Prezident İlham Əliyev İndoneziya Prezidentini təbrik edib

Siyasət

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının
Prezidenti Prabovo Subiantoya təbrik məktubu ünvanlayıb.


Trend
xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və
Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı
çatdırıram.

Azərbaycan-İndoneziya münasibətlərinin son dövrlərdə inkişaf
dinamikası, istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli
strukturlar çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur.
Ölkələrimizin Qoşulmama Hərəkatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı,
D-8 və digər beynəlxalq təsisatlar çərçivəsində səmərəli
əməkdaşlığını xüsusi qeyd etmək istərdim.

Biz Azərbaycan ilə İndoneziya arasında sağlam təməllər üzərində
qurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin
hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Hazırda siyasi,
iqtisadi, mədəni, turizm və digər sahələrdə qarşılıqlı faydalı
əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli zəmin və
imkanlar formalaşmışdır. Hesab edirəm ki, mövcud imkanlardan
bəhrələnərək ikitərəfli fəaliyyət gündəliyimizin genişlənməsinə
nail ola bilərik.

İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin
möhkəmləndirilməsi, birgə fəaliyyətimizin potensialından tam
istifadə olunması, beynəlxalq strukturlar çərçivəsində səmərəli
əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan
sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar, dost İndoneziya xalqına daim əmin-amanlıq və
rifah arzulayıram”