Azərbaycan səfiri etimadnaməsini Dominikan Respublikasının prezidentinə təqdim edib (FOTO)

Siyasət

Bakı. Trend:

Avqustun 20-də Azərbaycan Respublikasının Dominikan
Respublikasındakı səfiri Ruslan Rzayev etimadnaməsini Dominikan
Respublikasının Prezidenti Luis Abinaderə təqdim edib.

Azərbaycanın Dominikan Respublikasındakı Səfirliyindən Trend-ə verilən məlumata
görə, Dominikan Respublikasının Prezidenti ilə söhbət zamanı səfir
R.Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
salamlarını Dominikan Respublikasının Prezidenti Luis Abinaderə
çatdırıb. Dövlət başçısının salamlarına görə, minnətdarlığını
bildirən Dominikan Respublikasının Prezidenti öz növbəsində, onun
da salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı
xahiş edib.

Görüş əsnasında iki ölkə arasında müxtəlif istiqamətlərdə
əlaqələrin inkişafı üçün geniş imkanların mövcud olduğu vurğulanıb,
beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam
etdirilməsinin vacibliyi qeyd edilib, həmçinin qarşılıqlı maraq
doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.