Siyasətçi meydana həyasız konsepsiyalarla atılırsa, bu konsepsiyaya şəxsi arsızlığını da qatırsa, bu zaman istər-istəməz onun keçmişinə dair qaranlıqlara işıq salınmasına başlanılır.
Siyasi abırsızlığın hərfinə qədər insanın daxili aləminə nüfuz etməsini biz Fransada prezidentliyə namizəd Valeri Pekresin timsalına görə bilirik.
Onun hakimiyyətə can atma taktikası axmaqcasına ideyalara əsaslanır. Düzü, sırf Fransanın daxili işi olsaydı, biz xanım Pekresin iddialarının çərçivələrini müzakirəyə çıxarmazdıq, “nə işimizə, özləri bilər”, – deyib keçərdik.
Ancaq onun elektorat yığmaq üçün fantaziyalarının hüdudları öz ölkəsinin sərhədlərini aşaraq Azərbaycana qarşı platforma yaratmaq ideyalarına gətirib çıxarır.
Belə olan təqdirdə, xanım Pekres barədə bir neçə kəlmə yazmaq zərurətini hiss edirik.
Azərbaycanda bir deyim var, “utanmasan, oynamağa nə var ki?!” Valeri Pekres isə Azərbaycana münasibətdə tutduğu mövqeyə görə, utanmaq əvəzinə erməni lobbisinin çaldığı havaya oynayır.
Valeri Pekresin ötən ilin sonlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qeyri-qanuni səfəri, onun prezident seçiləcəyi təqdirdə öz siyasətinin hansı yöndə olacağını gözlər önünə sərir.
Siyasi ləyaqət və jest nümayiş etdirib, Azərbaycandan üzr istəmək əvəzinə isə xanım Pekres öz həyasız davranışlarını dayanıqlı hala gətirən addımlara gedir.
Onsuz da Fransanın siyasətinin Azərbaycana qarşı istiqamətlənən kökü 44 günlük Vətən müharibəsində üzə çıxdı, bu, heç də təəccüblü deyildi, Parisdən bundan artıq nəsə gözləmək özü də sadəlövhlük olardı.
İndi isə özünü Fransa prezidenti statusunda görən Valeri Pekres ölkəsindəki erməni icmasının dəstəyini qazanmaq üçün min bir hiyləyə əl atır, bu hiylə Azərbaycan üzərindən yürüdülən çirkin kampaniyanın tərkib hissəsi olsa belə. Ona görə də Pekres Azərbaycandan səslənən bütün tənqidlərə layiqdir.
Madam Pekres bəlkə də özünün keçmişində olan qara ləkəni silmək üçün populizmə və siyasi ədəbsizliyə gedir. Söhbət ondan gedir ki, Pekresin hələ SSRİ zamanında dünyaya meydan oxuyan KQB tərəfindən “verbovka” olunması haqqında informasiyalar dolaşır. Ən ali kəşfiyyat kuluarlarının şef kreslosunda əyləşənlər bilər ki, bu iddialar nə dərəcədə doğrudur, ancaq necə deyərlər od olmayan yerdən tüstü çıxmaz.
Pekresin indi ölkəsindəki islamofobiya və irqçilik barədə seçkiqabağı tezislərində də istər-istəməz onun keçmişinə dair hansısa biabırçı ifşaedici məlumatdan diqqəti yayındırma cəhdlərini duymaq mümkündür.
Axı necə olur ki, prezidentliyə namizəd birdən-birə başqa ölkənin ərazi bütövlüyünə açıqca hörmətsizlik edən xarici siyasət proqramı ilə gündəmə gəlir? Məgər seçici rəğbəti qazanmağın yolu məhz Azərbaycana nifrətdənmi keçir?
Görünür ki, madam Pekres üçün nifrətin və şovinistliyin sərhədləri itib-batıb, elə bu itib-batmış üfüqlərdə öz keçmişini də itirmək istəyir.
Keçmişi madam Pekresin gələcək karyerasını inşa edir, yazılanlar doğrudursa, bu zaman düşünmək üçün əsaslar yaranır ki, onun indi siyasət meydanına atılması üçün SSRİ-nin varisi Rusiya nəfəs verir.
Lakin dəxli yoxdur, Pekresə kim, nəyə görə nəfəs verir, görünür ki, bu nəfəsin haradan üfürüldüyündən asılı olmayaraq, onun qoxusu Pekres üçün bihuşedicidir və onun tərzinə siyasi sərxoşluq gətirir. Bu “sərxoşluq” isə madam Pekresə “qaz verir”, enerjisini qərəz saçdığı ölkəyə (Azərbaycana) xərcləyir. Amma bu enerjini sərf etdikcə, özü tükənir, bitir, axı bu, hara qədər davam edəcək?
Fransanın xarici işlər naziri Jan İv Lö Drian səviyyəsində Pekresin hərəkətlərini suvamaq cəhdlərinə gəlincə, qısa şəkildə deyək ki, bu, dövlət səviyyəsində Pekresə dəstəyin izharıdır. Təəccüblü deyil.
Fransadakı problemləri struktur baxımından iki yerə bölmək olar:
1. İşsizlik səviyyəsinin yüksəlməsi,
2. Bunun fonunda irqçilik və islamofobiya meyllərinin nasizm həddinə çatması.
Hər bir ölkənin problemi var, lakin prezidentliyə namizədlər ilk növbədə diqqəti bu problemlərin həllinə yönəltməlidirlər. Başqa ölkələrin suverenliyinə hörmətsizliklə bu problemlər həll olunan deyil.
Hər bir siyasətçi tarixə bir adla düşür. Pekres isə utanmazlığın zirvəsini fəth etmiş siyasətçi kimi adını tarixə yazdırır.
Aqşin Kərimov