Prezident İlham Əliyev: Azərbaycan yeni döyüş təyyarələri üzrə kontraktlar bağlayıb

Siyasət

Bakı. Trend:

Azərbaycan yeni döyüş təyyarələri üzrə kontraktlar bağlayıb və
mövcud olan təyyarələr tam müasirləşdirilib.


Trend
xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev
Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib.

“Biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir daha
xalqımızın böyüklüyünü göstərdik. Onların bizə etdiklərini biz
onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan
silinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilən hərbi
cinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən olan
vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heç vaxt
yaddaşımızdan silinməyəcək və silinməməlidir. Bunu mən həm
müharibəni qazanan ölkənin Ali Baş Komandanı kimi və bu gün
Ermənistanla, məğlub edilmiş Ermənistanla sülh prosesinin
iştirakçısı kimi deyirəm. Biz istəmirik ki, müharibə olsun. Biz
sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan
silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq
olmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün
dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün
olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi
gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər
dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə
əlaqədar minlərlə, – sayını demək istəmirəm, amma böyük sayda, –
xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni
komando qüvvələri yaradılıb.

Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya
sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə
kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam
müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki
dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə
olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük – dövlət,
xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına
Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə,
yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və
müzəffər, qalib dövlət kimi yaşayacağıq”, – deyə dövlətimizin
başçısı vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir