
Bakı. Trend:
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan
Respublikasının azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis
edilməsi haqqında” Sərəncamına əsasən 26 avqust Laçın Şəhəri Günü
kimi qeyd edilir. Azərbaycanın 44 günlük İkinci Qarabağ
müharibəsində tarixi Zəfəri siyasi müstəvidə də öz təsdiqini tapdı.
Belə ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan
azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa
olundu. Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın
kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli
üçtərəfli Bəyanata əsasən, 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər
və 1 dekabrda isə Laçın geri qaytarıldı. Üç il bundan əvvəl,
2022-ci avqustun 26-da isə Azərbaycan Ordusu Laçın şəhərini, Zabux
və Sus kəndlərini nəzarətə götürməklə Laçın rayonunun işğalına
tamamilə son qoydu.
Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri
tərəfindən işğal olunmuşdu. İşğal dövründə rayonun əhalisi etnik
təmizləməyə məruz qalıb, 300-dən çox hərbi və mülki şəxs həlak olub
və ya itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil,
142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və
müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə
məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal
müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54
beynəlxalq, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə
məruz qalıb. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları
ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın
rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii
resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi,
əsasən, Suriyadan olan muzdlu ermənilərin məqsədyönlü məskunlaşma
siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi
qeyri-qanuni əməllər ilə məşğul olub.
44 gündə 30 ilin işğalına son qoyan, ədaləti bərpa edən
Azərbaycan azad edlimiş ərazilərimizdə apardığı bərpa-quruculuq
işləri ilə dünya hərb tarixində də ilkə imza atdı. Müharibədən
dərhal sonra başlanan bərpa-quruculuq işləri dünyanı
heyrətləndirdi. Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin 19
sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi
lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz
tam bərpa edildi, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə
Azərbaycan Bayrağı ucaldıldı. Bununla da Azərbaycanın həyatından
yeni dövr başlamaqla yanaşı, azad edilmiş bütün ərazilərimizdə
genişmiqyaslı bərpa-quruculuq işləri geniş miqyas aldı.
Bu gün azad Laçının dirçəlişindən, soydaşlarımızın
mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışından bəhs edirik.
Qürurvericidir ki, azad edilmiş ərazilərimiz üzrə şəhər günlərini
qeyd edir, görülən işlərin miqyasından, bu torpaqların diplomatik
mərkəz kimi dünyanın diqqətində olmasından qürurla bəhs edirik.
Tarixi Zəfərimizdən ötən bu dövrdə dövlət başçısı İlham Əliyevin
Laçın rayonuna 8 səfəri reallaşıb. Hər bir səfər Böyük Qayıdış
Proqramının uğurlu icrasının təqdimatıdır. Belə ki, Prezident İlham
Əliyev xeyli sayda sosial obyektlərin açılışında və təməlqoyma
mərasimində iştirak etmiş, görülən işlərlə tanış olmuşdur.
Dövlətimizin başçısının bu ilin 28 May-Müstəqillik Günü ərəfəsində
Qarabağa səfəri zamanı Laçında açılışında və təməlqoyma mərasimində
iştirak etdiyi sosial obyektlərin say tərkibi zəngindir. Belə ki,
“LATIFA” Laçın tikiş fabrikinin, «PIRSHAGHI» ayaqqabı fabrikinin
Laçın filialının, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə
Mərkəzinin, Bəylik kəndinin, “Laçın” İstirahət Kompleksinin, “Aşağı
Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışı oldu,
Laçın kanat yolunun təməlqoyma mərasimi keçirildi. Prezident İlham
Əliyev Laçının Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara
evlərin açarlarını təqdim etdi. Ölkə Prezidentinin bu səfəri həm
Laçın Beynəlxalq Hava Limanın açılışı, həm də Azərbaycan, Türkiyə
və Pakistan liderlərinin Zirvə görüşü ilə tarixə yazıldı. Azad
edlimiş ərazilərimizdə inşa olunan Füzuli, Zəngilan və Laçın
Beynəlxalq Hava limanlarının açılışı Azərbaycan və Türkiyə
Prezidentlərinin birgə iştirakı ilə həyata keçirilib.
2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma
yurda qayıdışına start verildi. Köçürülən ailələrin Laçın şəhərində
vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin
başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən
evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı
təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571
ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823
nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə
89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.
Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara
evlərin açarlarını təqdim edərkən “İndi Laçın rayonunda artıq dörd
yaşayış məntəqəsi bərpa edilib. Amma, ümumiyyətlə, bərpa edilmiş
şəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bütün bunları qısa müddət
ərzində etmişik və işlər davam etdirilir” söyləyən dövlət başçısı
İlham Əliyev onu da bildirmişdir ki, indi bizim gözəl tarixlərimiz,
bayramlarımız var. 18 may – Laçının işğal günü, 8 may – Şuşanın
işğal günü, onlar artıq tarixdə qaldı. İşğal dövründə laçınlılar,
şuşalılar, digər rayonlardan olan insanlar hər il işğal gününü
matəm kimi qeyd edirdilər. Bu, hər il onların dərdinə dərd əlavə
edirdi, amma artıq o günlər yoxdur. İndi 8 Noyabr günümüz var –
Zəfər Günü, 26 Avqust günümüz var. Laçının azad olunması günü və
Laçın Şəhəri Günü kimi qeyd olunur. 23 Aprel var. O vaxt Laçın
istiqamətində biz öz sərhədimizə sahib çıxdıq və sərhədimizdə
yerləşənləri kənarlaşdıraraq artıq mənfur Laçın dəhlizini də
nəzarətə götürdük. Təbii ki, 20 Sentyabr – bu da böyük Zəfər
günümüzdür. Birgünlük antiterror əməliyyatı nəticəsində
separatizmin kökü kəsildi, Ermənistan ordusu tam təslim oldu. Artıq
yeni dövr başlamışdır və bütün dünya bununla hesablaşmağa məcbur
oldu.
Göründüyü kimi, şanlı Zəfərimiz biri-birindən möhtəşəm günlərə,
tariximizə qızıl hərflərlə yazılan mühüm hadisələrə yol açdı. Bütün
azad olunmuş torpaqlarımız dirçəlir, özünün sevincli, xoşbəxt
günlərini yaşayır. 30 il səbirsizliklə gözlədiyimiz bu sevincin
şahidinə çevrilmək, bu hissləri yaşamaq böyük xoşbəxtlikdir.
Səlim Rəhimzadə,
“Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə
əlaqələr şöbəsinin rəisi

