Ermənistan dövləti 30 ilə yaxın bir müddətdə dünya ictimaiyyətinin gözü qarşısında öz təcavüzkar siyasətini həyata keçirmiş, Azərbaycan xalqı erməni millətçiləri tərəfindən soyqırımı və etnik təmizləmələrə məruz qalmış, minlərlə həmvətənlimiz əsir və itkin düşmüşdür.
Bununla əlaqədar olaraq Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə təsdiq edilmiş, daha sonra həmin Komissiya 13 iyul 2012-ci ildə yaradılmışdır.
Yaradıldığı gündən Komissiyanın əsas işi Ermənistan hökumətinin faşizm ideologiyası nəticəsində 30 il ərzində Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərdən əziyyət çəkən vətəndaşların hüquqlarını qorumaq, əsir və girov götürülmüş şəxslər haqqında məlumatlar toplayaraq onları Vətənə qaytarmaq, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər görmək, bu sahədə həyata keçirilən siyasəti müvafiq dövlət orqanları, ictimai və beynəlxalq təşkilatlarla əlaqələndirməkdən, eyni zamanda dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, haqqın və ədalətin carçısı olan institutlara Azərbaycanın ədalətli mövqeyi haqda məlumatları təqdim etməkdən ibarətdir.
Komissiyanın fəaliyyətinin daha da səmərəliləşdirilməsi, beynəlxalq təşkilatlarla mükəmməl işin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Dövlət Komissiyasının tərkibi yenilənmiş və hal-hazırda da sədrlik Komissiyanın formalaşmış İşçi Qrupu tərəfindən həyata keçirilir.
İkinci Qarabağ-Vətən Müharibəsi və postmüharibə dövründə Komissiya Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək əsir və girovların dəyişdirilməsi, eyni zamanda 10 noyabr 2020-ci il tarixində imzalanan üçtrəfli Bəyanatın səkkizinci bəndinə uyğun olaraq həyata keçirilən tədbirlər istiqamətində də böyük işlər görmüşdür.
Ümumiyyətlə Azərbaycan öz humanizm prinsiplərindən çıxış edərək, habelə regionda sülhün, əmin-amanlığın davamlılığını təmin etmək məqsədilə Ermənistan tərəfinə bu vaxta qədər 44 günlük müharibə zamanı əsir götürülmüş bütün şəxsləri geri qaytarmışdır.
O da qeyd olunmalıdır ki, cari ilin fevral ayının 4-də Fransa Respublikasının Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilmişdir. Görüşdə Azərbaycan-Ermənistan arasında mövcud vəziyyət dəyərləndirilmiş, çıxış yolları araşdırılmış, xüsusilə müzakirə olunan məsələlərdən biri də əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı görülən işlər olmuşdur.
Görüşün nəticəsi olaraq 07 fevral 2022-ci il tarixində daha 8 nəfər erməni əsilli hərbi qulluqçunun Ermənistan tərəfinə qaytarılması həyata keçirilmişdir. Bu bir daha Azərbaycanın davamlı sülhü, əmin-amanlığı qorumaq üçün əlindən gələn bütün tədbirləri həyata keçirdiyinin bariz nümunəsidir.
Lakin, bu işlərin birtərəfli qaydada görülməsi Ermənistan tərəfini arxayın salmamalı və üzərinə götürülən vəzifələr yerinə yetirilməlidir. Videoformatda keçirilən görüşdə də Cənab Prezident tərəfindən səsləndirildiyi kimi Birinci Qarabağ Müharibəsi zamanı 3890 itkin düşmüş şəxs var ki, bu günə qədər onlarala bağlı Ermənistan hələ də əməli bir iş görməmişdir.
Dördlük formatında görüşdə səslənən vəzifələrin Fransa Respublikasının Prezidenti Makronun iştirakı, şahidliyi və dəstəyi ilə olduğunu nəzərə alsaq, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri daha məsuliyyətlə yerinə yetirəcəyinə ümidlər artır.
Məzahir Əfəndiyev, Milli Məclisinin deputatı