“Prezident İlham Əliyevin dünən – fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda səsləndirdiyi fikirlər gənclərimizin gələcək fəaliyyəti üçün yol xəritəsidir. Dövlət başçısının fikirləri həm də milli vəzifələr baxımından strateji əhəmiyyətli çağırışdır. Hesab edirəm ki, ötən gün Gənclər Forumu çərçivəsindəki görüş Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının növbəti göstəricisidir”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, deputat Mahir Abbaszadə deyib.
Onun sözlərinə görə, Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün uğurla davam etdirilir:
“Hələ 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi. Ondan bir il sonra isə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Məhz o vaxtdan bu günə qədər Azərbaycanda gənclər siyasəti daim dövlətin prioritetləri sırasındadır. 2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Bununla da Prezident İlham Əliyevin gərgin əməyi sayəsində gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunmasına zəmin yaradıb. Bu gün ölkəmizdə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər mədəniyyət, incəsənət, elm və idman sahələrində zəfərlər qazanır, zəngin mədəni irsimizin qorunub saxlanılması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr ərzində Azərbaycanda vətənpərvər, sağlam düşüncəli və gələcəyimizi etibar edə biləcəyimiz gənc nəsil yetişib:
“Ölkəmizdə həyata keçirilən gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Müharibə zamanı Azərbaycan gəncləri hərbi komissarlıqlara gedərək könüllü şəkildə vətənimizin müdafiəsinə qalxdılar. Bununla da ölkəmizin işğal altında olan torpaqlarının hamısının düşməndən azad edilməsində yaxından iştirak etdilər. Bu gün biz şəhid və qazilərimizin sırasına, azad olunan ərazilərimizlə bağlı medallarla təltif edilənlərin siyahısına baxan da görürük ki, onların əksəriyyəti Azərbaycan gəncliyidir. Hesab edirəm ki, bu da Azərbaycan gəncliyinin ən yaxşı nümunələrindən biridir. Dövlət başçısı da ötən gün çıxışında Vətən müharibəsində gənclərin həlledici rolunun olduğunu qeyd etdi və dedi ki, biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Biz bu gün haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.