
Bakı. Trend:
Avqustun 18-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə
prosesində zərərçəkmiş şəxslərin hüquqi varisi Çingiz Alməmmədov
ifadə verib.
Trend xəbər
verir ki, o, Laçın rayonundan məcburi köçkün düşdüyünü deyib.
Zərərçəkmiş şəxs polis əməkdaşı kimi Laçının müdafiəsində iştirak
etdiyini də söyləyib.
Laçının işğalı zamanı Ermənistanın Gorus rayonundan açılan top
atəşləri nəticəsində atası İdris Alməmmədov, qardaşı Ehtiram
Alməmmədov, qardaşının həyat yoldaşı Mahirə Alməmmədova və
qardaşının körpə övladı həlak olub. Ç.Alməmmədov onların Ağcabədi
rayonunda dəfn edildiyini deyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi davam etdirilir.

