Zaman ermənilərin əleyhinə işləyir

Siyasət

Bakı. Trend:

Müharibələr nadir hallarda nöqtə ilə bitir. Onlar yalnız
demarkasiya xətləri və imzalanmış bəyanatlarla yox, həm də
siyasi-hüquqi reallığın toxumasında dərin struktur dəyişiklikləri
ilə yadda qalır. Bu, xüsusilə Cənubi Qafqaz üçün keçərlidir – çünki
bölgədə postmünaqişə status-kvonu yekun mərhələ kimi yox, yeni bir
fazanın – institusional qeyri-müəyyənliyin, geosiyasi uyğunlaşmanın
və nəticələrin izahı uğrunda diskursiv mübarizənin başlanğıcı kimi
qəbul etmək lazımdır.

2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatması və
xüsusilə 2025-ci ildə Vaşinqton danışıqlar raundunun
yekunlaşmasından sonra Azərbaycan-Ermənistan münasibətləri
post-realist transformasiya mərhələsinə keçdi. Bu mərhələdə formal
çərçivələr hibrid tənzimləmə modelləri ilə əvəzlənir, hüquqi
konturlar isə getdikcə daha çox siyasi praqmatizmlə
müəyyənləşir.

Ənənəvi beynəlxalq təcrübədə postmüharibə dövrləri üçüncü
tərəflərin iştirakı və təminatlı icra mexanizmləri ilə
institusional vasitəçiliyi nəzərdə tutursa, Azərbaycanla Ermənistan
arasındakı hazırkı dinamika geosiyasi reasimmetriya və hüquqi
disbalans şəraitində cərəyan edir. Klassik balanslaşdırma
prinsipləri artıq effektivliyini itirib. Yaranmaqda olan qarşılıqlı
münasibətlər arxitekturası bir neçə mühüm dəyişikliklə xarakterizə
olunur: çoxtərəfli vasitəçilikdən ikitərəfli diplomatiyaya keçid;
universal normalardan situativ legitimləşməyə keçid; deklarativ
razılaşmalardan praqmatik reallığa keçid.

Bu reallıqda “sabitlik” anlayışı belə yenidən düşünülməlidir.
Eyni zamanda, sistemin özü sabit deyil – çünki o, institusional
vakuum və öhdəliklərin icrasına nəzarət mexanizmlərinin yoxluğu
şəraitində fəaliyyət göstərir.

2025-ci ilin ortalarında başa çatan Vaşinqton danışıqları
mərhələsi postmüharibə diplomatik inersiyasını yeni reallıqdan
ayıran dönüş nöqtəsi oldu. Bu yeni reallıqda artıq formal
müqavilələr deyil, sabitlik ideyası ön plandadır – davamlı
balanslaşdırma prosesinin nəticəsi kimi. Dominant aktor tək deyil –
polisentrik təzyiqlər və şəbəkəvi diplomatiya yeni dinamikanı
formalaşdırır.

Məqsədimiz postmünaqişə qarşılıqlı münasibətlərin yekun modelini
təqdim etmək iddiası deyil. Əksinə, bu, konseptual xəritələşdirmə
cəhdidir – normallaşma prosesinin dayanıqlığını ya zəiflədən, ya da
dəstəkləyən əsas amillərin aşkarlanması və təhlili məqsədini
daşıyır. Seçilmiş təhlükəsizlik, hüquqi legitimlik və beynəlxalq
subyektlik paradiqması çərçivəsində biz beş qarşılıqlı əlaqəli
analitik klaster müəyyənləşdiririk. Hər biri post-Vaşinqton
reallığında konkret gərginlik vektorunu əks etdirir:

1. İnstitusional dekontruksiya – razılaşmaların
icrasını müşayiət edən davamlı mexanizmlərin eroziyası və ya
ümumiyyətlə olmaması, hüquqi normaların yerini qeyri-formal şəbəkə
konvensiyalarının tutması;

2. Hüquqi indeterminasiyaya – formulələrin
strateji qeyri-müəyyənliyi, interpretasiya tələləri və öhdəliklərin
assimmetriyası;

3. Humanitar instrumentallaşma – humanitar
gündəmin siyasi təzyiq və leqitimizasiya alətinə çevrilməsi;

4. Ərazi-hüquqi dualizm – de-fakto nəzarətlə
de-yure tanınma arasında ziddiyyət, sərhədin delimitasiyası ilə
bağlı çağırışlar;

5. Konstitusion revizionizm – ərazi iddiaları
prizmasında dövlət quruluşunun əsaslarını yenidən yozmaq üçün
institusional cəhdlər.

Bu beş klaster birlikdə regionda hüquqi və siyasi sabitliyin
dayanıqsızlığını yaradan əsas sütunları təşkil edir. Belə bir
şəraitdə normallaşma yalnız mexaniki razılaşmalar deyil, həm də
hüquqi interpretasiya savaşı, diplomatik mühəndislik və geosiyasi
risklərin kompleks tənzimlənməsi fonunda mümkündür. Araşdırmanın
davamında bu faktorlar dərinliklə təhlil olunacaq.

Beləliklə, Azərbaycanla Ermənistan arasında formalaşan
postmünaqişə matrisi təkcə diplomatik fenomen deyil, həm də
çoxsaylı zəif nöqtələri olan mürəkkəb sistemdir. Bu sistemin daxili
məntiqini dərk etmədən dayanıqlı sülhdən danışmaq mümkün deyil.

ATƏT-in Minsk Qrupunun normayaratma vasitəçiliyinin struktur
daşıyıcısı kimi aradan çıxarılması danışıqlar prosesinin legitim
platformasının deqradasiyasını simvolizə edir. Onun yerində isə
institusional verifikasiya və hüquqi təmsilçilikdən məhrum olan,
geosiyasi cəhətdən rəqabət aparan subyektlər – ABŞ, Aİ və Rusiya –
arasında vasitəçilik funksiyalarının bölüşdürüldüyü qeyri-sabit
polisentrik fasilitasiya modeli yaranır.

ABŞ-Ermənistan strateji dialoqu ilə əlaqələndirilən TRIPP
layihəsi nəqliyyat funksionalizmini siyasi barış arxitekturasına
inteqrasiya etmək cəhdi kimi təqdim olunur. Lakin nəqliyyat
dəhlizlərinin hüquqi statusu ilə bağlı razılaşdırmanın və normativ
tənzimləmənin olmaması, infrastruktur parametrlərinin hüquqi
baxımdan qeyri-müəyyənliyi diskursiv interpretasiya rəqabəti
şəraitində yeni münaqişə ocaqları yaradır.

Erməni diplomatik ritorikası siyasi münaqişəni sistematik
şəkildə humanitarlaşdıraraq, etnik viktimizasiya narrativlərini
saxta, əsassız “etnik təmizləmə”, “soyqırım” və “məcburi köç” kimi
qondarma evfemistik konstruksiyalar vasitəsilə səsləndirir. Fəqət
bu cür leksik çərçivə beynəlxalq humanitar hüququn əsas
anlayışlarını, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin Roma
Statutunda qeyd olunan kriteriyaları nəzərə almır.

Kollektiv məsuliyyətin əvəzinə fərdi məsuliyyət prinsipinə və
mens rea (niyyət) meyarının tətbiqinə əsaslanan hüquqi yanaşma
2023-cü ildə Qarabağda baş verən hadisələrə dair erməni
iddialarının hüquqi əsasını zəiflədir. Əhalinin könüllü şəkildə
ərazidən çıxması, cəza və ya repressiya mexanizmlərinin olmaması
fonunda, hüquqa zidd əsas olmadan deportasiya kimi qiymətləndirilə
bilməz (ex injuria jus non oritur). Həmçinin bu halın “müdafiə üçün
məsuliyyət” (R2P) doktrinası çərçivəsində təqdim edilməsi də
metodoloji baxımdan əsassızdır, çünki sistemli repressiya üçün
tələb olunan kumulyativ faktorlar mövcud deyil.

Ermənistanın münaqişənin aktiv fazası başa çatdıqdan sonra
saxlanılan şəxsləri hərbi əsir kimi tanıtmaq cəhdi beynəlxalq
hüququn pozitiv normaları ilə ziddiyyət təşkil edir. 1949-cu il
Cenevrə Konvensiyasına (III) əsasən, hərbi əsir statusu yalnız
silahlı münaqişə zamanı əsir götürülmüş və kombatantlıq
kriteriyasına cavab verən şəxslərə şamil olunur. Silahlı fazadan
kənarda bu statusun tətbiqi ultra vires xarakter daşıyır.

Azərbaycanın hüquq-mühafizə təcrübəsi saxlanılan şəxslərlə bağlı
daxili cinayət-prosessual qanunvericiliyə və beynəlxalq cinayət
əməkdaşlığının normalarına əsaslanır. Diversiya, terror aktları və
qətllərdə təqsirləndirilən şəxslərin “girovlar” və ya “siyasi
repressiya qurbanları” kimi təqdim olunması isə rule of law
(qanunun aliliyi) doktrinası və milli yurisdiksiyaya qarışmama
(domestic jurisdiction clause) prinsipinə zidd olan semantik
manipulyasiyadır.

Azərbaycan ərazisinin guya “Ermənistanın torpaqlarını işğal
etməsi” kimi təqdim olunan absurd ritorik strukturlar ərazi
iddialarının siyasi manipulyasiyasına əsaslanaraq, xəritəçilikdə
münaqişəli dualizm paradiqmasını formalaşdırır. Bu halda dövlət
sərhədinin delimitasiyası prosesi hüquqi əsaslardan sıxışdırılaraq
siyasi hədd-hüdudsuzluq sahəsinə ötürülür. Halbuki dövlət
sərhədlərinin delimitasiyası yalnız arxiv xəritələri, hüquqi
sənədlər və texniki altkomissiyaların iştirakı ilə ikitərəfli
konsensus əsasında həyata keçirilə bilər.

Sərhədlərin siyasiləşdirilməsi və topoqrafik mübahisələrin
parlament və ya media ritorikası səviyyəsində ictimailəşdirilməsi,
beynəlxalq hüququn ex aequo et bono (ədalətlilik və vicdanlılıq)
prinsipini pozur və bütün tərəflər üçün hüquqi qüvvəyə malik
sazişlərin (erga omnes) bağlanmasına mane olur. Bundan əlavə,
Ermənistan tərəfi saxta bir dilemma yaradır: guya sülh yalnız
Azərbaycan əvvəlcədən hüquqi əsaslara uyğun gəlməyən şərtləri
yerinə yetirdiyi təqdirdə mümkündür. Bu isə danışıqlarda konsensus
əsaslı minimalizm prinsipinin pozulması deməkdir.

Ermənistanda hazırkı konstitusiya islahatı layihəsi ərazi
iddialarına əsaslanan ritorikanı konstitusiyadan çıxarmağa
yönəldilsə də, həm institusional, həm də sosial-siyasi sabotajla
üzləşir. Beynəlxalq hüququn üstünlüyü (supremacy of international
law) prinsipinə zidd olaraq, Ermənistan Konstitusiyasının mövcud
redaksiyasında BMT Nizamnaməsində təsbit olunmuş ərazi bütövlüyü və
güc tətbiq etməmək (non-aggression clause) prinsipini pozan
müddəalar hələ də qalır.

Ultramilitarist, klerikal və diaspor təsirli aktorların
parlament diskursuna təsiri konstitusiya islahatlarının məzmununda
kəskin ziddiyyət yaradır. Bu ziddiyyət Ermənistanın sülh prosesində
üzərinə götürdüyü öhdəliklərlə daxili hüquqi norma sistemi arasında
kognitiv dissonans yaradır. Hüquqi reallığın status quo ante bellum
(müharibədən əvvəlki vəziyyət) səviyyəsində qalması Ermənistanı
paradoksal vəziyyətə salır: rəsmi İrəvan Azərbaycandan güzəştlər
tələb edir, lakin öz daxilində bu güzəştləri simmetrik şəkildə
əsaslandıracaq heç bir hüquqi dəyişiklik etmir.

2020-ci ildə 44 günlük müharibədə Ermənistanın məğlubiyyəti və
2023-cü ilin sentyabrında Qarabağda separatizmin tamamilə ləğvi
Cənubi Qafqaz regionunu formal olaraq postmünaqişə mərhələsinə
daxil etdi. Lakin bu mərhələ sabit bir sülh dövrünü deyil, daha çox
qeyri-sabit, hüquqi baxımdan qeyri-formalaşmış və bir çox hallarda
müxtəlif yozumlara açıq olan kvazi-sülh konfiqurasiyasını
xatırladır. Müharibə bitmiş kimi görünsə də, sülhün hüquqi
mahiyyəti hələ də rəsmiləşdirilməyib və bu səbəbdən interpretasiya
mübarizəsinin obyektinə çevrilib.

Bu vəziyyət unikal olmasa da, Cənubi Qafqazda xüsusilə kəskin
şəkildə təzahür edir. Çünki burada imperiya miraslarının, geosiyasi
rəqabətin və zəif beynəlxalq mexanizmlərin üst-üstə düşməsi
nəticəsində sülhə doğru atılan hər bir addım yeni bir mübarizə
meydanına çevrilir. Bu paradoksun mərkəzində isə universal şəkildə
qəbul olunmuş, hüquqi baxımdan rəsmiləşdirilmiş və institusional
şəkildə təmin olunmuş sülh müqaviləsinin olmamasıdır.

Yaranmış hüquqi mənzərə beynəlxalq hüquq nəzəriyyəsində “norm
collision” (normativ toqquşma) kimi tanınan fenomenə bənzəyir –
müxtəlif hüquq rejimləri arasında uyğunsuzluq müşahidə olunur.
Beynəlxalq humanitar hüquq, insan hüquqları hüququ, ərazi bütövlüyü
və öz müqəddəratını təyin etmə prinsipləri siyasi manipulyasiya
vasitəsinə çevrilib, lakin onlar vahid hüquqi çərçivədə
birləşdirilməyib və sinxronlaşmayıb.

Ermənistan və onun qərbli tərəfdaşları – xüsusilə Fransa,
Belçika və bir sıra QHT-lər – humanitar gündəliyi siyasi təzyiq
vasitəsinə çeviriblər. Human Rights Watch, Amnesty International və
AŞPA-nın hesabatları (məsələn, AŞPA-nın 2023-cü il tarixli 2517
saylı Qətnaməsi) konkret epizodlardan istifadə edərək “humanitar
fəlakət” narrativini qurmağa çalışır. Bu zaman isə heç bir
prosessual yoxlama aparılmadan, hüququn fundamental prinsipləri –
günahsızlıq prezumpsiyası və obyektivlik – pozulur.

Bu praktika “lawfare” (hüquq savaşı) kimi qiymətləndirilə bilər
– yəni beynəlxalq hüquq ədalət aləti deyil, simvolik və siyasi
hegemonluq uğrunda mübarizə silahına çevrilir.

Ermənistan 2022-ci il 6 oktyabrda Praqada Aİ-nin vasitəçiliyi
ilə keçirilən görüşdə Azərbaycanın ərazi bütövlüyünü tanısa da,
faktiki olaraq erməni cəmiyyətində və siyasi elitasında ərazi
iddialarının yenidən konseptuallaşdırılması davam edir. “1920-ci
illərin xəritələri”, “Qərbi Zəngəzur” ritorikası və sərhədlərin
reviziyası çağırışları yenidən gündəmə gətirilir. Bu isə BMT
Nizamnaməsinin 2(4)-cü maddəsində təsbit olunan dövlətlərin ərazi
bütövlüyünə hörmət prinsipini pozur və münaqişənin təkrar
alovlanması üçün zəmin yaradır.

Azərbaycanla Ermənistan arasında hələ də sülh müqaviləsinin
imzalanmaması postmünaqişə prosesini danışıqlar entropiyasına
çevirib – bu, o haldır ki, çoxsaylı danışıqlar kanalları mövcuddur,
lakin heç biri ümumi nəticə vermir. Brüsseldə, Moskvada,
Vaşinqtonda və digər beynəlxalq forumlarda keçirilən onlarla görüş
dayanıqlı sülhün institusional əsaslarını formalaşdırmayıb.

Əsas struktur çatışmazlıqlar aşağıdakılardır:

a) Müqavilə boşluğu: tərəflərdən heç biri
parlamentlər tərəfindən ratifikasiya olunmuş, beynəlxalq
təminatlara malik rəsmi sülh müqaviləsi mətni təqdim etməyib.

b) İnstitusional vakuum: tərəflər arasında
mübahisələrin həlli, razılaşmalara nəzarət və prosedur normalar
üçün ümumi bir mexanizm yoxdur (müqayisə üçün: Donbas üzrə Minsk
razılaşmaları və ya Bosniya üzrə Deyton müqaviləsi).

c) Normativ assimmetriya: hətta əsas anlayışlar
– “delimitasiya”, “kommunikasiyaların açılması”, “demilitarizasiya”
– İrəvan tərəfindən tamamilə fərqli şəkildə şərh olunur.

Bu struktur boşluqlar postmünaqişə arxitekturasının sabitliyinə
mane olmaqla yanaşı, diplomatik prosesin legitimliyini də
zəiflədir. Gələcəkdə sülhün real şəkildə təmin olunması üçün bu
boşluqların aradan qaldırılması zəruridir.

Post-Vaşinqton tənzimləməsi marşrutunda rasional çıxış yolu
hüquqi əsasların və institusional mexanizmlərin bərqərar
edilməsindən keçir. Siyasi mənzərənin qeyri-müəyyənliyi, maraqların
toqquşması və ritorikanın boşluğu yalnız hüquqla əvəz olunduqda
real nəticələr əldə etmək mümkündür.

Əvvəla, danışıqlar siyasi ritorikadan və emosionallıqdan
təmizlənməlidir. Bunun əvəzinə beynəlxalq hüququn norma və
prinsiplərinə söykənən, açıq şəkildə kodlaşdırılmış sülh müqaviləsi
hazırlanmalıdır. Belə müqavilənin təməl sütunları kimi aşağıdakı
elementlər önə çıxır: Azərbaycanın 1991-ci il sərhədləri
çərçivəsində ərazi bütövlüyünün tanınması (bu, Helsinki Yekun Aktı
və MDB-nin Almatı Bəyannaməsi ilə təsdiqlənib), mübahisələrin
beynəlxalq hüquqi mexanizmlərlə – o cümlədən, BMT-nin Beynəlxalq
Ədalət Məhkəməsi və ya beynəlxalq arbitraj vasitəsilə – həlli,
habelə kommunikasiyaların açılması və qarşılıqlı təminatların
həyata keçirilməsi üzrə konkret prosedurlar.

İkinci mühüm istiqamət formatların institusionalizasiyasıdır.
İndiyədək aparılan qeyri-formal və nəticəsiz görüşlər əvəzinə,
daimi fəaliyyət göstərən hökumətlərarası komissiyalar
yaradılmalıdır. Onların konkret mandatı, iş qrafiki, prosedur
normaları və pozuntulara qarşı hüquqi sanksiyaları olmalıdır.
Beləliklə, proses “protokol görüntüləri” səviyyəsindən çıxaraq
hüquqi məsuliyyətli dialoq müstəvisinə keçəcək.

Üçüncü mərhələ isə universal hüquqi konsensusun əldə
olunmasıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, beynəlxalq hüququn
dörd baza prinsipi dəyişməz və şərtsiz şəkildə qüvvədə qalmalıdır:
dövlətlərin suverenliyi, sərhədlərin toxunulmazlığı, daxili işlərə
qarışmamaq və bərabərlik prinsipi. Bu dəyərlər BMT Baş
Assambleyasının qəbul etdiyi 2625 (XXV) saylı “Dostluq
münasibətləri haqqında Bəyannamə”də də hüquqi sistemin dayaqları
kimi göstərilir. Bu prinsiplər üzrə tərəflər arasında ümumi
razılaşma əldə olunmadan, istənilən saziş yalnız kağız üzərində
qalacaq və real sabitliyə çevrilməyəcək.

Bugünkü tənzimləmə mərhələsini rəsmi İrəvan və onun havadarları,
fransız filosof Jan Bodriyarın təbirincə desək, sülhün simulyakrına
– yəni məzmunun əvəzinə forma, nəticənin yerinə görüntü, sülhün
özünün əvəzinə onun təsiri çıxış etməsinə – çevirməyə meyllidir.
“Yol xəritələri”, “bəyannamələr”, “məsləhətləşmələr” sadəcə
simvolik addımlardır və hüquqi təminatla, mexanizmlə, məsuliyyətlə
müşayiət olunmayınca, nə regionda sabitlik, nə də tərəflər arasında
real anlaşma mümkündür.

Əgər bu kvazi-sülh ritorikasından çıxılaraq hüquqi əsaslı və
institusional təməlli sülh modelinə keçid baş verməsə, bu vəziyyət
“dondurulmuş münaqişə” kimi qalacaq. Dondurulmuş münaqişələrin
təbiəti isə ondan ibarətdir ki, onlar həmişə gözlənilməz bir anı
partlayış nöqtəsinə çevrilə bilər – istər daxili siyasi
dəyişikliklər, istər kənar geosiyasi təzyiqlər, istərsə də təsadüfi
insidentlər nəticəsində.

Sülh – bu, sadəcə atəşkəs və ya müharibənin olmaması deyil. Sülh
– hüquqi təminatı, beynəlxalq tanınması və qarşılıqlı razılaşması
olan nizamdır. Əgər bu nizam qurulmayıbsa, o zaman sülhdən deyil,
onun imitasiyasından danışmaq olar. Gerçək sülh, hüququn sülhə
çevrildiyi andan başlayır. Bütün qalanı isə illüziyadır.

Ermənistan rəhbərliyi romantik bəyanatlarla sülhə çağırış
ritorikasından əməli işə keçməli, baş nazir Nikol Paşinyan real
addımlar atmalı və qərarlar qəbul etməlidir.

Səbəb sadə: zaman ermənilərin əleyhinə işləyir.