
Bakı.Trend:
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi
Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələrində “Super Muşşak” təlim
təyyarələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sağlamlıq vəziyyəti yoxlanıldıqdan, təhlükəsizlik
qaydaları ilə tanışlıqdan və aviasiya vasitələrinə nəzarət baxışı
keçirdikdən sonra uçuş heyətləri təlim-məşq uçuşları üzrə
tapşırıqların icrasına başlayıblar.
Məlumatda qeyd edilib ki, plana uyğun olaraq gənc pilotlar
qalxma, enmə, müəyyən edilmiş marşrutlar üzrə fərdi və aviasiya
qrupları tərkibində uçuşların icra edilməsi, müxtəlif
hündürlüklərdə pilotaj elementlərinin icrası və digər uçuş
tapşırıqlarını uğurla yerinə yetiriblər.
Sonda bildirilib ki, hərbi pilotlarımızın peşəkarlıq
səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərinin artırılması
məqsədilə keçirilən təlim uçuşları zamanı qarşıya qoyulan
məqsədlərə nail olunub.

