Elin Süleymanov Bakı və İrəvanın sülhə doğru növbəti addımlarından danışıb – Britaniyanın “Times Radio”suna müsahibə

Siyasət

Bakı. Trend:

Otuz il ərzində, hələ Azərbaycan və Ermənistan müstəqillik əldə
etməmişdən əvvəl xalqlarımız uzun sürən münaqişəyə qarışıb. Bəli,
aktiv faza 1994-cü ildə başa çatdı, ardınca 2020-ci il müharibəsi
və 2023-cü ilin xüsusi əməliyyatı gəldi. Amma bizim bir-birimiz
haqqında təsəvvürümüzü formalaşdıran məhz bu onilliklər oldu. Bu
gün bizim keçmişi arxada qoymaq, münaqişədən kənara çıxmaq və
nəhayət, əvvəldən olmalı olduğumuz qonşu və tərəfdaş olmaq üçün
real imkanımız var. Hesab edirəm ki, bu son dərəcə vacibdir.

Trend-in
məlumatına görə, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin
Süleymanov Britaniyanın “Times” radiosuna müsahibəsində avqustun
8-də Vaşinqtonda baş tutan tarixi görüş barədə danışarkən
deyib.

“Şəxsən mən bir diplomat kimi bu qarşıdurmada iştirak etmişəm.
BMT-nin Qaçqınlar Komitəsinin tərkibində çalışmışam, məcburi
köçkünlərin taleyini görmüşəm. Azərbaycanda olarkən mühacirətdə
doğulmuş uşaqlarla söhbət etmişəm. Bu gün onların vətənə
qayıtmasına ürəkdən şadam və qarşıda bizi sülh gözləyir”, – səfir
vurğulayıb.

Onun sözlərinə görə, bu prosesdə ABŞ prezidenti Donald Trampın
xüsusi rolu var.

“Burada iki əsas amil var. Birincisi, Azərbaycan Prezident İlham
Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqları azad edə
bildi və bu, münaqişənin həllində dönüş nöqtəsinə çevrildi.
İkincisi, dünyada mövcud olan siyasi əhval-ruhiyyəni nəzərə alaraq,
Tramp kimi təcrübəli sülhməramlı və danışıqlar aparan şəxsin olması
vacib idi. Onun şəxsi iştirakı prosesdə ən vacib element oldu”, –
E.Süleymanov bildirib.

Bakı ilə İrəvan arasında münaqişənin həllində Rusiyanın rolunu,
onun prosesdən “kənarda qalmasını”, eləcə də, üçtərəfli bəyanatı
şərh edən diplomat qeyd edib ki, bəyanat müvəqqəti xarakter
daşıyır.

“Vurğulamaq istərdim ki, hələ imzalanmamış sülh sazişi üzrə
danışıqlar birbaşa Azərbaycan və Ermənistan arasında aparılıb. ABŞ
sazişin mətninin hazırlanmasında iştirak etməyib. Lakin liderləri
Ağ Evə dəvət edən və birgə bəyannamənin imzalanmasında iştirak edən
prezident Tramp olub. Bundan başqa, heç kim prosesdən kənarda
qalmayıb. Bundan başqa, Ermənistanın özü də Vaşinqtonda baş tutan
görüşün nəticələrinən razıdır. Nikol Paşinyan Amerika
televiziyasına müsahibəsində qeyd edib ki, Moskva ilk dəfədir ki,
Ermənistan və İranla birbaşa dəmir yolu əlaqəsi əldə edir.

Tramp sadəcə olaraq xüsusi təşəbbüs və şəxsi maraq göstərdi. Bəs
ideoloji çərçivələri bir kənara qoysaq, yaxınlıqda müharibə
olmayanda, iqtisadiyyat inkişaf edəndə, Azərbaycan və Ermənistan
sülh şəraitində yaşayanda, regionda təhlükəsizliyə təhlükə
olmayanda bu, Rusiyaya sərfəli deyilmi?”, – deyə Elin Süleymanov
izah edib.

Sülh müqaviləsinin imzalanması üçün zəruri olan son addımlardan
danışan diplomat əlavə edib ki, yeganə maneə Ermənistan
konstitusiyası olaraq qalır və ona müvafiq düzəlişlər
edilməlidir.

“Fakt göz qabağındadır: sazişin mətni ilə Ermənistan
konstitusiyasının müddəaları bir-birinə ziddir. Biz gözləyirik ki,
ermənilər bu ziddiyyəti aradan qaldıracaq və onların
konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmayan kimi
sülh müqaviləsi imzalanacaq. Hər iki tərəf irəliləməyə hazırdır və
bu, konmbadorun uğurunun ikinci əsas amilidir”.