“Cənab Prezident tərəfindən mükafata layiq görülmək mənim üçün gözlənilməz oldu”.
Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə həmsöhbət olan Prezident mükafatçısı Əziz Qasımov deyib.
O bildirib ki, xəbəri ilk aldığı andan etibarən duyduğu sevinc hissini sözlə ifadə etməyə çətinlik çəkib:
“Özüm Naxçıvan Dövlət Universitetində çalışıram. Mən bu mükafatı Naxçıvan Respublikası gəncləri adından aldım. Düşünürəm ki, bu təltif cənab Prezidentin Naxçıvan Muxtar Respublikasında yaşayan, çalışan gənclərə göstərdiyi dəyərin nümunəsidir. Onların timsalında mən mükafatlandırıldım. Həm öz, həm də gənclər adından deyə bilərəm ki, biz dövlət başçısının gənclərə olan inamını, etimadını daim doğrultmaq üçün əlimizdən gələni edəcəyik. Bu, bizim məsuliyyətimizin artmasına, ölkəmizə daha yaxşı xidmət etməyimizə təkan verəcək”.
Ə.Qasımov onu da qeyd edib ki, Azərbaycan gəncləri ulu öndərin müəyyənləşdirdiyi yolda irəliləyərək müvəffəqiyyət qazanır:
“Gənclər bu gün cəmiyyətin ən fəal sosial təbəqəsinə çevrilib. İnsan kapitalının formalaşması sahəsində ölkə başçısının müəyyənləşdirdiyi strategiya gənclər siyasətini yeni mərhələyə yüksəldib. Azərbaycan gəncləri bütün dünyada ən fəal, vətənpərvər və istedadlı gənclər kimi tanınırlar. Mükafatlandırma mərasimində Prezident İlham Əliyev gənclərlə həmsöhbət olub, onlara öz tövsiyələrini verdi. İnanıram ki, gənclərimiz bu tövsiyələri özünə rəhbər tutaraq müstəqil respublikamıza xidmət edərək, onu daim irəliyə aparacaqdır”.
Könül Cəfərli