərərçəkmiş şəxs deyib ki, Ermənistan silahlı
qüvvələrinin hücumlarının qarşısının alınmasında iştirak edib,
döyüşlər zamanı Zəngilanda və Tərtərdə yaralanıb.

Xavər Şükürova ifadəsində 1993-cü ilin oktyabr ayında Zəngilan
rayonunun Havalı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilməsi nəticəsində məcburi köçkün düşdüyünü deyib.

Məleykə Hüseynova Ermənistan silahlı qüvvələrinin hücumları
səbəbindən yaşadığı Zəngilan rayonunun Şərikan kəndini 1992-ci il
dekabrın 10-da tərk etdiklərini, kəndin işğal olunduğunu deyib.
Onlar Zəngilanın digər ərazisində məskunlaşıblar. 1993-cü ilin
oktyabrında rayon işğal edilərkən Araz çayından keçərək xilas
olublar. Qardaşı isə Ermənistan ordusuna qarşı döyüşlər zamanı
itkin düşüb.

Ülkər İsgəndərova ifadəsində 1993-cü il oktyabrın 29-da Zəngilan
rayonundan məcburi köçkün düşdüyünü bildirib.

Ramal Məmmədov ifadəsində 2020-ci ildə 44 günlük Vətən
müharibəsi zamanı Murovdağda Ermənistan silahlı qüvvələrinin açdığı
artilleriya atəşi nəticəsində yaralandığını deyib.

Tamilə Süleymanova ifadəsində 1993-cü il oktyabrın 30-da
Zəngilan rayonunun Vejnəli kəndinin Ermənistan silahlı qüvvələri
tərəfindən işğal olunması səbəbindən yaşadığı evi tərk etmək
məcburiyyətində qaldığını bildirib. O deyib ki, Araz çayından
keçərək xilas olublar.

Nazilə Hüseynova ifadəsində 1993-cü il avqustun 23-də Ermənistan
silahlı qüvvələrinin hücumu nəticəsində Füzuli rayonunun
Qaraxanbəyli kəndindən məcburi köçkün düşdüyünü deyib.

Vəfalı Qədirov ifadəsində hərbi xidmətdə olarkən, 2017-ci il
fevralın 2-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində
güllə yarası aldığını söyləyib. Həmin xəsarətlə bağlı səhhətində
indi də problemlər qalır.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay
Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Ələmdar Mədətov 7
nəfər ailə üzvü ilə birlikdə 1993-cü ildə yaşadığı Zəngilan
rayonundan məcburi köçkün düşdüyünü bildirib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran
Kəmalə Yusifova ifadəsində ailə üzvləri ilə birlikdə 1993-cü ildə
Zəngilan rayonunun Məmmədbəyli kəndindən məcburi köçkün düşdüyünü
deyib. Zəngilan rayonu işğaldan azad edildikdən sonra oğlu hərbi
xidmət zamanı Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış
minanın partlaması nəticəsində ağır yaralanıb, ayağı amputasiya
olub.

Ceyhun Quliyev ifadəsində 1993-cü ildə Zəngilandan məcburi
köçkün düşdüyünü deyib. O, təqsirləndirilən şəxs David Babayanın
suallarına cavabında deyib ki, Ermənistan silahlı qüvvələri digər
istiqamətlərdə yolu bağladıqlarına görə Araz çayından keçməklə
xilas olublar.

İbadət Süleymanov ifadəsində Ermənistan silahlı qüvvələrinin
hücumları səbəbindən 9 nəfərlik ailə üzvləri ilə birlikdə 1993-cü
il oktyabrın 30-da Zəngilan rayonundan məcburi köçkün düşdüyünü
söyləyib.

İsgəndər İsgəndərov ifadəsində 1993-cü ilin oktyabrında Zəngilan
rayonunun Şəfibəyli kəndindən məcburi köçkün düşdüyünü
söyləyib.

Zülfü Həsənəliyev ifadəsində Zəngilan rayonundan məcburi köçkün
düşdüyünü, rayonun müdafiəsi uğrunda döyüşlərdə iştirak etdiyini
deyib. O, işğal zamanı Ermənistan silahlı qüvvələrinin mülki
şəxslərə, o cümlədən qadınlara və qocalara qarşı amansız
davrandığını bildirib.

Nəbi Nağıyev ifadəsində Zəngilan rayonunun Bartaz kəndindən
məcburi köçkün düşdüyünü deyib. O, qardaşının şəhid olduğunu da
söyləyib.

Xanoğlan Süleymanov ifadəsində Zəngilan rayonundan məcburi
köçkün düşdüyünü, Ermənistan silahlı qüvvələrinin hücumları
nəticəsində qardaşının azyaşlı övladı Sadiq Süleymanovun (1992-ci
il avqustun 22-də) və qardaşı Baloğlan Süleymanovun (1993-cü il
oktyabrın 25-də) qətlə yetirildiyini bildirib.

Eldar Novruzov 1992-ci ilin sentyabr ayında Zəngilan rayonunun
Malatkeşin kəndində yaşadığı evə Ermənistan silahlı qüvvələrinin
atdığı mərminin düşdüyünü bildirib. Sonradan kənd işğal edilib.

Vidadi Orucov ifadəsində Zəngilan rayonunun Məmmədbəyli
kəndindən məcburi köçkün düşdüyünü söyləyib. İşğal zamanı evləri
talan olunub, kənd qəbiristanlığı tamamilə məhv edilib, yerində heç
nə qalmayıb.

Rasim Camalov, Raci İsmayılov, Barat Xanlarov, Əşrəf İbadov
ifadələrində Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlərdə
iştirak etdiklərini söyləyiblər. Onlar həm də Zəngilandan məcburi
köçkün düşmüş şəxslərdir.

Abış Məhərrəmov, Mahir Xəlilov və Habil Nuriyev ifadələrində
Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaşadıqları
evləri tərk etmək məcburiyyətində qaldıqlarını, Araz çayından
keçərək xilas olduqlarını bildiriblər.

Rövşən Abdullayev bildirib ki, 1993-cü ildə Ermənistan silahlı
qüvvələri tərəfindən əsir götürülüb. Əsirlikdə 35 ay saxlanılıb.
Zərərçəkmiş şəxs deyib ki, əsirlik zamanı özü və digər
azərbaycanlılar işgəncələrə məruz qalıb, o cümlədən bədənlərinə
elektrik cərəyanı verilib. Qanunsuz olaraq məcburi şəkildə
işlədiliblər. Əsirlik zamanı 2 il 8 ay Şuşada saxlanılıb. 1996-cı
il mayın 10-da Azərbaycan tərəfə qaytarılıb.

Elbrus Hacıyev, Elbrus Abbasov və Adil Quluyev ifadələrində
Ermənistan silahlı qüvvələrinin Laçın rayonunu işğal edən zaman –
1992-ci ilin mayında yaşadıqları evi tərk etmək məcburiyyətində
qaldıqlarını deyiblər. A.Quluyev ərazilərin qorunması uğrunda gedən
döyüşlərdə iştirak etdiyini də bildirib.

Soltan Məmmədov ifadəsində 1993-cü ilin avqust ayında Ermənistan
silahlı qüvvələrinin hücumları nəticəsində yaşadığı Füzuli
rayonunun Qərvənd kəndindən məcburi köçkün düşdüyünü söyləyib.
Bildirib ki, hücumlar zamanı doğmaları şəhid olub.

Vaqif Hüseynov Füzuli rayonunun Merdinli kəndindən məcburi
köçkün düşdüyünü deyib.

Anar Məmmədov ifadəsində hərbi xidmət zamanı, 2015-ci il
sentyabrın 1-də Ermənistan silahlı qüvvələrinin basdırdığı minanın
partlaması nəticəsində xəsarət aldığını, nəticədə sol qolunu
itirdiyini bildirib.

Səməd Əhmədov Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlər
zamanı Füzuli rayonunda xəsarət aldığını deyib.

Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, o cümlədən
Davit İşxanyanın, təqsirləndirilənlərin müdafiəçilərinin və
özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi avqustun 18-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir