“Prezident İlham Əliyev fevralın 2-də Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr edilmiş Gənclər Forumunda iştirak etdi. Dövlət başçımız çıxışı zamanı Azərbaycan gəncləri haqqında qürurverici ifadələr səsləndirdi. Xüsusilə Vətən müharibəsində gənclərimizin rolunun həlledici olmasını vurğulayan Azərbaycan Prezidenti gənclərimizlə fəxr etdiyini bildirdi”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Jalə Əhmədova deyib.
Forumda çıxış edən ölkə rəhbəri eyni zamanda tövsiyələrini də verib. Prezident deyib ki, gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.
“Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan gənclərinə göstərdiyi dəstək, diqqət və qayğı onların inkişafında, Vətənə, dövlətçiliyə bağlı intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasında əhəmiyyətli rol oynayır. Azərbaycan gəncləri dövlətimizin apardığı daxili və xarici siyasətin icrasında, ölkəmizin tərəqqisi yolunda həyata keçirilən tədbirlərdə fəal iştirak edirlər. Onlar Azərbaycan Prezidentinin yanında olduğunu öz əməlləri ilə sübut edirlər”, – deyə Jalə Əhmədova əlavə edib.
Deputatın sözlərinə görə, bunun ən bariz nümunəsi isə cənab Prezidentin də söylədiyi kimi, 44 günlük Vətən müharibəsidir.
“Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında düşməni diz çökdürən rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin əksəriyyətinin gənclər olduğunu bilirik. Həmin gənclər ki, öz igidliyi, cəsurluğu və qorxmazlığı ilə tarix yazdılar, ərazi bütövlüyümüzü bərpa, tarixi ədaləti bərqərar etdilər. Cəmi 44 gün ərzində düşmən üzərində zəfər çaldılar. Gücü və qüdrəti ilə bütün dünyaya səs salan Azərbaycan Ordusu, Azərbaycan gəncləri qəhrəmanlıq simvoluna çevrildilər. Gələcək nəsillər üçün örnək, nümunə yeri oldular, bizim gənclərimiz”.
Millət vəkili qeyd edib ki, bugünkü Azərbaycan igidlik və mərdlik məktəbini ləyaqətlə keçən bir gəncliyə sahibdir:
“Bu ölkəmiz üçün böyük sərvətdir. Bu, həm də Azərbaycanın gələcəyinin əmin əllərdə olması deməkdir.
Onu da qeyd edim ki, tədbir zamanı hər bir gənci diqqətlə dinləyən və onları maraqlandıran məsələlərə aydınlıq gətirən Prezident İlham Əliyevin Gənclər Forumunda iştirakı Azərbaycan gəncliyinə, gənclərə verdiyi dəyərin növbəti əyani göstəricisi idi”.