USAID regionda separatçı qüvvələri dəstəkləmir və heç vaxt dəstəkləməyib

Siyasət

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) regionda separatçı təşkilatları və ya separatçı qüvvələri dəstəkləmir və heç vaxt da dəstəkləməyib.

Bu barədə “Report”a USAID-nin Qarabağda separatçılara yardım göstərməsi ilə bağlı açıqlamaları şərh edərkən ABŞ səfirliyinin nümayəndəsi bildirib.

“USAID regionda münaqişədən zərər çəkmiş insanlara, eləcə də Azərbaycanda məcburi köçkünlərə humanitar yardım göstərir. Bu humanitar yardıma minalardan təmizləmə, mənzil və məktəb təmiri, ilkin tibbi-sanitar yardım, su təchizatı və kənd təsərrüfatı daxildir”, – səfirlikdən qeyd ediblər.

Əlavə olunub ki, ABŞ-ın Bakıdakı səfirliyinin tərkib hissəsi kimi USAID-nin Azərbaycandakı missiyası münaqişə nəticəsində ziyan dəymiş ərazilərin bərpasına dəstək olmaq və bu prosesdə iştirak etmək baxımından hökumətlə dialoq aparır, üstəlik, son 30 il ərzində USAID Azərbaycanın inkişafının təşviqi üçün 400 milyon ABŞ dollarından çox ikitərəfli yardım, eləcə də humanitar yardım göstərib.

“USAID/Azərbaycan davam edən inkişaf fəaliyyətlərinin bir hissəsi kimi Azərbaycan vətəndaşlarına dəstəyi davam etdirməyi səbirsizliklə gözləyir” – səfirlikdən vurğulanıb.

Qeyd edək ki, bugünlərdə “Caliber.az” saytı Xocavənd rayonunun 2020-ci ilin oktyabrında Azərbaycan ordusunun işğaldan azad etdiyi Bulutan kəndində işğal dövründə USAID tərəfindən tibb məntəqəsinin tikilib və lazımi avadanlıqlarla təchiz edilməsi barədə məlumat yayıb.

Bunun sübutu kimi saytda tibbi yardım məntəqəsinin avadanlıqlarında USAID-nin loqolarının əks olunduğu fotolar yerləşdirilib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir