Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və gənclərin suallarını cavablandırıb.
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov Forumun əhəmiyyəti barədə Oxu.Az-ın suallarını cavablandırıb.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.
Onun sözlərinə görə, heç şübhəsiz Vətən müharibəsinin əsas qəhrəmanı Ali Baş Komandan İlham Əliyevdir.
“Məhz cənab Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 günlük müharibənin hər bir gününü tariximizə qələbə günü kimi yazdı. 44 günlük Vətən müharibəsində ordumuzun misilsiz qalibiyyətinin, o cümlədən Şuşa qələbəsinin kökündə duran əsas məqamlardan biri də məhz ordu sıralarında olan gənclərimizin vətən sevgisi ilə bağlı idi. Cənab Prezidentin bəyan etdiyi kimi, Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi. Yəni bütün nəsillərdən olan vətəndaşların bu Qələbədə böyük zəhməti oldu. Amma əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”, – deyə deputat əlavə edib.
V.İskəndərovun fikrincə, bu haqq savaşımız bir daha sübut etdi ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış, öz torpağı, vətəni uğrunda qanından keçməyə belə hazır olan gənclər var:
“Bunu da birmənalı olaraq vurğulayım ki, 44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Yəni, tarixi qələbəmizin əldə edilməsində əsas yükü, əsas vəzifəni məhz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə yetişən gənc nəsil yerinə yetirdi”.
Millət vəkili dövlət başçısının fevralın 2-də gənclərlə görüşündə bu məqamın üzərində xüsusi dayandığını bildirib.
“Dövlət başçısının bəyan etdiyi kimi bu gün bizim qəhrəman gənclərimiz – dövlət tərəfindən yüksək orden, medallarla təltif edilmiş gənclərimiz gənc yaşlarında uşaqlar üçün nümunə olublar, 18, 20, 25, 30, 35 yaşında nümunə olublar. Onlar bu məsuliyyəti dərk edirlər və həyatda özlərini elə aparmalıdırlar ki, bu yüksək məsuliyyət daim onların üzərində olsun, uşaqlar, yeniyetmələr onlara baxıb, onlar kimi olmaq istəsinlər. Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş onminlərlə Azərbaycan gəncinin üzərinə indi bax bu məsuliyyət düşür və əminəm ki, gənclər bunu dərk edir və öz əməlləri ilə yeni yetişən nəsil üçün də nümunə olacaqlar”, – deyə Vüqar İskəndərov fikrini yekunlaşdırıb.