Bölgə yenidən formalaşır: sülhə çox az qaldı

Siyasət

Bakı. Trend:

Cəmi 5 il əvvəl Cənubi Qafqazda sülh ideyası uzun müddət
reallıqdan çox utopiya kimi görünürdü. Tarixdə kök salmış
münaqişələr və barışmaz düşmənçilik regionu sanki əbədi
qeyri-sabitliyə məhkum etmişdi. Fəqət avqustun 8-də Azərbaycan və
Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşmalar bədbin
narrativi dağıtdı. ABŞ tərəfindən fəal şəkildə təşviq olunan və
dəstəklənən məzkur razılaşmalar sadəcə müvəqqəti atəşkəs deyil,
görünən odur ki, yeni bir paradiqmanın başlanğıcıdır.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dünən açıq mətnlə
ifadə etdi.

Paşinyanın bəyanatları İrəvanın siyasi düşüncəsindəki dərin
dəyişiklikləri əks etdirir. O, bu addımı son deyil, yeni başlanğıc
kimi görür: “Əminəm ki, bu addımla biz inkişafın yeni gündəminə,
yeni ölçüsünə daxil olduq,” – deyə o, hökumət iclasında bildirib.
Baş nazirin sözlərinə görə, “işimizin səmərəliliyi daha yüksək
olmalıdır” və qarşıda “konstruktiv, sülhpərvər, yaradıcı fəaliyyət”
durur. Bu sözlər sadəcə siyasi ritorika deyil, illərlə Ermənistan
üçün qəbuledilməz görünən prinsiplərə əsaslanan proqram xarakterli
vizyondur.

Paşinyanın hökumət iclasındakı çıxışı siyasi praqmatizmin dövlət
dəyərinə çevrilməsinin klassik nümunəsidir. Baş nazir ilk olaraq
tarixi faktı təsdiqlədi: “Mən hökumət üzvlərinin hamısını
Ermənistan və Azərbaycan arasında sülhün qurulması münasibətilə
təbrik etdim.” Bu qısa cümlə böyük semantik gücə malikdir. O, otuz
illik münaqişə paradiqmasından şüurlu imtinanı və Azərbaycanın
artıq “düşmən” deyil, sülh münasibətləri qurulan suveren qonşu kimi
qəbul edilməsini ifadə edir.

Nikol Paşinyanın təsvir etdiyi qərar qəbuletmə prosesi isə
Ermənistan elitası daxilində deliberativ demokratiyanın
elementlərini nümayiş etdirir. O, hökumətlə, genişləndirilmiş
Təhlükəsizlik Şurası ilə, prezident və parlament üzvləri ilə
aparılan məsləhətləşmələrdən danışır. “Biz bu addımı atmağın zəruri
olduğu qənaətinə gəldik,” – deyə o bəyan edir. Bu, olduqca mühüm
məqamdır. Vaşinqton razılaşmaları revanşist dairələrin təqdim
etməyə çalışdığı kimi spontan kapitulyasiya deyil, mövcud modelin
iflasa uğradığını anlayan elitanın ölçülüb-biçilmiş, kollektiv
strateji seçimidir.

Paşinyanın bəyanatları İrəvanın siyasi düşüncəsindəki dərin
dəyişiklikləri əks etdirir. O, bu addımı son deyil, yeni başlanğıc
kimi görür: “Əminəm ki, bu addımla biz inkişafın yeni gündəminə,
yeni ölçüsünə daxil olduq,” – deyə o, hökumət iclasında bildirib.
Ermənistanın baş nazirinin sözlərinə görə, “işimizin səmərəliliyi
daha yüksək olmalıdır” və qarşıda “konstruktiv, sülhpərvər,
yaradıcı fəaliyyət” durur. Bu sözlər sadəcə siyasi ritorika deyil,
illərlə Ermənistan üçün qəbuledilməz görünən prinsiplərə əsaslanan
proqram xarakterli vizyondur.

Paşinyanın “yeni inkişaf gündəmi” və “yeni inkişaf ölçüsü”nə
daxil olma bəyanatları onun “problematik” adlandırdığı keçmişin
nəticəsidir. O etiraf edir ki, “Qarabağ hərəkatı uzun müddət
Ermənistanın suverenliyini və dövlətçiliyini möhkəmləndirməyə mane
olan bir alət kimi istifadə olunub.” Bu, bütöv bir epoxanın
üzərindən xətt çəkməkdir. Bu cür özünütənqid əslində göstərir ki,
beynəlxalq hüququn normalarına zidd ərazi iddialarına köklənmək
Ermənistan dövlətçiliyinin öz əsaslarını sarsıdıb. Bu mənada
Vaşinqton razılaşmaları beş prinsip üzərində qurulub: ərazi
bütövlüyü, suverenlik, yurisdiksiya, sərhədlərin toxunulmazlığı və
qarşılıqlılıq. Bəhs olunan prinsiplər beynəlxalq hüququn jus cogens
– yəni məcburi normalarına fundamental dönüşdür.

Militarist gündəmdən BMT Nizamnaməsində təsbit olunmuş suveren
bərabərlik və sərhədlərin dəyişməzliyi prinsiplərinə keçid yalnız
Cənubi Qafqaz üçün deyil, bütün beynəlxalq münasibətlər sistemi
üçün yeni presedent yaradır. Paşinyan xalqını “bunu keçmişdə
qoymağa” çağıraraq əslində düşüncə inqilabına səsləyir. Onun bu
kursla razılaşmayanlara “inqilab etmək” çağırışı isə radikal
qüvvələrə və itirilmiş imperiya nostaljisinə atılan açıq bir meydan
oxumadır.

Vaşinqton razılaşmalarının ən əhəmiyyətli və praqmatik
məqamlarından biri kommunikasiya xətlərinin açılması və sərhəd
nəzarətinin sadələşdirilməsidir. Paşinyanın Ermənistanın
“sadələşməni yalnız Ermənistan–Azərbaycan sərhəd məntəqələrində
deyil, bütün sərhəd məntəqələrində tətbiq edəcəyik” bəyanatı,
regional və qlobal iqtisadi əlaqələrə inteqrasiya niyyətini nümayiş
etdirir. Bu addım “biznes mühiti – ixrac, idxal, tranzit”in
asanlaşdırılmasına yönəlib və Ermənistanın onillərlə yaşadığı
iqtisadi təcriddən çıxması üçün həlledici əhəmiyyət daşıyır.

Belə iqtisadi açıqlıq sadəcə praqmatik seçim deyil,
izolyasionizm və proteksionizmdən fəlsəfi uzaqlaşmadır. Bu siyasət
Ermənistanı illərlə durğunluğa sürükləmişdi. İndi həm fiziki, həm
də psixoloji baryerlərin aşılması davamlı iqtisadi inkişafın zəruri
şərtidir. Burada Avropa İttifaqının təcrübəsi ilə paralel aparmaq
olar: Kömür və Polad Birliyi ilə başlanmış iqtisadi inteqrasiya
sonradan siyasi əməkdaşlığın, nəhayət isə uzunmüddətli sülh və
rifahın təməl daşına çevrildi.

Paşinyanın ən dərin məzmunlu bəyanatı isə yeni gələcəyə
baxışıdır: “Əminəm ki, bu addımla biz inkişafın yeni gündəminə,
yeni ölçüsünə daxil olduq.” “Yeni inkişaf ölçüsü” anlayışı sadəcə
iqtisadi artımı nəzərdə tutmur. Bu, Ermənistan dövlətçiliyinin
ontologiyasının transformasiyası deməkdir. Əvvəlki “ölçü” mühasirə
psixologiyası, militarizasiya və diasporadan asılılıq üzərində
qurulmuşdusa, yeni ölçü açıqlıq, regionda connectivity və suveren
bərabərlik prinsiplərinə əsaslanır.

Ermənistanın baş naziri “ictimai kommunikasiyanın” əhəmiyyətini
xüsusi vurğulayır: “Hətta ən böyük nailiyyətlər də problematikdir,
əgər bu uğurların genezisi ictimaiyyətə aydın deyilsə”. Bu tezis
demokratik idarəçiliyin bünövrə daşıdır. Cəmiyyətin mürəkkəb siyasi
qərarların legitimliyini və zəruriliyini qəbul etməsi həmin
qərarların uğurunun qarantıdır. Bu isə xüsusən postmünaqişə
cəmiyyətlərində aktualdır. Çünki tarixi travmalar və emosional
yaralar asanlıqla destabilizasiya üçün istifadə oluna bilər.

Sülhün faydaları və suverenliyə hörmətə əsaslanan iqtisadi
əməkdaşlığın üstünlükləri barədə cəmiyyətlə açıq dialoq aparmaq
radikal meyllərə və revanşist ideyalara qarşı ən effektiv yoldur.
Paşinyan yaxşı anlayır ki, ictimai dəstək olmadan hətta ən müdrik
siyasi qərarlar belə uğursuzluğa məhkumdur.

O, ictimai diskursun həlledici əhəmiyyətini dərk etdiyini də
göstərir: “Hətta ən böyük nailiyyətlər də problematikdir, əgər bu
uğurların genezisi ictimaiyyətə aydın deyilsə.” Bu aristokratik
dəqiqliklə ifadə olunmuş cümlədir və hər hansı hökumətin üzləşdiyi
çətinliyi əks etdirir: zəruri, lakin populyar olmayan islahatları
həyata keçirmək. Sülhün legitimliyi onun hüquqi çərçivəsi qədər
dəqiqliklə qurulmalıdır.

Paşinyan sərhəd prosedurlarının sadələşdirilməsi ilə bağlı
sonrakı şərhlərində grand strategy səviyyəsindən konkret siyasət
müstəvisinə keçir. Onun “bütün nəzarət-buraxılış məntəqələrində, o
cümlədən Ermənistan–Azərbaycan sərhəd-keçid məntəqələrində
prosedurların sadələşdirilməsi” barədə qərarı niyyətlərinin
səmimiliyini təsdiqləyən ən güclü siqnaldır.

Bu, sadəcə texniki tədbir deyil. Bu, iqtisadi inteqrasiya və
rifah naminə sərhəd nəzarətində öz suveren səlahiyyətlərini könüllü
məhdudlaşdırmaq aktıdır. Paşinyan bunu birbaşa “biznesin aparılması
üçün ən uyğun və vacib mühitin yaradılması” ilə əlaqələndirir.
Burada klassik liberal beynəlxalq münasibətlər nəzəriyyəsinin aydın
təsiri görünür: ticarət və qarşılıqlı asılılıq uzunmüddətli sülhün
təminatıdır. Bu yanaşma Maarifçilik dövrünün məşhur “doux commerce”
ideyasına – yəni kommersiyanın əxlaqları yumşaltdığına dair tezisə
açıq istinaddır.

Ən başlıcası isə onun Vaşinqton Bəyannaməsində təsbit olunmuş
prinsiplərə birbaşa istinadıdır: “ərazi bütövlüyü, suverenlik,
yurisdiksiya, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq.” Məhz bu
normativ çərçivə yeni Cənubi Qafqazın üzərində qurulmalı olduğu
əsasdır. Bu prinsiplərin hər biri müasir beynəlxalq hüququn bünövrə
daşıdır və BMT Nizamnaməsində (Maddə 2(1), 2(4), 2(7)) əksini
tapıb.

Ərazi bütövlüyü prinsipi separatizm və irredentizmin əksidir,
hansı ki, onilliklər boyu bölgədə qeyri-sabitliyin mənbəyi olub.
Suverenlik və yurisdiksiya dövlətin beynəlxalq səviyyədə tanınmış
sərhədləri daxilində müstəsna hakimiyyətini vurğulayır. Sərhədlərin
toxunulmazlığı 1975-ci il Helsinki Yekun Aktının mirasıdır və
Avropada güc yolu ilə sərhədlərin dəyişdirilməsi dövrünə son
qoymuşdu. Nəhayət, qarşılıqlılıq diplomatiyanın və hüququn əsas
prinsiplərindən biridir, öhdəliklərin simmetriyasını və tərəflərin
bərabərliyini təmin edir.

Ermənistanın bu prinsipləri Azərbaycanla münasibətlər
kontekstində qəbul etməsi tarixi əhəmiyyət daşıyır. Bu, de-fakto və
de-yure Azərbaycanın bütün əraziləri üzərində suverenliyinin
qanuniliyinin tanınmasıdır. Başqa sözlə, bu addım Qarabağ
münaqişəsinin mirası ilə həm hüquqi, həm də siyasi planda sonuncu
və qəti vidalaşmadır.

Nikol Paşinyanın ən çox rezonans doğuran və şəxsi çalar daşıyan
bəyanatı “Qarabağ hərəkatı” dövrünün başa çatdığını elan etməsi
oldu. Bu, sadəcə siyasi manevr deyil; bu, tarixi revizionizm və
milli katarzis aktıdır.

Onun şəxsi etirafı – “Mən 7-ci sinifdən Qarabağ hərəkatında
iştirak etmişəm
” – sonrakı açıqlamasına böyük mənəvi yük
verir. Bu, kənardan müşahidəçinin deyil, həyat yolu birbaşa bu
hərəkatla bağlı olan şəxsin sözləridir. Məhz buna görə də onun
verdikti bu hadisə ətrafında illərlə formalaşdırılmış mifologiyanı
dağıdıcı gücə malikdir: “amma hesab edirəm ki, biz bunu keçmişdə
qoymalıyıq”.

Onun diaqnozu birmənalı və dəqiqdir: “Qarabağ hərəkatı uzun
müddət Ermənistanın suverenliyini və dövlətçiliyini
möhkəmləndirməyə mane olan bir alət kimi istifadə olunub.” Bu, əsas
tezisdir. Paşinyan bildirir ki, onilliklər boyu xaricdə separatizmi
dəstəkləmək kimi ximerik məqsəd əslində Ermənistan Respublikasının
suverenliyini zəiflədib, onu həddən artıq ağır yükün, beynəlxalq
təcridin və daimi hərbi təhlükənin girovuna çevirib. Bu, geosiyasi
faciənin ideal təcəssümüdür: zahirən “müqəddəs” görünən hədəflər
özünü məhvə aparır.

Onun çağırışı – “Əgər vətəndaşlar bunun yanlış olduğunu hesab
edirlərsə, mən onları inqilab etməyə çağırıram” – birbaşa
demokratiyaya müraciət və siyasi cəsarət nümunəsidir. O, özünü və
siyasətini xalqın mühakiməsinə çıxarır, parlament intriqaları
deyil, ideyaların və iradələrin açıq toqquşmasını təklif edir. Bu
isə siyasi məsuliyyətin ən yüksək ifadəsidir.

Nikol Paşinyan postsovet tarixində dövlətin yenidən təsisi
istiqamətində ən radikal və cəsarətli cəhdlərdən birinə imza atır.
Onun strategiyası milli irredentizmdən kəskin qopuş və beynəlxalq
hüquq prinsiplərinə əsaslanan modernist, praqmatik və suveren
dövlət seçimi kimi görünür.

Bu yolun bənzərliyini müharibədən sonrakı Almaniya və
Yaponiyanın transformasiyasında görmək olar. Hər iki ölkə milli
fəlakət yaşadıqdan sonra militarist və ekspansionist ritorikadan
imtina etdi, sülhpərvərlik, hüququn aliliyi və regional iqtisadi
inteqrasiya prinsipləri əsasında “iqtisadi möcüzələr” yaratdı.
(Məsələn, Avropa Kömür və Polad Birliyi sonradan Avropa İttifaqının
təməl daşına çevrildi).

Paşinyanın rəhbərliyi ilə Ermənistan da oxşar trayektoriya
seçir: ərazi iddialarını iqtisadi imkanlara və suverenliyə
dəyişmək, münaqişə ritorikasını əməkdaşlıq ritorikasına dəyişmək,
təcridi connectivity ilə əvəzləmək.

Azərbaycan üçün isə bu transformasiya qonşuda çoxdan gözlənilən
və yeganə mümkün möhkəm sülh əsasıdır. Çünki Azərbaycan uzun
illərdir məhz bu prinsipləri – ərazi bütövlüyü, sərhədlərin
toxunulmazlığı və öz suverenliyinin bərpası məsələlərini ardıcıl və
qətiyyətlə müdafiə edib. Bu, Bakının ardıcıl və qanuni xarici
siyasətinin parlaq zəfəridir.

Beynəlxalq ictimaiyyət, xüsusən ABŞ və Avropa İttifaqı üçün bu
prosesdə vasitəçilik rolu böyük uğur potensialı daşıyır. Bu, ən
köhnə münaqişələrin belə beynəlxalq hüquq normalarına ciddi əməl
etməklə və siyasi iradə göstərməklə həll edilə biləcəyini sübut
edir.

8 avqustda Vaşinqtonda başlanan epoxanın adı sadəcə “sülh”
deyil. Bu, yeni regional reallığın doğuluşudur. Əgər Ermənistan
xalqı kifayət qədər müdriklik və cəsarət göstərib liderinin
arxasınca bu “yeni ölçüyə” doğru addımlayarsa, bütün Cənubi Qafqaz
nəhayət ki, sivilizasiyalar arasında körpü rolunu oynamaq, yoxsa
onların döyüş meydanı olmaq dilemmasını geridə qoyaraq öz nəhəng
potensialını reallaşdıra bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir