44 günlük müharibədə qazanılan tarixi qələbənin mühüm və önəmli nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmadır. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda öz əksini tapan Zəngəzur dəhlizi artıq regionun qaçılmaz reallığına çevrilib. Dəhlizin açılışı ilə Çindən başlayan, Xəzər regionundan Türkiyəyə, oradan isə Şərqi Aralıq dənizi və Şimali Avropa istiqamətində dünyanın ən böyük ticarət dəhlizi yaradıla bilər. Həqiqətən də, Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırıb və bu gün hər kəsin gəldiyi qənaət budur ki, Zəngəzur dəhlizi açılmalıdır. Ən önəmli olan odur ki, Ermənistan da artıq anlamağa başlayıb ki, dəhliz onun iqtisadiyyatı üçün prezident İlham Əliyev tərəfindən verilən son şansdır və bundan yararlanmaq gərəkdir. Əks təqdirdə, regionun ən yoxsul və iqtisadi cəhətdən asılı ölkəsi kimi qalacaq. Bu ikinci şansdan yararlanmaq gərəkdir. Birinci dəfə işğalçı siyasəti üzündən iri enerji və nəqliyyat layihələrinin ölkəsinin torpaqlarından keçməsi şansını itirdi. İndi də, yəqin, vaxtilə yaşadıqlarının təkrarlanmasını istəməzlər.
Bu barədə “Kaspi” qəzetinin məqaləsində qeyd olunub.
Yeri gəlmişkən, dünya mediası da mütəmadi dəhliz məsələsinə toxunur və onun açılmasının artıq reallığa çevrildiyini təsdiqləyir. Onların müraciət etdiyi ekspertlərin qənaətincə, bu dəhlizin açılması yerli iqtisadi əlaqələrin qurulmasının vacib hissəsidir. Daha çox da Ermənistana gərəkdir- onun iqtisadi yüksəlişində Zəngəzur dəhlizi ən zəruri bir layihədir. Dünyaca məşhur Eurasi Review nəşri yazır ki, Zəngəzur dəhlizi, sadəcə, Azərbaycan və Türkiyə üçün deyil, Rusiya və İran da daxil olmaqla bölgə ölkələrinin iqtisadi inkişafı üçün olduqca əhəmiyyətli, bölgənin geosiyasi və strateji əhəmiyyətini dəfələrlə artıran bir yoldur. “Ümid etmək olar ki, bu il dəhlizlə bağlı ciddi nailiyyətlər əldə olunacaq. Ermənistanla Azərbaycan arasında 44 günlük müharibə nəticəsində 2020-ci ilin sonunda atəşkəs razılaşması əldə olunub. Münaqişənin başa çatmasından bir il sonra Brüsseldə baş tutan dekabr görüşü Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı razılığa gəlməyə imkan verdi. Dəhliz regionun işlərində iştirak siyasətində Türkiyə üçün faydalı olacaq – dəhliz diplomatik təşəbbüslərdən kənara çıxmaq imkanı verir”, – deyə məqalədə vurğulanır.
Qeyd olunur ki, iqtisadiyyatı onilliklər ərzində siyasi və iqtisadi təcriddən əziyyət çəkən Ermənistan üçün nəqliyyat marşrutu çox ehtiyac duyulan gəlir gətirəcək. Qlobal dekarbonizasiya kontekstində iqtisadiyyatı neft və qaz ixracına əsaslanan bir ölkə olan Azərbaycan üçün bu, mədən yanacaqlarından uzaqlaşaraq iqtisadiyyatın diversifikasiyasını sürətləndirməyə kömək edəcək. Uzunmüddətli perspektivdə Ermənistanın enerji tələbatının böyük hissəsini təmin edən və bütün regionun təhlükəsizliyinə təhdid olaraq qalan Metsamor AES-i əvəz etmək üçün Gürcüstan, Rusiya və İranla birlikdə hər üç ölkənin əməkdaşlıq potensialı ola bilər. Zəngəzur dəhlizinin açılması Qərb ölkələri, xüsusilə Böyük Britaniya və Aİ üçün də imkanlar yaradacaq. Təkcə nəqliyyat dəhlizinin yaradılması üzrə işlərə deyil, həm də 1994-cü ildə Ermənistan tərəfindən işğal edilmiş, lakin 2020-ci il müharibəsi zamanı işğaldan azad edilmiş Qarabağın genişmiqyaslı bərpasına dair müqavilələr bağlamaq lazımdır. Böyük Britaniya minatəmizləmə və partlayıcı sursatların zərərsizləşdirilməsi sahəsində dünya lideri olaraq, artıq minatəmizləmə əməliyyatları üçün dövlət vəsaiti ayırıb. Minatəmizləmə üzrə ixtisaslaşan Britaniyanın özəl şirkətləri Azərbaycanın səylərinə töhfə verib və bunun sayəsində 2021-ci ilin sonuna kimi 21 min hektara yaxın ərazi təmizlənib, o cümlədən 53 minə yaxın mina təmizlənib. Digər Britaniya şirkəti səlahiyyətlilərlə birlikdə bölgənin bərpası üçün baş plan hazırlayıb. Xarici sərmayələrin axını ilə aydın olur ki, sülh müqaviləsi potensialı ilə xarici investorların marağı gələcəkdə yalnız artacaq. Lakin bütün regionun parlaq gələcəyi iki ölkə liderləri arasında sülh danışıqlarının davamlı uğurundan asılıdır. Bu danışıqlar prosesi asan olmayacaq, onu başa çatdırmağın nə qədər vaxt aparacağı məlum deyil. Bununla belə, 70 il əvvəl Avropada müharibənin sona çatması ilə gələn ən bariz nümunələrdən başlayaraq, diqqət yetirilməli olan sülh dividendlərinin başqa nümunələri də var.
Onu da qeyd edək ki, Zəngəzur dəhlizinin əsas hissəsinin – ümumi uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolunun tikintisinin birinci mərhələsində artıq işlərin böyük hissəsi başa çatıb. Ötən ilin fevralında prezident İlham Əliyev tərəfindən təməli qoyulan dəmir yolu xəttinin tikintisi üzrə işlər üç mərhələdə aparılır. Birinci mərhələdə dəmir yolunun 3 kilometrlik hissəsi, həmçinin Horadiz, Mərcanlı və Mahmudlu stansiyaları yenidən qurulur. İşlərin ikinci mərhələsi Soltanlı və Qumlaq stansiyaları ilə birlikdə 55 kilometrlik hissənin tikintisini əhatə edəcək. Nəhayət, işlərin üçüncü, sonuncu mərhələsində isə dəmir yolunun 25,4 kilometrlik hissəsinin və Mincivan, Bartaz və Ağbənd stansiyalarının təməli qoyulur. Ümumilikdə bu dəmir yolunun bütün uzunluğunda 8 stansiya, 3 tunel, 41 körpü, 4 yol ötürücüsü və 300-ə yaxın süni mühəndislik strukturu görünəcək. Birinci mərhələdə isə artıq torpaq işlərinin 90 faizi yerinə yetirilib, dəmir yolunun 23 kilometrlik hissəsində doqquz körpü, iki keçid, 52 qəza keçidi yenidən qurulub, relsin yuxarı konstruksiyasının elementləri döşənib. Bu kontekstdə Zəngəzur dəhlizi region ölkələri arasında siyasi yaxınlaşma üçün imkanlar pəncərəsi açır. Və sonra heç kimə sirr deyil ki, Qarabağın investisiya cəlbediciliyində mərkəzi amil məhz Zəngəzur dəhlizinin imkanlarıdır.