Ermənistan silahlı qüvvələrinin Xankəndiyə, Laçına, Kəlbəcərə, Ağdərəyə, Cəbrayıla, Füzuliyə hücumları nəticəsində məcburi köçkün düşmüş, yaralanmış, doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə veriblər

Siyasət

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət
işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 18-də
davam etdirilib.

Trend xəbər verir
ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə,
Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim
Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən
şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri
üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş
şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən
prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların
qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah
edib.

Təqsirləndirilən şəxs Bako Sahakyanın vəkili müdafiə etdiyi
şəxslə konfidensial şəkildə görüşmək, təqsirləndirilən şəxs Arayik
Harutyunyanın vəkili isə müdafiə etdiyi şəxslə məhkəmə zalında
telefonla danışmaq istədiyini bildirib.

Sədrlik edən hakim müdafiəçilərin vəsatətlərini təmin edərək
telefon danışığı və konfidensial görüş keçirilməsi üçün məhkəmədə
fasilə elan edib.

Fasilədən sonra məhkəmə iclası zərərçəkmiş şəxslərin və
zərərçəkmişlərin hüquqi varislərinin ifadələri ilə davam
etdirilib.

Zərərçəkmiş şəxs Eldar Həsənovun hüquqi varisi – oğlu Namiq
Həsənov ifadəsində atasının 1992-ci il fevralın 26-da Xocalıda
Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində şəhid olduğunu
söyləyib. “Atam həmin vaxt Ağdamdan Xocalıya köməyə getmişdi.

Mən və doğmalarım isə Ağdam rayonundan məcburi köçkün düşmüşük”,
– deyə o əlavə edib.

Zərərçəkmiş şəxs Pənah Məmmədovun hüquqi varisi Məzahir Məmmədov
ifadəsində Laçın rayonunun Oğuldərə kəndinin sakini olduğunu,
1992-ci ildə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində
yaşadıqları yerdən məcburi köçkün düşdüyünü bildirib. Onun qardaşı
Pənah Məmmədov 1993-cü ildə Ağdamda döyüşlər zamanı itkin
düşüb.

Zərərçəkmiş şəxslərin hüquqi varisi Çingiz Alməmmədov ifadəsində
Laçın rayonundan məcburi köçkün düşdüyünü deyib. Zərərçəkmiş şəxs
polis əməkdaşı kimi Laçının müdafiəsində iştirak etdiyini də
söyləyib. Laçının işğalı zamanı Ermənistanın Gorus rayonundan
açılan top atəşləri nəticəsində atası İdris Alməmmədov, qardaşı
Ehtiram Alməmmədov, qardaşının həyat yoldaşı Mahirə Alməmmədova və
qardaşının körpə övladı həlak olub. Baş Prokurorluğun Dövlət
ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon
məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi
Nəsir Bayramovun suallarını cavablandıran Ç.Alməmmədov həlak olan
doğmalarının Ağcabədi rayonunda dəfn edildiyini deyib.

Zərərçəkmiş şəxs Nuran Qasımov ifadəsində bildirib ki,
Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində 44 günlük
Vətən müharibəsində və 2021-ci ildə Laçında şərti sərhədin
yaxınlığında yaralanıb. Onun qardaşı Teymur Qasımov isə 2016-cı
ilin Aprel döyüşləri zamanı, aprelin 2-də Ermənistan silahlı
qüvvələrinin təxribatları nəticəsində şəhid olub.

Hidayət Cahangirov ifadəsində Vətən müharibəsi zamanı – 2020-ci
il oktyabrın 12-də yaralandığını söyləyib. Zərərçəkmiş şəxs
təqsirləndirilən şəxs David Manukyanın sualına cavabında
yaralanması ilə əlaqədar 2021-ci ilin may ayına qədər müalicə
olunduğunu deyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran
zərərçəkmiş şəxs Sərvin Cavadzadə 2020-ci ilin Vətən müharibəsi
zamanı, oktyabrın 15-də Cəbrayıl istiqamətində yaralandığını
deyib.

Vüqar Fərəcov ifadəsində Xankəndidə yaşadığı evin 1988-ci ildə
ermənilər tərəfindən talan olunduğunu, nəticədə doğmaları ilə
birlikdə məcburi köçkün düşdüyünü bildirib. O, məcburi köçkün
düşənə qədər Xankəndidə Nizami Gəncəvi adında 4 nömrəli məktəbdə
təhsil aldığını deyib. Dövlət ittihamçısı Vüsal Abdullayevin
suallarına cavabında zərərçəkmiş şəxs Xankəndidə bütün
azərbaycanlılara qarşı təzyiqlər olduğunu, evlərin talan edildiyini
və yandırıldığını söyləyib. V.Fərəcov məcburi köçkün olarkən ailə
üzvləri ilə birlikdə Qubadlı rayonunda məskunlaşıb. 1993-cü ildə
isə Qubadlıya Ermənistan silahlı qüvvələri tərəfindən hücumlar
edilməsi səbəbindən məcburi köçkün düşüblər.

Şakir Orucov ifadəsində 1992-ci ilin may ayında Ermənistan
silahlı qüvvələrinin hücumları nəticəsində yaşadığı Laçın rayonunun
Qorçu kəndindən məcburi köçkün düşdüyünü bildirib. Dövlət
ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında evlərinin
talan edilərək yandırıldığını bildirib. Ermənistan silahlı
qüvvələrinin hücumu nəticəsində qardaşı oğlu Bərdədə şəhid
olub.

Zərərçəkmiş şəxsin hüquqi varisi Fazil Səmədov qardaşının
1993-cü ilin mart ayında Ermənistan silahlı qüvvələri ilə döyüşlər
zamanı itkin düşdüyünü bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını
cavablandıran zərərçəkmiş Ramin Xəlilov Xocavənd rayonunda hərbi
xidmətdə olarkən Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər
nəticəsində 2005-ci və 2007-ci illərdə yaralandığını söyləyib.

Bəhruz Qurbanov ifadəsində deyib ki, 2016-cı il aprelin 3-də
(Aprel döyüşləri zamanı – red.) Ermənistan silahlı qüvvələrinin
atdığı mərmilərin partlaması nəticəsində Tərtərdə yaşadığı evə və
sahibkarlıq təsərrüfatına zərər dəyib, özü isə yaralanıb.

Fehruz Bayramov ifadəsində Ermənistan silahlı qüvvələrinin
hücumları nəticəsində 1993-cü il avqustun 23-də Cəbrayıl rayonundan
məcburi köçkün düşdüyünü deyib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay
Rəhimlinin suallarını cavablandıran Taleh Əliyev Ermənistan silahlı
qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Füzuli rayonunun
Zərgər kəndindən məcburi köçkün düşdüyünü bildirib. Əmisinin iki
oğlu öldürülüb.

Əli Cəfərov Xankəndidə anadan olduğunu, 1991-ci ildə məcburi
köçkün düşdüyünü, həmin il sentyabrın 25-də atası Şərif Cəfərovun
Kərkicahanda düşmənin hücumu nəticəsində xəsarət aldığını
söyləyib.

Mayıl Şirinov ifadəsində bildirib ki, Ermənistan silahlı
qüvvələrinin hücumu zamanı – 1993-cü il oktyabrın 24-də atası, iki
qardaşı və dayısı Cəbrayıl rayonunda itkin düşüb. Qardaşlarının və
dayısının nəşrləri ötən il tapılıb. Atasının nəşi indiyədək
tapılmayıb.

Bəsti Hacıyeva ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumu
nəticəsində 1993-cü il avqustun 23-də Cəbrayıl rayonunun Dağ Tumas
kəndindən, Sücahət Həziyeva isə həmin gün rayonun Xələfli kəndindən
məcburi köçkün düşdüyünü deyiblər. Rüxsarə Piriyeva və Vüqar
Hacıyev də 1993-cü ildə Cəbrayıldan məcburi köçkün düşdüklərini
söyləyiblər.

Sürəyya Niftəliyeva Ermənistan silahlı qüvvələrinin hücumu
nəticəsində 1993-cü ildə ailə üzvləri, o cümlədən iki körpə uşağı
ilə birlikdə yaşadığı Zəngilan rayonundan məcburi köçkün düşdüyünü
söyləyib.

Xuraman Muradova 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin
Laçın rayonuna hücumları nəticəsində məcburi köçkün düşdüyünü
söyləyib. Yaşadığı ev yandırılıb. Bundan sonra Goranboy rayonunun
Ballıqaya kəndinin ərazisində məskunlaşıb. O bildirib ki,
Ermənistan silahlı qüvvələri 1992-ci il avqustun 28-də həmin kəndə
hücum edərək qətliam törədib. Bu zaman 24 nəfər azərbaycanlı, o
cümlədən 6 aylıq körpə və yaşı 100-dən yuxarı olan şəxs qətlə
yetirilib.

Kifayət Quliyeva ifadəsində 1990-cı illərdə yaşadığı Ağdərə
rayonunun Vəngli kəndində azərbaycanlıların ermənilər tərəfindən
sıxışdırılmasından danışıb. “Məqsəd azərbaycanlıların evlərindən
çıxaraq getməsinə nail olmaq idi”, – deyə zərərçəkmiş söyləyib. O
bildirib ki, nəticədə özü, doğmaları və digər azərbaycanlılar
yaşadığı yurd-yuvalarından məcburi köçkün düşüblər.

Nailə Hüseynova ifadəsində həyat yoldaşının 1991-ci il mayın
20-də qətlə yetirildiyini, özünün isə Cəbrayıl rayonunun Çullu
kəndindən məcburi köçkün düşdüyünü deyib.

Oktay Əmirov, Dilafət Rəsulov, Qoşqar Rəsulov, Səlim Mehdiyev,
Pərviz Paşayev Ermənistan silahlı qüvvələrinin hücumları
nəticəsində 1992-ci ildə Laçın rayonundan, Məhəmməd Ağamalıyev
1992-ci ildə Kəlbəcər rayonundan, Niyazi Məmmədov, Mahir Aslanov
1992-ci ildə Ağdərə rayonundan, Təranə Yusifova 1993-cü ildə Ağdam
rayonundan məcburi köçkün düşdüklərini bildiriblər.

Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, o cümlədən
Levon Mnatsakanyanın, David Babayanın, təqsirləndirilənlərin
müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da
cavablandırıblar.

Məhkəmə prosesi avqustun 21-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir