Türkiyənin xarici siyasət prioritetlərinin önündə yeni strateji panorama açılır. Ankaranın hədəflərini şaxələndirmək üçün yaratdığı istiqamətlərdə Mərkəzi Amerika (Latın Amerikasının bir hissəsini əhatə edir) ölkələri ilə münasibətlərin yaxşılaşdırılması da dayanır.
Yanvarın 20-də Ankarada səfərdə olan Salvadorun Prezidenti Nayib Bukelenin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın qəbulunda olması da Ankaranın Latın Amerikasına yön alan siyasətində növbəti səhifə açıldığını göstərir.
Ankara-San Salvador əlaqələri Türkiyənin müşahidəçi statusunda olduğu Amerika Dövlətləri Təşkilatı, Mərkəzi Amerika İnteqrasiya Sistemi, Karib Hövzəsi Dövlətləri Assosiasiyası, Karib Birliyi, MERKOSUR kimi təşkilatlardakı mövqeyinin güclənməsi və strateji maraqlarının təmini önündə duran maneələri aşmaq baxımından önəmlidir.
Beynəlxalq konyunkturada nüfuz dairələrinin statik vəziyyətdən çıxarılıb yenidən bölüşdürülməsi uğrunda aparılan savaşın nişanələrinin aydın nəzərə çarpdığı bir zamanda dövlətlər var olma instinktini işə salaraq güclənməyin formulunu axtarır.
Dünyanın siyasi sistemi üçün ortaya çıxan yeni sınaqlar, bir qədər gözdən-könüldən “uzaq düşmüş” yerləri də yada salmağa təhrik edir.
Türkiyə-Salvador münasibətlərinin rəngini açmaq prosesinin başlaması da həmin strateji məntiqdən doğur.
Türkiyədə Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti zamanı ölkənin Latın Amerikası regionu ilə əlaqələrinin səviyyəsi yüksəlib.
Bəzi məqamları diqqətə çatdırmaq istərdik:
1. 2002-ci ildə Türkiyə ilə Latın Amerikası ölkələri arasında ticarətin həcmi 1 milyard dollar idisə, 2021-ci ildə bu rəqəm 15 milyard dollar təşkil edib,
2. Türkiyə 15 milyardlıq həcmi iki və ya üç dəfə artırmağı qarşıya məqsəd qoyub,
3. Türkiyəli biznesmenlərin həmin regionda investisiyalarını artıracağı gözlənilir.
İqtisadi pəncərələrin artması siyasi məramın yerinə yetirilməsində baryer olan düyünlü nöqtələri açır ki, bu da Ankaranın xeyrinədir.
Nayib Bukelenin Türkiyəyə səfərində iki ölkə arasında iqtisadiyyat, ticarət, diplomatiya, müdafiə sənayesinə dair altı sənəd imzalanıb ki, bu da əlaqələri yüksək səviyyəyə çatdırmaq yolunda vacibdir.
Burada ən diqqət çəkən məqam müdafiə sənayesi ilə bağlı sənəddir, hərçənd ki, sənədin mətni açıqlanmır. Lakin düşünmək mümkündür ki, Türkiyənin Salvadora müdafiə sənayesi məhsulları ixrac edəcəyi gözlənilir ki, bu da Latın Amerikası ölkəsinin ordu gücünü artırmağa hesablanıb.
Salvadorla hərbi sahədə əməkdaşlıq Türkiyənin Mərkəzi Amerikadakı hərbi iştirakı üçün əsaslar yaradır.
Təbii ki, bu proseslərdə Türkiyənin təkbaşına hərəkətlilik nümayiş etdirməsi barədə düşüncələrə dalmaq sadəlövhlük olardı. Yəqin ki, Qərb siyasi dairələrinin “dərin beyinləri” Türkiyənin artan qüdrətini öz yararına yönəltmək istəyir.
Rusiyanın Venesuelada və Kubada hərbi baza yaratmaq ideyalarının dövriyyədə olduğu zamanlarda Qərb digər oyunçuların regiona gəlməsinə şərait yaradır.
Bukelenin Ərdoğanla birgə mətbuat konfransında verdiyi mesajın alt qatında Türkiyənin Mərkəzi Amerikada aktiv siyasi gücə çevrilməsinin izlərini görürük.
Bukele deyib: “Türkiyə daha böyük güc olacaq və bu, dünya üçün önəmli rol oynayacaq. Biz də Türkiyənin böyüməsinin bir parçası olmaq və onu müşayiət etmək istəyirik”.
Təəssüflər olsun ki, siyasi-strateji vitrinə yeni “məhsullar”ın qoyulması beynəlxalq güclər arasında qarşıdurmaya rəvac verir.
Aqşin Kərimov