Hər iki tərəf bilirdi ki, Alyaska görüşündə ciddi nəticələr olmayacaq – RƏY

Siyasət

Bakı.Trend:

Alyaska görüşü Rusiya rəhbərinin təcrid olunmuş şəxs olmadığı
görüntüsünü yaratmaq məqsədi daşıyırdı.

Bu barədə Trend-ə Rusiya və ABŞ Prezidentlərinin Alyaska
görüşünü şərh edərkən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin
sədri Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, Tramp və Putin görüşünün keçirilməsi
Ukrayna ilə müharibənin həllinə ümid olması ilə bağlı deyildi:

“Əslində, hər iki tərəf, xüsusilə də Rusiya tərəfi bilirdi ki,
görüşdə ciddi nəticələr olmayacaq. Sadəcə Rusiya Prezidenti
Vladimir Putin uzun müddətdir ki, beynəlxalq aləmdən təcrid olunub.
O, heç bir xarici dövlətə səfər etmir, istisna hallarda yaxın
dövlətlərə səfər edib. Həmçinin, Beynəlxalq Cinayət Məhkəməsi onun
barəsində həbs orderi verib. Bu proseslərin fonunda Rusiya dövləti
rəhbərinin belə bir görüş keçirməsi onun təcrid olunmuş şəxs
olmadığı görüntüsünü yaratmaq məqsədi daşıyırdı. Bu görüş həm də
legitimlik görüntüsü yaratmağı hədəfləyirdi. Müharibə dövründə
Rusiyada həm də seçkilər keçirildi. Seçkilər zamanı da, görüş
ərəfəsində də Rusiya Ukrayanaya genişmiqyaslı hücumlar edirdi. Bunu
dünya müşahidə edirdi”.

“Bütün dünyanın əsas gündəmi olan müharibə barədə görüş
keçirilir, amma şərtlərdə heç bir dəyişiklik yoxdur. Bundan əvvəl
də Rusiyanın şərtləri eyni idi. Rusiya indi də tələb edir ki,
“xüsusi əməliyyat” nəticəsində ələ keçirdikləri ərazilərdə nəzarəti
saxlasın. Hətta o fikirlərdən daha da irəli gedərək, Donetskin tam
boşaldılması ilə bağlı tələb ortaya qoyurlar. Bu, elə bir tələbdir
ki, Ukrayna tərəfinin bundan imtina edəcəyini onsuz da bilirlər.
Bu, o deməkdir ki, Rusiya tərəfi görüşdən ciddi nəticə gözləmirdi.
Sadəcə görüşə getməmək Donald Trampı fakt qarşısında qoyacaqdı.
Əslində, Rusiya tərəfinin bu tələbi danışıqlardan imtinaya bərabər
idi. Ukrayna da gözlənilən kimi, imtina etdi”, – X.Bəşirov
deyib.

X.Bəşirov qeyd edib ki, növbəti görüş ABŞ-də baş tutacaq:

“Aİ burada öz mövqeyini ortaya qoymağa, münaqişəsinin həllində
kənarda qalmadığını göstərməyə çalışır. Avropa liderlərinin Ağ Evdə
keçirəcəyi görüşdə mətbauta çatdırılmayan məsələlər müzakirə
olunacaq. Çünki Donald Tramp və ətrafında olan şəxslər Alyaska
görüşü ilə bağlı ciddi məlumat vermədi. Düşünürəm ki, konkret
fikrin səsləndirilməməsinin səbəbi Ağ Evdə keçiriləcək görüş
olacaq.

Rusiya tərəfinin bundan sonra atacağı addımlar həmin görüşdən
sonra məlum olacaq. Görüşdən sonra, ehtimal ki, Putinlə də
danışıqlar olacaq. Düşünmürəm ki, burada Zelenskinin mövqeyi daha
ciddi qəbul edilsin. Görüşdə əsasən Aİ rəhbərlərinin mövqeyi ciddi
qəbul ediləcək. Əgər görüşdə sanksiyalar və digər mövzularla bağlı
Rusiyaya hər hansı güzəşt ediləcəksə, döyüş meydanında nəticəsini
görəcəyik. Amma Rusiyaya qarşı heç bir güzəşt olmayacaqsa,
düşünürəm ki, müharibə daha geniş miqyas alacaq. Qarşıda soyuq qış
ayları gəlir, bu aylarda biz Rusiyanın daha da aktivləşdiyinin,
genişmiqyaslı hücumlar etdiyinin şahidi oluruq. Hesab edirəm ki,
görüşlərin nəticəsi Rusiya döyüş meydanındakı proseslərin
müqəddəratını həll edəcək”.

Politoloq Zaur Məmmədov Trend-ə açıqlamasında
bildirib ki, Rusiya və ABŞ liderlərinin görüşündən sonra Moskva
daha da arxayınlaşıb:

“Mənim də təxminlərim ondan ibarət idi ki, Tramp və Putin
arasında simpatiya var və onlar çoxdan bu və ya digər məsələlərdə
ortaq məxrəcə gəlmək üçün bəyanatlar veriblər. Trampın hakimiyyətə
gəldiyi ilk aylarda da görürdük ki, Zelenskiyə təzyiqlər göstərir.
Zelenskinin təzyiqlərə tab gətirməsi və öz mövqeyini ortaya qoyması
ona gətirib çıxarmışdı ki, ABŞ neytral mövqe nümayiş etdirməyə
başlamışdı”.

“İndi də mətbuatda və müxtəlif resurslarda məlumatlar gəzir.
Uitkoff xətti, 4 vilayət, Rusiya və ABŞ arasındakı razılıqla bağlı
məsələlər var. ABŞ-nin gələcəkdə Avropa və Ukrayna təhlükəsizliyi
ilə bağlı Rusiya ilə razılaşmasına dair fikirlər irəli sürülür. Son
günlər Rusiya raket və dronlarının daha iri çapda Ukraynaya hücum
etməsi də onu göstərir ki, bütün bunlar Zelenskinin mövqeyinə təsir
etmək üçün edilir. Hər bir halda Zelenski ilə Tramp arasındakı
görüş olduqca vacibdir. Çünki bu görüşdə tərəflər bir-birinə
müharibənin gedişatı ilə bağlı öz fikrini demiş olacaq”,
-Z.Məmmədov deyib.