Cənubi Qafqazda dəyişən güc balansı: Rusiya imperialist siyasəti ilə regiondan təcrid olunur – ŞƏRH

Siyasət

Bakı.Trend:

Rusiya anlamalıdır ki, bu siyasət ölkə daxilində yaşayan bir çox
xalqları rus xalqına qarşı düşmən mövqeyinə sürükləyir.

Bunu Trend
açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O bildirib ki, Rusiyanın Ermənistanı dəstəkləməsi heç kim üçün
sirr deyil:

“İndiki Ermənistan ərazisini məhz Rusiya yaradıb. Bu dövlətin
qurulmasının əsas məqsədi isə müsəlman əhalisi arasında parçalanma
yaratmaq və idarə olunan bir münaqişə vəziyyəti formalaşdırmaq
olub. Bu siyasət artıq 300 ildir davam etdirilir. 44 günlük
müharibə zamanı da biz Rusiyanı daim Ermənistanın yanında
gördük”.

“Rusiyanın Ukrayna ərazisində SOCAR-a məxsus obyektləri məqsədli
şəkildə dağıtması Azərbaycana qarşı atılmış xoşagəlməz bir
addımdır. Rusiya burada ədalətli mövqe nümayiş etdirməli və vaxtilə
SOCAR tərəfindən alınmış həmin obyektlərə toxunmamalı idi. Bu
hərəkət Azərbaycana qarşı təzyiqlərin tərkib hissəsi kimi
qiymətləndirilməlidir.

Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət
başçılarının qarşılıqlı bəyanat imzalaması isə Moskva tərəfindən
qısqanclıqla qarşılandı. Halbuki uzun illər düşmən olmuş xalqların
barışması istənilən normal dövlət tərəfindən müsbət
qarşılanmalıdır. Təəssüf ki, Rusiyanın dövlət siyasəti hər zaman
imperiapərəst və müstəmləkəçilik ideologiyası üzərində qurulub”, –
o əlavə edib.

Millət vəkili bildirib ki, cəmiyyətin müəyyən təbəqələrinin,
Rusiya senatının propaqandistlərin federal televiziyalarda
Azərbaycana qarşı təhdidləri qəbuledilməzdir:

“Onlar başa düşməlidirlər ki, bu siyasət Rusiya daxilində
yaşayan bir çox xalqları rus xalqına qarşı düşmən münasibətinə
sürükləyir. Bu siyasət uzunmüddətli perspektivdə özünü
doğrultmayacaq. Bəzi epizodik uğurlar əldə oluna bilər, lakin yaxın
gələcəkdə görəcəyik ki, Rusiya Cənubi Qafqaza yönəlik siyasətində
ciddi səhvlərə yol verir. Əgər bu kurs davam edərsə, Rusiya
bütövlükdə regiona çıxış imkanlarını itirmiş olacaq. Tövsiyə
edərdim ki, Rusiya siyasətçiləri məsələyə daha praqmatik
yanaşsınlar və qonşuluq münasibətlərimizi qarşılıqlı hörmət
prinsipləri əsasında davam etdirək. SOCAR-a məxsus obyektlərin
vurulması, diaspor nümayəndələrinin həbsi və azərbaycanlılara qarşı
təhqiramiz davranışlar sadəcə olaraq cılız addımlardır. Neft
kəmərləri bərpa oluna bilər, lakin dövlətlər arasında uzun illər
ərzində formalaşmış münasibətləri bərpa etmək olduqca çətin
olar”.

Milli Məclisin deputatı Azər Badamov isə Trend-ə açıqlamasında qeyd
edib ki, Rusiya Azərbaycanla münasibətlərində heç vaxt səmimi
olmayıb:

“90-cı illərin əvvəllərində Rusiya dəstək verməsəydi, Ermənistan
heç vaxt Azərbaycanın ərazilərini işğal edə bilməzdi. Torpaqlarımız
işğal olunandan sonra da Rusiya Ermənistanı əvəzi ödənilmədən
silahlarla təmin edib. 1998-ci ildə 1 milyard dollar dəyərində
silahın verilməsi və İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın
silahlandırılması bu dəstəyin davamı olub və məqsədi
torpaqlarımızda Ermənistanın işğalını davam etdirmək idi.
Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və Qarabağda
erməni separatizminin kökünü kəsməsi Rusiyanın Azərbaycana qarşı
açıq qəzəbini doğurub”.

“Təbii ki, 2024-cü ilin dekabr ayında AZAL-a məxsus təyyarənin
vurulması və buna görə üzr istənilməməsi, may ayında Milli Məclisin
deputatı olaraq mənim heç bir əsas olmadan deportasiya edilməyim,
Yekaterinburq hadisələri, eləcə də bu gün də davam edən
diasporumuza qarşı aparılan açıq hücumlar, Zatulin, Valuyev,
Qrulyev, Solovyov, Simonyan və digər şəxslərin Azərbaycana qarşı
həyata keçirdiyi düşmənçilik kampaniyası, eləcə də Ukraynada
Azərbaycana məxsus neft-qaz infrastrukturunun məqsədli şəkildə
vurulması – bütün bunlar Azərbaycana qarşı davam edən düşmən
münasibətin bariz göstəricisidir”, – A. Badamov deyib.

O bildirib ki, Rusiya imperialist baxışlarını dəyişmək istəmir,
bütün qonşuları özüdən uzaqlaşdırır və düşmən edir:

“Bu, eyni zamanda Rusiyanın dünyadan təcrid olunmasını daha da
dərinləşdirir. Baş verənlərdən Rusiya düzgün nəticə çıxarmalı və
formalaşmış reallıqları qəbul etməlidir. Çünki bu gün artıq 90-cı
illərin əvvəlləri deyil. Hazırda bütün ölkələr öz müstəqilliyini
qoruyub saxlamaqla yanaşı, qarşılıqlı hörmət və qarşılıqlı fayda
əsasında münasibətlərin qurulmasında maraqlıdır. Təzyiq və güc
tətbiq etmək ölkələrarası əlaqələrin davamlılığına zərbə vurur. Bu
baxımdan Rusiya düşmənçilik siyasətindən imtina etməlidir”.