Dünən, yanvarın 8-də Prezident İlham Əliyev “Media haqqında” qanunu təsdiqləyib. Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Bundan əlavə, qanunda jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.
Prezident İlham Əliyevin digər fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib. Dəyişikliklə gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş jurnalistlər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olub. Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştli ipoteka şərtlərindən yararlana biləcəklər.
Məsələ ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu “Report”a bildirib ki, qanunun tətbiq edilməsi medianın inkişafı tarixində tamamilə yeni bir mərhələ təşkil edəcək:
“Yeni qanun bu inkişafı bütün parametrlərlə təmin edə biləcək hüquqi əsaslar və azadlıqları özündə ehtiva edir ki, bu da informasiya cəmiyyətinin zəruri tələblərindən biridir. Yeni cəmiyyət-media münasibətləri kontekstində aktual olan mühüm məsələlərdən biri də peşəkar və məsuliyyətli media problemi idi ki, yeni qanunda bu məsələləri tənzimləyən hüquqi mexanizmlər də öz əksini tapıb. Yəni, Media Reyestrinin önümüzdəki 6 ay ərzində yaradılmasının nəzərdə tutulması, jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, tənzimlənən və tənzimlənməyən media növləri arasında dəqiq sərhədin müəyyən edilməsi, ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması kimi strateji istiqamətlərin inkişafı üçün hüquqi əsasların yaradılması yeni qanunun tətbiqi sayəsində mediamızın əldə edə biləcəyi mühüm nailiyyətlər kimi xarakterizə oluna bilər”.
Onun sözlərinə görə, ən başlıca məsələlərdən biri jurnalistlərin məişət problemlərinin həll edilməsi və mənzil-kommunal şəraitlərinin yaxşılaşdırılması məsələsidir:
“Bu mənada jurnalistlərin güzəştli kreditlərdən yararlanmaqla mənzil problemlərini həll edə bilmələri üçün hüquqi bazanın yaradılması Azərbaycan dövlətinin jurnalistlərə növbəti qayğısıdır. Bu yeni yanaşma jurnalistlərin məişət problemlərini kütləvi və birbaşa həll etmə imkanları yaradır. Hesab edirəm ki, iki kateqoriyada güzəşt hüququnun tanınması davamlı jurnalistika fəaliyyəti ilə məşğul olan bütün jurnalistləri əhatə edir”.