
Bakı. Trend:
16 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri
Andriy Sıbiha arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Ukraynanın
xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə
səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar,
habelə Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər
münasibətilə təbriklərini çatdırıb.
Telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında
tərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi,
iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq
müzakirə olunub. Tərəflər Azərbaycan Respublikası ilə Ukrayna
arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının
işinin əməkdaşlığın inkişafı baхımından mühüm əhəmiyyət kəsb
etdiyini bildiriblər.
Ukrayna xarici işlər naziri öz növbəsində Azərbaycan tərəfinin
Ukraynaya göstərilən humanitar yardımlar, o cümlədən münaqişədən
zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma sahələrində dəstəyinə
görə təşəkkür edib.
Nazir Andrey Sıbiha həmçinin Rusiya-Ukrayna münaqişəsi ətrafında
aparılan danışıq prosesi barədə məlumat verib.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər
məsələlər müzakirə olunub.