Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumu keçirilib.
Prezident İlham Əliyev Forumda iştirak edib.
“Report” görüşdə iştirak edən bir neçə gənclə həmsöhbət olub.
Prezident İlham Əliyevlə görüşdə iştirak edən Cəmilə Məmmədlinin sözlərinə görə, gənclik artıq Azərbaycanda aparıcı qüvvədir və bu da dövlətin gənclər siyasətinin nəticəsidir:
“Gənclərin fikrini öyrənmək hər bir dövlətin siyasətində əsas rol oynayır. Gənclər öz fikirləri ilə, öz enerjiləri ilə dövlətimizin daha da inkişaf etməsinə təkan verirlər. Cənab Prezidentin söylədiyi kimi, istər fiziki, istərsə də əqli cəhətdən öz üzərində işləmək mənim üçün ən önəmli tövsiyədir”.
Görüş iştirakçısı Emil Əskərov isə bildirib ki, dövlətə və dövlətçiliyə layiqli xidmət göstərmək üçün hər zaman çalışıb. Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyinin təsis etdiyi Gənclər mükafatına layiq görülüb.
2020-ci ildə Prezident mükafatçısı olmuş Sabir Rüstəmov isə deyib ki, Azərbaycan gəncliyinin müasir, intellektual formalaşmasında dövlətimizin mühüm rolu olub: “Bu gün Azərbaycan gəncliyi hər bir sahədə inkişaf edir, öz bilik, bacarıq və dil savadı ilə seçilirlər. Bugünkü forum hər bir gənc üçün qürurvericidir, mən bir gənc olaraq fəxr edirəm ki, cənab Prezidentin iştirakı ilə keçirilən üçüncü forumda iştirak edirəm. Prezident İlham Əliyev gənclər üçün bir örnəkdir”.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 1-də “2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncam imzalayıb.