Prezident İlham Əliyev “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” fərman imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Fərmana əsasən, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi ilə inteqrasiya olunan informasiya resurslarının formalaşdırılmasını təmin edən dövlət orqanları arasında mübadilə edilən məlumatların siyahısı genişləndirilib.
Bu sıraya Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən vətəndaşların müraciətlərinə baxılması, şəxslərin qəbulunun təşkili, əfvetmə, təltif, işçilərin şəxsi işlərinin elektron qaydada aparılması məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri, ölkəyə gələn şəxslərin pasportları və digər sərhədkeçmə sənədləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər, o cümlədən qaçqın vəsiqəsi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslər üzrə məlumatlar daxil edilib.