Tanınmış erməni fəal və bloqer İşxan Verdyan Oxu.Az-a müsahibə verib. O, bir çox ekspertlərin regionda “imkanlar pəncərəsi”nin açılması ilə bağlı səsləndirdiyi fikirlərlə razılaşıb:
– Belə bir hiss var ki, vəziyyət inamla sülhə doğru dəyişib. Ən azından bölgəmizdə əvvəllər olmayan bir şey baş verir. Ermənistan indiyə qədər həm Türkiyə, həm də Azərbaycanla münasibətlərin tənzimlənməsinə yönəlmiş belə bir xarici siyasət yürütməyib. İrəvanda Bakı və Ankara ilə nizamlanmanın zəruriliyi açıq şəkildə dilə gətirilir, bu dəyişiklikləri görməmək mümkün deyil. Düşünürəm ki, bu tendensiyalar böyüyəcək və hamımızı tez və yaxşı nəticələrə apara biləcək.
– Ermənistan prezidenti Armen Sarkisyanın son istefası haqda nə düşünürsünüz? O, son dərəcə qərbyönlü siyasətçi sayılırdı. Onun yerinə hakim “Vətəndaş sazişi” partiyası praqmatist və sülh tərəfdarı sayılan Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb.
– Bu, sülh yolu ilə nizamlanma istiqamətində bir addımdır. Buna baxmayaraq, qeyd etmək lazımdır ki, Ermənistan prezidenti həlledici siyasi fiqur deyil. Konstitusiya islahatlarından sonra, Ermənistanın parlament idarəetmə formasına keçdikdən sonra belə bir mövqenin niyə qaldığı tam aydın deyildi.
Amma sonradan məlum oldu ki, prezident nəzarət və balans sistemində müəyyən rol oynayır. Onun səlahiyyəti azdır, lakin o, hər zaman Konstitusiya Məhkəməsinə müraciət edə bilər, ondan parlamentin qəbul etdiyi qanunların və ya hökumətin qərarlarının konstitusiyaya uyğunluğunu təhlil etməyi istəyə bilər.
Əvvəllər prezident kürsüsündə olan şəxs – Armen Sarkisyan sizin ifadənizlə, qərbyönlüdür, özünü Nikol Paşinyanın islahatlarının kəskin əleyhdarı kimi göstərdi, baş nazirin komandasının çarxına çomaq qoydu. Onun istefası siyasi meydanın köhnə hakimiyyətin ilkin elementlərindən təmizlənməsidir.
İndi Ermənistan prezidentinə Nikol Paşinyanın partiyası nəzarət edəcək, Vaaqn Xaçatryan islahatlara mane olmayacaq. Onun kifayət qədər praqmatik baxışlara malik olması da yaxşı xəbərdir. Ola bilsin ki, bu, Ermənistan, Azərbaycan və Türkiyə arasında üçtərəfli münasibətlərin nizamlanmasına müsbət töhfə verəcək.
– Bunun fonunda nizamlanmanın əleyhinə olan radikalların fəallaşması davam edir. Eynilə, Varujan Avetisyanın daim üsyana çağırdığı kimi…
– Haqqında danışdığınız radikal qüvvələr sülh yolu ilə nizamlanmanı dayandırmaq iqtidarında deyillər, onlar Ermənistanda nüfuzlarını sürətlə itirirlər. Onların müharibədən başqa təklif edəcəyi heç nə yoxdur. Əgər adını çəkdiyiniz Varujan Avetisyandan danışsaq, o, əksəriyyəti hazırda həbsdə olan komandanın üzvü idi. 2016-cı ildə polis idarəsini ələ keçirərək terror aktını törədən də məhz onlar olub. Tutulma zamanı bir polis əməkdaşı da öldürülmüşdü.
Deməli, bu insanlar ciddi siyasi qüvvə deyillər. Onların arxasında çox az adam dayanır, onlar heç bir dinc təşəbbüsü torpedləyə bilməyəcəklər.
– Amma hansısa yeni terror aktı, Nikol Paşinyanın həyatına qəsd təşkil etməyə cəhd edə bilərlər.
– Ümumiyyətlə, belə bir təhlükə olub və mövcuddur. Amma həmin Varujan Avetisyan tərəfində yox, bu, onun üçün adi ritorikadır.
Amma mən özüm dəfələrlə demişəm ki, Ermənistanın baş naziri Nikol Paşinyanı yaxşı qorumaq, hər hansı terror və sui-qəsd cəhdlərini dayandırmaq lazımdır.
Nair Əliyev