
Bakı. Trend:
Avropa İttifaqının xarici siyasət üzrə rəsmilərinin – istər
Anita Hipper olsun, istərsə də ondan əvvəlkilər – Ermənistandakı
müşahidə missiyasının (EUMA) fəaliyyətini davam etdirməsinə dair
bəyanatları ilk baxışdan standart bürokratik diplomatiya ritorikası
kimi səslənir. Brüsselin lüğətinə daxil olmuş “sabitliyə töhfə”,
“etimadın möhkəmləndirilməsi” kimi quru ifadələr artıq rəsmi
şablonlara çevrilib. Ustalıqla seçilmiş diplomatik sözlərin
arxasında ciddi geosiyasi uyğunsuzluq dayanır ki, bu da missiyanı
sülh alətindən çıxarıb, keçmişin relikti və real normallaşma
yolunda ciddi əngələ çevirir. Halbuki bu gün Bakı və İrəvan
sərhədlərin delimitasiyası və hərtərəfli sülh sazişi üzrə birbaşa
danışıqlar aparır, belə bir reallıqda EUMA-nın saxlanılması artıq
təkcə mənasız deyil – o, həm də təhlükəlidir.
Problemin dərinliyini başa düşmək üçün missiyanın siyasi
anatomiyasına qayıdıb onun mənşəyini xatırlamaq lazımdır. Bu
metamorfozanın xronikası çox məqamlardan xəbər verir.
2022-ci il oktyabrın 6-da Praqada keçirilən ilk Avropa Siyasi
Birliyi sammitinin kuluarlarında Azərbaycan, Ermənistan, Fransa və
Avropa Şurası rəhbərləri qısamüddətli monitorinq missiyasının
yerləşdirilməsi barədə razılıq əldə etdilər. Parametrlər aydın idi:
40 nəfərdən ibarət mülki heyət, mandat – cəmi iki ay. Ən mühüm
detal isə budur: Bakı bu təşəbbüsə yalnız müvəqqəti etimad tədbiri
kimi razılıq vermiş və formatı xoşməramlı addım kimi qəbul
etmişdi.
Amma elə orada gələcək manipulyasiyaların ilk əlamətləri üzə
çıxdı. Missiyanın fəaliyyəti 2022-ci il dekabrın 19-da başa çatdı.
Amma cəmi bir ay sonra – 2023-cü il yanvarın 23-də Aİ Şurası erməni
tərəfinin tələbi ilə yeni, uzunmüddətli müşahidə missiyası –
EUMA-nın yaradılması barədə qərar verdi. İki illik mandatla. Bu
qərar birtərəfli qaydada qəbul edildi – nə Azərbaycanla
məsləhətləşildi, nə də razılıq alındı. Beləliklə, bütün tərəflərin
razılaşdırdığı müvəqqəti mexanizm birtərəfli qaydada uzunmüddətli
geosiyasi layihəyə çevrildi. Layihə isə yalnız İrəvanın və onun
Qərbdəki havadarlarının maraqlarına xidmət edir. Əvvəlcə təxminən
100 nəfərlik heyəti olan missiyanın sayı bu gün artıq 209 nəfərə
çatıb.
Burada EUMA-nın əsas qüsuru ilə qarşılaşırıq – onun legitimliyi.
Beynəlxalq praktikada sülhməramlı və ya müşahidə missiyaları üçün
aydın kriteriyalar mövcuddur. Onların ən ali forması – BMT
Təhlükəsizlik Şurasının sanksiyası ilə yaradılan “mavi
dəbilqəlilər”dir. Onlar universal beynəlxalq legitimlik daşıyır.
EUMA isə belə bir mandatdan məhrumdur. Onun hüquqi əsası yalnız
Brüssel ilə İrəvan arasında imzalanmış ikitərəfli razılaşmadır. Bu
fakt avtomatik olaraq onu neytral vasitəçi statusundan məhrum edir
və münaqişənin bir tərəfinin geosiyasi alətinə çevirir. Bakı
dəfələrlə bəyan edib ki, missiya ilə bağlı heç bir razılaşma
olmadığı üçün Azərbaycan bu qurum qarşısında heç bir öhdəlik
daşımır.
Azərbaycan tərəfi bu təşəbbüsə başlanğıcdan dərin skeptisizmlə
yanaşırdı və proqnozlaşdırırdı ki, bu missiya birbaşa danışıqları
sabotaj etmək və Bakıya guya xarici təzyiq görüntüsü yaratmaq üçün
istifadə olunacaq. Vaxt bu narahatlıqları tam təsdiqlədi.
Missiyanın fəaliyyəti Bakıda dəqiq şəkildə “binokl diplomatiyası”
adlandırıldı. Missiya patrulları yalnız Ermənistan tərəfinin
mövqeləri boyunca hərəkət edir, Azərbaycan ərazilərini müşahidə
edirlər. Bu isə mahiyyətcə birtərəfli monitorinqdir və obyektiv
mənzərə yarada bilməz.
Daha da pisi – EUMA qısa zamanda siyasi turizm məkanına
çevrildi. Ermənistana gələn Qərb diplomatları və rəsmi şəxslər –
Almaniyanın xarici işlər naziri Annalena Berbokdan tutmuş onlarca
ölkənin səfirlərinə qədər – EUMA qərargahına mütləq baş çəkir,
binoklla Azərbaycan tərəfinə baxan fotolar çəkdirir, bu fotolar isə
mediada yayımlanaraq guya etimad quruculuğuna xidmət edən
“fəaliyyət” kimi təqdim olunur. Halbuki etimad qarşılıqlı prosesdir
və onu nə idxal etmək, nə də kənardan tətbiq etmək mümkündür.
Ən inandırıcı arqumenti EUMA-nın əleyhinə çevrilən amil – sülh
prosesinin öz dinamikasıdır. Missiya, onu lobbi edənlərin
düşüncəsinə görə, guya eskalasiyaların qarşısını almağa xidmət
etməli idi. Amma reallıqda sülhə aparan addımlar tamamilə fərqli
formatlarda atılır. 1991-ci il Almatı Bəyannaməsi əsasında
tərəflərin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması ilə
bağlı irəliləyiş məhz liderlərin birbaşa təması nəticəsində əldə
olundu. 2024-cü ilin yazında Qazax rayonunun dörd qeyri-anklav
kəndinin Azərbaycana qaytarılması və sərhədin delimitasiyası üzrə
prosesin başlaması isə Azərbaycan və Ermənistanın baş nazir
müavinlərinin rəhbərlik etdiyi ikitərəfli komissiyaların işi
nəticəsində mümkün oldu. Bu real addımlar – EUMA patrullarından
fərqli olaraq – gərginliyi azaltdı və davamlı sülh üçün əsas
yaratdı.
Belə bir fon qarşısında missiyanın saxlanılması regionu artıq
iflasa uğramış köhnə xarici arbitraj paradiqmasında saxlama cəhdi
kimi görünür.
Beləliklə, EUMA bu gün geosiyasi baxımdan bir rudimentdir. O,
bir situasiyada planlaşdırılıb, tam fərqli bir geosiyasi mənzərədə
mövcudluğunu davam etdirir. Sülhə xidmət etmək əvəzinə, EUMA şübhə
və inamsızlıq atmosferini konservləşdirir, Bakını daimi
qıcıqlandıran amilə çevrilir və regional təhlükəsizlik
məsələlərində birtərəfli yanaşmanı legitimləşdirir. Halbuki Cənubi
Qafqazda əsl və davamlı sülh yalnız Azərbaycan və Ermənistan
arasında birbaşa dialoq, qarşılıqlı suverenlik və ərazi bütövlüyünə
hörmət əsasında mümkündür. Hər iki tərəfin razılığı olmadan
yaradılan istənilən xarici formatlar – sülhməramlılıq
imitasiyasından başqa bir şey deyil, onların arxasında isə
xalqların maraqlarından uzaq, gizli geosiyasi gündəmlər
dayanır.
Beynəlxalq münasibətlərin soyuq və sərt məntiqində, eləcə də
təbiət elmlərinin əsas prinsiplərində bir dəyişməz qanun var: səbəb
aradan qalxarsa, nəticə də qaçılmaz olaraq yox olar. Sonsuz sayda
münaqişənin tarixi və onların həll yolları ilə sübuta yetirilmiş bu
qanun bu gün Avropa İttifaqının Ermənistandakı missiyası (EUMA) ilə
bağlı problemi bütün aydınlığı ilə ifşa edir. Onun mövcudluğuna
qarşı ən güclü arqument siyasi bəyanatlardan deyil, Ermənistan və
Azərbaycan arasında gedən sülh prosesinin öz dinamikasından
qaynaqlanır – elə bir dinamika ki, bu missiyanın yaradıldığı
geosiyasi mənzərəni artıq kökündən dəyişib. Tarixi paralellər
burada təkcə yerində deyil – həm də dərs olmalıdır.
… 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün
yaradılmış ATƏT-in Minsk Qrupu onilliklər ərzində beynəlxalq
diplomatiyanın nəticəsiz struktur inersiyasının simvoluna
çevrilmişdi. Qrupun 28 illik fəaliyyəti ərzində gərginliyin
qarşısını almağa qadir olan bir dənə də olsun irəliləyiş əldə
olunmadı. Onun aktuallığına sarsıdıcı zərbə 2020-ci ilin 44 günlük
müharibəsi ilə vuruldu. Azərbaycan, rəsmi Xarici İşlər Nazirliyinin
bəyanatlarında qeyd olunduğu və müstəqil müşahidəçilərin analizləri
ilə təsdiqləndiyi kimi, həmin hərbi əməliyyatlar nəticəsində BMT
Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və
884 saylı qətnamələri faktiki olaraq yerinə yetirdi, yeddi rayon və
Qarabağın əhəmiyyətli hissəsi üzərində suverenliyini bərpa etdi.
Beləliklə, Minsk Qrupu vasitəçilik mövzusunu itirmiş oldu.
Son nöqtə isə 2023-cü il oktyabrın 17-də Azərbaycanın xarici
işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri
Ararat Mirzoyanın ATƏT-in fəaliyyətdə olan sədri, Şimali
Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə
müraciətində qoyuldu. Sənəddə tərəflər açıq şəkildə “Minsk Qrupunun
və onun həmsədrliyinin institutunun ləğvinin zəruriliyini” bəyan
etdilər. Keçmiş formadakı münaqişə bitmişdi – müharibənin qarşısını
ala bilməyən vasitəçi tarixin arxivinə çevrildi.
… 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 3-cü
bəndinə əsasən (Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın
baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin
tərəfindən imzalanıb), Rusiya Sülhməramlı Kontingenti (RSK) konkret
və müvəqqəti mandatla bölgəyə yerləşdirildi: atəşkəsə nəzarət və
təhlükəsizliyin təmin olunması, o cümlədən təmas xətti və Laçın
dəhlizi boyunca müşahidə. Qarabağın statusunun qeyri-müəyyən olduğu
bir vaxtda bu tədbir zəruri sayılırdı.
Lakin vəziyyət 2023-cü ilin 19–20 sentyabr tarixlərində
Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən sonra
kökündən dəyişdi. Qarabağda qalan separatçı silahlı dəstələr tam
təslim oldu, ölkənin konstitusion quruluşu və suverenliyi bütün
beynəlxalq səviyyədə tanınmış ərazilərdə tam bərpa edildi. Bu, həm
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatlarında, həm də sonrakı
rəsmi addımlarda əks olundu. Sülhməramlı missiyanın
əsaslandırıldığı vəziyyət – nəzarətsiz ərazi və həll olunmamış
münaqişə – artıq yox idi.
Nəticə olaraq, Rusiya Sülhməramlı Kontingenti vaxtından əvvəl,
2023-cü il dekabrın 15-dək bölgəni tam tərk etdi. Beləliklə,
konkret şəraitə bağlı olan bu missiya həmin şəraitin aradan
qalxması ilə başa çatdı.
Eyni dəyişməz səbəb-nəticə məntiqi ilə, Avropa İttifaqının
Ermənistandakı missiyasının (EUMA) statusu da ciddi sual altına
düşür. EUMA 2023-cü ilin yanvarında iki illik mandatla (Aİ
Şurasının CFSP 2023/210 saylı qərarı, 23 yanvar 2023) bölgədə
yerləşdirildi. Missiyanın məqsədi aydın ifadə olunmuşdu:
“Ermənistan-Azərbaycan sərhədində deeskalasiyaya töhfə vermək”,
“etimadın möhkəmləndirilməsinə yardım etmək” və “sərhədin
delimitasiyasını dəstəkləmək”. Onun yaradılması 2021–2022-ci
illərdə yaşanan sərhəd insidentlərinə reaksiya idi – qarşılıqlı
tanınmış sərhədlərin olmaması və təmas xəttində daimi gərginlik
fonunda.
Lakin əsas dönüş nöqtəsi 2024-cü ilin may–iyun aylarında baş
verdi. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında
keçirilən yüksək səviyyəli görüşlər, xüsusilə 10 may 2024-cü il
Almatı danışıqları və ondan sonrakı təmaslar nəticəsində tərəflər
prinsipial razılığa gəldilər: bir-birinin ərazi bütövlüyü və
suverenliyini 1991-ci il sərhədləri çərçivəsində qarşılıqlı
tanımaq. Bundan əlavə, tərəflər praktiki delimitasiya və
demarkasiya işlərinə başlamaq barədə razılığa gəldilər. Bu
irəliləyiş, həm ortaq bəyanatlarda, həm də komissiyaların
fəaliyyətə başlamasında öz təsdiqini tapdı və bütövlükdə missiyanın
mövcudluq kontekstini kökündən dəyişdi.
Vəziyyət haqlı və sərt bir sualı gündəmə gətirir: əgər EUMA-nın
yaradılmasına səbəb olan konflikt vəziyyəti (tanınmamış sərhədlər,
eskalasiya riski, qarşılıqlı etimadsızlıq) öz yerini sülh və
razılaşdırılmış delimitasiyaya veribsə, o zaman bu missiyanın bu
günkü faktiki funksiyası nədir?
EUMA-nın saxlanması artıq keçmişin relikti kimi görünür – süni
şəkildə yeni reallığa montaj olunmuş bir struktur.
Belə olan halda, EUMA-nın mövcudluğunun əsl məqsədi qaçılmaz
olaraq geosiyasi müstəviyə keçir…
Avropa İttifaqı üçün EUMA missiyası strateji baxımdan qiymətli
aktiv hesab olunur. Bu, Cənubi Qafqazın əsas bölgəsində – Avropa
ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərinin, o cümlədən “Orta
Dəhliz” layihəsinin kəsişmə nöqtəsində – birbaşa mövcudluğu təmin
edən “ayaq izidir”. Missiya Aİ-yə birbaşa monitorinq aləti,
kəşfiyyat xarakterli (hərçənd mülki mahiyyətli) məlumatların
toplanması, siyasi təsir imkanları və regionda öz rolunu mühüm
oyunçu kimi proyeksiya etmək vasitəsi təqdim edir.
Aİ bəyan edir ki, sən demə, missiyanın mövcudluğu “sabitləşdirmə
və etimadın qurulması” məqsədini güdür. Fəqət məzkur bəyanat artıq
sülh şəraitində yenidən nəzərdən keçirilməlidir. 2024-cü il
fevralın 22-də qəbul olunmuş CFSP 2024/509 saylı Aİ Şurası Qərarına
əsasən missiyanın heyətinin 209 nəfərə çatdırılması və əməliyyat
büdcəsinin artırılması fonunda bu genişlənmə ilkin mandatı aşan,
daha uzunmüddətli geosiyasi ambisiyalardan xəbər verir.
Rəsmi İrəvan üçün EUMA tədricən siyasi simvola çevrilib.
Ermənistan hakimiyyəti bu missiyanı ölkə daxilində “təhlükəsizlik
zəmanətlərinin” xarici nümayişi kimi təqdim edir (baxmayaraq ki,
missiyanın mandatında heç bir müdafiə funksiyası yoxdur), həmçinin “beynəlxalq dəstəyin” təzahürü və daxili auditoriyanı
sakitləşdirmək üçün arqument kimi istifadə edir. Bundan əlavə, bu
missiya Eçmiədzinə müxtəlif geosiyasi mərkəzlər arasında balans
yaratmaq vasitəsi kimi də xidmət edir.
Amma belə yanaşma Ermənistanın Azərbaycanla hazırladığı
hərtərəfli sülh sazişi çərçivəsində üzərinə götürməyə hazırlaşdığı
fundamental öhdəliklərlə ziddiyyət təşkil edir. Danışıqlara yaxın
diplomatik mənbələrin məlumatına və Azərbaycan tərəfinin, rəsmi
Bakının çoxsaylı açıqlamalarına əsaslanan təhlillərə görə,
paraflanmış sülh sazişində aşağıdakı prinsip təsbit olunub:
tərəflər qarşılıqlı şəkildə üçüncü ölkələrin hərbi qüvvələrinin
ərazisində yerləşdirilməsinə yol verməməli, sərhədlərin
təhlükəsizliyini isə ya birgə, ya da milli sərhəd xidmətləri
vasitəsilə təmin etməlidirlər.
Bu kontekstdə, xüsusilə delimitasiya prosesinin başladığı bir
şəraitdə, Aİ-nin mülki xarakter daşıyan, lakin xarici nəzarət
mexanizmi olan EUMA-nın sərhəd zonasında saxlanılması bu
razılaşmaların ruhu ilə açıq ziddiyyət təşkil edir və hətta onun
mətninə də təhdid yarada bilər. Belə bir vəziyyət qarşılıqlı
etimadı sarsıdır və perspektivdə imzalanacaq tarixi sənədin
hüquqi-siyasi dəyərini zəiflədir.
2020-ci ildən sonra Cənubi Qafqazda sülhün bərpası prosesi bir
mühüm qanunauyğunluğu açıq şəkildə nümayiş etdirdi: münaqişəyə
nəzarət məqsədilə yaradılmış institutlar, həmin münaqişə
aktuallığını itirdikcə, səhnəni tərk edir. Azərbaycan öz ərazi
bütövlüyünü bərpa etdikdən sonra ATƏT-in Minsk Qrupu tarixə
qovuşdu. Bakı Qarabağda suverenliyini tam bərpa edən kimi Rusiya
sülhməramlıları bölgəni tərk etdilər.
EUMA-nın mövcudluğu isə əvvəlcə tanınmamış sərhədlər və
insidentlərin yüksək riski ilə izah olunurdu. Di gəl, bu gün həmin
sərhədlər qarşılıqlı tanınıb və onların hüquqi rəsmiləşdirilməsi
prosesi artıq başlayıb. Beləliklə, EUMA-nın mövcudluğunun ilkin
əsasları aradan qalxıb və missiyanın “raison d’être” (“mövcudluq
mənası”) artıq yoxdur. Yeni reallığa zidd olaraq bu qurumun
saxlanılması onu sülh alətindən çıxarıb geosiyasi rəqabət
instrumentinə çevirir, Bakı üçün əsassız qıcıq mənbəyinə çevrilir
və Ermənistanla Azərbaycan arasında davamlı və yekun razılaşmanın
əldə olunmasına əngəl törətmək riski yaradır.
Səbəblə nəticə arasındakı dəmir məntiq ardıcıllıq tələb edir:
əgər sülh prosesi irəliləyibsə, o zaman münaqişə şəraitinə uyğun
yaradılmış missiya ya həmin irəliləyişə uyğunlaşmalı, ya da öz
fəaliyyətini dayandırmalıdır. Bu ardıcıllığı görməzlikdən gəlmək
EUMA-nı dəstək rəmzindən çıxarıb, gecikmiş xarici müdaxilənin
simvoluna çevirə bilər.
Zəmin və zərurət olmadan missiyanın davam etməsi onu keçmişin
qalığından gələcək etimadsızlığın toxumuna çevirə bilər. Bu
baxımdan həm Eçmiədzin, həm də Brüssel düşünməlidir: onlara
həqiqətən keçmişin simvolu lazımdırmı – özü də gələcək problemlərin
katalizatoru rolunda?
Azərbaycanla Ermənistan arasında gerçək sülh – şübhəli xarici
dayaq vasitələrinə deyil, – bir masa arxasında cəsarətlə və
təkbətək qalmağa əsaslanmalıdır.
EUMA-nın vaxtı bitdi.

