Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyi gözlənilir, cənab Putinin Ankara trafikinin vaxtı bəlli olmasa da, onun keçirəcəyi görüşlər Ukrayna düyününün diplomatik yolla açılması baxımından həlledici ola bilər.
Hələlik Rusiya tərəfi Vladimir Putinin səfərini ertələmək üçün səy göstərir. Kremlin mətbuat katibi Dmitri Peskovun “Epidemioloji vəziyyət və iş qrafiki imkan verən kimi cənab Putin Türkiyəyə səfər edəcək” deməsi Ankaraya nəzərdə tutulan səfərin gecikdirilməsi planına işarə kimi başa düşülür.
Bununla da Kreml:
1. Putinin daha güclü əsaslarla Türkiyəyə yollanması üçün vaxt qazanır;
2. Rusiya strateqləri NATO və ABŞ-dan Kremlin təhlükəsizlik zəmanəti barədə sənədinə cavabını incələyir. Bunun hansı nöqtədə Türkiyə-Rusiya müştərək maraqlarına zərbə vuracağına Ankaranı inandırmaq üçün daha inandırıcı tezislər üzərində çalışır.
2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Qara dənizdə hərbi balans dəyişib. Bu, Türkiyə qarşısında həm NATO-nun qaydasına uyğun olaraq kollektiv müdafiə səylərini gücləndirmək, həm də fərdi müdafiə konsepsiyasının sərhədlərini genişləndirmək çağırışlarını qoyur.
Türkiyə NATO üzvü olduğundan Qara dənizdə bu hərbi təşkilatın gücü ilə koordinasiya qurur və kollektiv müdafiə mexanizmi formalaşdırmağa çalışır.
Amma Rusiyanın Krımda hərbi gücünü artırması perspektivə dair yanaşmada Türkiyəni daha korrekt davranmağa vadar edir.
Türkiyə isə haqlı olaraq NATO-ya etibarlı əsaslarla bel bağlamır, məhz öz müdafiə qabiliyyətini artıraraq dəniz sərhədlərini mobilləşdirməyə ehtiyac duyur.
Vəziyyət siyasi-strateji dramatizm həddində olduğu üçün Ankara Moskva ilə mövcud olan iqtisadi bağları bərkitmək üçün hərbi-siyasi əlaqələri (məsələn, S-400-lərin tədarükü) dərinləşdirir.
Rusiya da Qərbə qarşı cəbhədə Türkiyə amilinə əhəmiyyətli ehtiyac hiss edir, Ankaranın Qərbin ikili yanaşmalarına məruz qalmasından öz xeyrinə faydalanmaq istəyir.
Vladimir Putinin Türkiyəyə aparacağı portfeldə Ankaradan Ukrayna məsələsində dirəniş göstərməmək üçün reseptlər yer alacaq, əks təqdirdə, Moskva-Ankara xəttində qırılma olacağı ehtimalından danışmaq mümkündür.
Ərdoğan-Putin tandemi iki ölkə arasındakı hərarətli münasibətləri soyutmaq niyyətində deyil, amma Ukrayna tərəflərə strateji cizgi təqdim etdiyindən, həssas zəmin yaranır.
Türkiyə lideri Ərdoğan Ukrayna böhranında müharibə ssenarisinin mümkünlüyü halında Ankaranın NATO üzvü kimi hərəkət edəcəyini söyləyib. Təbii ki, bu bəyanat Rusiyanın narahatlığına səbəb olur.
Tabloya barıt rəngi qatılacağı təqdirdə, Rusiya ilə Türkiyənin Suriyada tıxanan maraqlarının da ağzı açılacaq və əlavə risklər doğuracaq.
İndi regional arxitekturanın taleyi ilə narahat baxışlar Putin-Ərdoğan görüşünə zillənib.
Bəs hansı nəticə gözləyək?
1. Putin Ukraynada müharibə başlayandan sonra Türkiyəyə gedəcəksə, bu görüşdən xüsusi müsbət nəsə gözləməyə dəyməz;
2. Müharibədən öncə getsə, yenə də Ukrayna böhranının dərinləşməsinin qarşısı alınmayacaq;
3. Putinin səfəri sadəcə Rusiya və Türkiyənin qırmızı xətlərinin strateji dəqiqliyini bir daha müəyyən etməyə hesablanıb.
Aqşin Kərimov