Alyaskada Rusiya Trampa məğlub oldu

Siyasət

Bakı. Trend:

Donald Trampla Vladimir Putinin 2025-ci il avqustun 15-də
Ankoricdə baş tutan görüşü dünya siyasətinin yaxın mərhələsinin
konturlarını dərhal müəyyənləşdirən hadisə oldu. Danışıqların
formatı Vaşinqton tərəfindən sərt şəkildə qurulmuşdu: ABŞ tərəfdən
yalnız prezident və dövlət katibi deyil, həm də güc
strukturlarının, Konqresin və iqtisadi komandanın nümayəndələri
iştirak edirdi. Bu isə institusional çərçivə yaradaraq hər addımın
əvvəlcədən hesablanmasını və sonrakı sanksion-diplomatik
mexanizmlərlə uzlaşdırılmasını təmin edirdi.

Kreml üçün danışıqlarda iştirak məcburi addım idi. Moskva ən azı
sanksiyaların yumşaldılmasının müzakirəsi və ya Ukrayna xətti üzrə
kompromis işarəsi gözləyirdi. Amma Ankoricin nəticələri əks
istiqamətdə oldu. ABŞ nə güzəşt, nə də “dondurma” formulu təklif
etdi. Tramp açıq şəkildə bəyan etdi ki, irəliləyiş yalnız Qərbin
şərtlərinin yerinə yetirilməsi ilə mümkündür. Bu isə təşəbbüsün tam
şəkildə Vaşinqtonun əlində olduğunu təsdiqlədi.

Məhz Ankoric məkanının seçilməsi də simvolik mesaj daşıyırdı.
ABŞ, Rusiyanın artıq qaydaları diktə edə bilmədiyi sərhədləri və
strateji rəqabəti xatırladan bir məkanı seçdi. Tramp üçün bu görüş
liderliyin və gündəmi nəzarətdə saxlamaq qabiliyyətinin nümayişi
oldu, Putin üçünsə siyasi mövqeyinin çıxışsız dar koridora
sıxışdırıldığı an idi.

Ankoric danışıqları kompromisə yox, yeni reallığın təsbitinə
çevrildi: Vaşinqton çərçivələri müəyyənləşdirir, Avropa
transatlantik birliyi dəstəkləyir, Ukrayna əlavə arqumentlər
qazanır, Kreml isə hər bir addımının onu daha da zəiflətməsinə
şahidlik edir.

Danışıqlardan bir gün əvvəl Rusiya xarici işlər naziri Sergey
Lavrovun Ankorici ziyarəti isə diplomatik protokolun hüdudlarını
aşan hadisə oldu. Rəsmi çəkilişlərdə Lavrovun sinəsində iri
hərflərlə “SSRİ” yazılmış sviter geyindiyi görünürdü. İlk baxışdan
təsadüfi görünən bu geyim elementi güclü siyasi manifestə çevrildi.
Bu jest ironiyadan qəzəbə qədər geniş müzakirələr doğurdu. Kimlərsə
bunu “trollinq”, kimlərsə isə aqressiya nümayişi kimi qəbul etdi.
Amma diqqətli müşahidəçi üçün bu, Rusiyanın dərin identiklik
böhranının siqnalı idi.

SSRİ-nin dağılmasından sonra Rusiya yeni dəyərlər sistemi yarada
bilmədi. Himn, atributlar, gerb kimi sovet simvollarına qayıdış
tarixə ehtiram deyil, çıxış yolu tapmayan zorakı əvəzləmədir.
Moskva öz kimliyini çağdaş dünyaya yad olan, diktatura, azadlıqdan
məhrumiyyət və aqressiya ilə assosiasiya olunan kod üzərində
qurmağa məcburdur.

Rusiyalı rəsmilərin istifadə etdiyi simvollar Medlin Olbraytın
broşları kimi incə diplomatik jestlər deyil, kobud güc nümayişidir.
Lavrovun “Kim Lavrovla danışmaq istəmirsə, Şoyqu ilə danışacaq”
yazılı futbolkası bunun parlaq nümunəsidir. Amma Rusiyanın
Ukraynada hərbi uğursuzluqlarından sonra bu tip mesajlar təhdid
kimi yox, aciz səs kimi səslənir. SSRİ yazılı sviterin seçilməsi də
təsadüfi deyildi: nə Rusiya imperiyası, nə də Alyaska obrazı ilə
çıxış etmək imkanı qalmadığından, Moskvanın özünü dünyaya təqdim
etmək üçün tək üslubu “sovet nisgili” oldu.

Simvolik nümayiş Rusiyanın özünü böyük dövlət, imperiyaların
varisi kimi təqdim etməsi üçün nəzərdə tutulmuşdu. Lakin reallıq
tam əksini göstərdi.

Donald Tramp ilə Vladimir Putinin Ankoric görüşü Amerika
diplomatiyasının qələbəsinə çevrildi. Rusiya üçünsə bu görüş uğur
deyil, tələyə düşmək idi. Putin dünyaya Moskvanın dialoqa hazır
olduğunu göstərməyə, ən azı sanksiyaların yumşaldılacağına ümid
etməyə çalışırdı. Amma Tramp oyunu elə qurmuşdu ki, Rusiyanın
güzəşt istəyi nəticəsiz qaldı.

Putinin ABŞ prezidenti ilə bir masa arxasında əyləşməyə məcbur
qalması özü-özlüyündə simvolik məğlubiyyət idi. Kreml illərlə
“özünütəmin edən güc” obrazını qururdu. Amma Alyaskada dünya tam
başqa Putini gördü – danışıqlar xahiş etmək məcburiyyətində qalan
lideri.

Kremlə dörd zərbə vuruldu.
Birinci zərbə – danışıqların faktı idi. Tramp üçün bu, liderliyin
nümayişi, Putin üçün isə məcburi addım oldu. Kreml artıq şərtləri
diktə edən yox, onları dinləməyə məcbur qalan mövqeyə düşdü.

İkinci zərbə – konkret razılaşmaların olmaması. Putin Ankoricdən
əliboş qayıtdı. Tramp isə qalib mövqedə idi: o, dünyaya göstərdi
ki, Rusiya sülhə hazır deyil və bununla sanksion təzyiqlərin
gücləndirilməsi üçün arqumentləri möhkəmləndirdi.

Üçüncü zərbə – ritorik müstəvidə idi. İndi Ukrayna diplomatik
mübarizədə yeni silah qazandı. Kiyev tam haqlı olaraq deyə bilər:
“Putin sülh istəmir. Bizə müdafiəni gücləndirməkdə kömək edin.”

Dördüncü zərbə – strateji idi. Putin çuqçvanq vəziyyətinə düşdü.
Onun atacağı hər bir addım vəziyyəti daha da ağırlaşdırır:
müharibəni davam etdirmək resursların tükənməsinə və məğlubiyyətə
aparır, ərazilərdən geri çəkilmək isə fiasko etirafı və nüfuz
itkisi deməkdir.

Ankoric görüşü həqiqət anı oldu. O, göstərdi ki, Rusiya keçmişin
simvolları ilə yaşayır və dünyaya yeni heç nə təklif edə bilmir.
Lavrovun sinəsindəki “SSRİ” yazısı – bu, diaqnoz idi. Bu, Moskvanın
keçmişdə ilişib qaldığının və gələcək qurmaq bacarığından məhrum
olduğunun etirafı idi.

Putin üçün bu görüş strateji məğlubiyyətə çevrildi. Amerika
göstərdi ki, sərt oynamağa hazırdır və məhz Vaşinqton, yox, Moskva
oyunun qaydalarını müəyyənləşdirir. Rusiya isə bərabər səviyyədə
danışmaq üçün arqumentsiz qalan, dialoqa can atan ölkə mövqeyində
göründü.

Alyaska təkcə geosiyasi parçalanmanın yox, həm də Rusiya
kimliyinin daxili böhranının simvoluna çevrildi. Kreml yenidən
keçmişin xəyallarına sığındı, amma dünya aydın şəkildə göstərdi:
keçmiş gələcəyi əvəz edə bilməz.

Ankoric görüşünün ikinci hissəsi artıq danışıqlar zalında deyil,
dünya bazarlarında cərəyan etdi. Maliyyə meydanlarının və ekspert
dairələrinin reaksiyası Trampın diplomatik uğurunun davamına
çevrildi. ABŞ prezidenti göstərdi ki, Rusiyaya qarşı iqtisadi
təzyiq alətləri Vaşinqtonun əsas təsir mexanizmi olaraq qalır.

Rusiya neft-qaz sektoruna yeni sanksiyaların mümkünlüyü barədə
ilk bəyanatlar dərhal nəticə verdi: neftin qiyməti qalxdı, rubl isə
dəyərdən düşdü. Tramp üçün bu, hesablanmış gediş idi. ABŞ həm öz
enerji istehsalçılarını möhkəmləndirdi, həm də Avropa
müttəfiqlərinə böhran şəraitində Vaşinqtonun enerji
təhlükəsizliyini təmin etməyə hazır olduğunu nümayiş etdirdi.

Rusiya çıxılmaz vəziyyətə düşdü: karbohidrogen ixracı onun əsas
gəlir mənbəyidir, lakin məhz bu sektor sanksiyalara qarşı ən həssas
sahədir. Tramp manevr imkanlarını daraldaraq Kremlin qarşısında
seçim qoydu: ya real güzəştlərə razı olmaq, ya da iqtisadi
kəndirinin daha da sıxılması.

Avropa paytaxtlarının reaksiyası xüsusi əhəmiyyət daşıyırdı.
Berlin, Paris və Varşava daxili fikir ayrılıqlarına baxmayaraq,
Ankoricin nəticələrini məmnunluqla qarşıladılar. Avropa üçün aydın
oldu: Vaşinqton Kreml ilə “əsrin sövdələşmələri”nə getməyəcək və
Ukraynanın təhlükəsizliyini qısamüddətli güzəştlərə dəyişməyə hazır
deyil.

Bundan əlavə, sammit Avropa enerji şirkətlərinə də siqnal oldu.
Sanksiya rejimini dolanmaq və ya Rusiyaya sərmayə yatırmaq cəhdləri
indi daha da riskli görünür. Lavrovun “SSRİ” yazılı sviteri
Moskvanın dəyişmək niyyətində olmadığını bir daha göstərdi, bu isə
onunla iş görməyi toksik etdi.

Baltikyanı ölkələr və Polşa üçün Ankoric görüşü onların NATO-da
səsinin eşidildiyinin təsdiqi oldu. Rusiya özünü tərəfdaş kimi
deyil, təhdid kimi göstərdi və bu, Ukraynaya hərbi dəstəyin
gücləndirilməsi və alyansın şərq cinahının möhkəmləndirilməsi üçün
arqumentləri artırdı.

Kiyev üçün danışıqların nəticələri hədiyyə oldu. Real
razılaşmaların olmaması Putinin sülhə hazır olmadığının daha bir
sübutu kimi şərh edildi. Bu isə Ukrayna diplomatiyasına Vaşinqton
və Brüssel qarşısında güclü arqument verdi.

İndi Zelenski və komandası əllərində inandırıcı bir formul
tutublar: “Amerika Rusiyaya əl uzatdı, amma Moskva imtina etdi.
Deməli, bizə təkcə müdafiə deyil, həm də hücum silahı lazımdır.” Bu
mesaj artıq NATO və Avropa İttifaqının kuluarlarında səslənir.
Yaxın aylarda Ukraynaya yardım paketinin genişlənəcəyi,
uzaqmənzilli raketlər və yeni HHM sistemlərinin daxil ediləcəyi
gözlənilir.

Kreml üçün görüşün nəticələri dağıdıcı oldu. Təbliğat mediası
danışıqların yekunlarını “bərabərhüquqlu fikir mübadiləsi” kimi
təqdim etməyə çalışsa da, faktlar əksini göstərdi. Rusiya nə
sanksiyaların yumşaldılması barədə ən kiçik işarə, nə də öz
gündəmini diktə etmək imkanı əldə etdi.

Daha mühüm məqam odur ki, Ankoric sammiti Rusiya elitasına
siqnal göndərdi. Ölkə daxilində getdikcə daha sərt səslənən suallar
yaranır: əgər hər beynəlxalq sammit ardıcıl alçaldıcı nəticələr
doğurursa, mövcud rəhbərlik milli maraqları nə dərəcədə effektiv
müdafiə edir?

Ankoric dönüş nöqtəsinə çevrildi. ABŞ üçün bu, qlobal liderliyi
möhkəmləndirməyə doğru atılmış addım idi; Avropa üçün –
konsolidasiyaya imkan; Ukrayna üçün – diplomatik hücumun yeni
mərhələsi. Rusiya üçünsə bu görüş onun strateji üfüqlərinin sürətlə
daraldığını təsdiqlədi.

Ankoricin nəticəsizliyi “heç-heçə” deyil. Bu, fiqurların elə
düzülüşüdür ki, Moskva hər gedişində vəziyyətini daha da
pisləşdirir. Vaşinqton manevr azadlığını qorudu, müttəfiqlərini
konsolidasiya etdi və sanksiyaları – ilk növbədə Rusiyanın enerji
sektoruna və onu dəstəkləyənlərə qarşı – sərtləşdirmək hüququnu
saxladı. Bazarlar artıq bunu hiss etdi: neft qiymətləri
gözləntilərdən dolayı dəyişkənlik göstərdi, “ikinci dərəcəli”
sanksiyalar və “kölgə donanması”na qarşı təzyiq mövzusu ön plana
çıxdı.

Ankoricdən sonra “böyük sövdələşmə” pəncərəsi demək olar ki,
bağlandı. İrəliləyiş olmaması halında “çox ciddi” nəticələr olacağı
açıq bəyan edildi ki, bu da ikinci dərəcəli neft və neft məhsulları
sanksiyaları, gəmilərin sığortalanması və sertifikasiyasına sərt
nəzarət, üçüncü ölkələrdə emal proseslərinə təzyiq və ABŞ-da tarif
tədbirləri deməkdir.

Kreml hələ də “köhnə” tələblərdə israr edir: Kiyevin NATO-dan
imtinası, işğalların tanınması, “demilitarizasiya”. Bu isə Qərb
üçün qəbul edilə biləcək ticarət predmeti deyil, çünki hər hansı
güzəşt ABŞ və Avropa siyasətində siyasi intihara bərabərdir. Nəticə
budur: Ankoricdə heç bir razılaşma əldə olunmadı və ABŞ ilə Aİ-də
Ukraynaya yardımı, o cümlədən uzaqmənzilli raketləri və əlavə HHM
sistemlərini artırmaq tələbi böyüyür. Rusiyanın şəhərlərə növbəti
raket zərbəsi Vaşinqtondakı məsləhətləşmələr fonunda bu prosesin
yalnız sürətlənməsinə gətirəcək.

Ankoricdən sonra Berlinin, Parisin və Şərqi Avropa
paytaxtlarının reaksiyası bir cümləyə sığır: Ukraynanın hesabına
“böyük sövdələşmə” olmayacaq. Praktiki planda bu, sanksiyaların və
hüquqi mexanizmlərin sinxronizasiyası, ortaq silah istehsalı
proqramlarının genişlənməsi və NATO-nun şərq cinahının
gücləndirilməsi deməkdir. Biznes müstəvisində isə nəticə aydındır:
Rusiyaya investisiya toksik olaraq qalır, ikinci dərəcəli sanksiya
riski isə yüksək olaraq qalır.

Rusiyanın xammal alıcıları indi Vaşinqton üçün ayrıca hədəfə
çevrilib. Ankoricdən sonra vasitəçilərə və daşımacılara qarşı
ünvanlı tədbirlərin ehtimalı artdı. Çin balanslı davranmağa, yüksək
texnologiya seqmentlərində ikinci dərəcəli sanksiyalara düşməməyə
çalışacaq. Hindistan isə istisnalar üçün bazarlıq edəcək. Amma
artıq “cərimə tarifləri” və ikinci dərəcəli tədbirlər barədə
müzakirələrin gündəmə gəlməsi belə rus nefti ilə əməliyyatları daha
az proqnozlaşdırıla bilən və daha bahalı edir. Bu, fiziki həcmlərin
dərhal azalması olmasa belə, Kremlin resurs bazasını daraldır.

Ankoric diplomatiyanın uğursuzluğu yox, reallığın üzə çıxması
oldu: Moskva tanınma və güzəşt axtarışına gəlmişdi, amma
kompromissiz tərəf damğası və təzyiqlərin sərtləşməsi perspektivi
ilə qayıtdı. ABŞ hərəkət azadlığını saxladı, Avropa birliyini
möhkəmləndirdi, Ukrayna əlavə siyasi arqumentlər qazandı. Rusiya
isə – eyni keçmişin simvolları və gələcəkdəki boşluqla qaldı.

Qısaca desək, Kremlin qarşısında üç yol var – pis, daha pis və
“muzey yolu”. Və o, simvollara nə qədər çox müraciət edirsə, bir o
qədər aydın görünür: strateji gələcəyi yoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir