Dinlərin və xalqların birgəyaşayış ənənəsini bilərəkdən yaxud məlumatsızlıqdan pozmağa yönələn hərəkətlər qəbuledilməzdir – Azər Qarayev

Siyasət

Bakı.Trend:

Son illər sosial şəbəkələrdə ekstremist məzmunlu materialların
yayılması hallarının artması müşahidə edilir.

Bunu Trend
açıqlamasında politoloq Azər Qarayev deyib.

O bildirib ki, ayrı-ayrı şəxslər hərəkətlərinin cinayət olduğunu
anlamadan dini fanatik hisslərə qapılaraq, sosial şəbəkə
hesablarında terror hadisələri və zorakılıq səhnələri, həmçinin
məzmununda belə hərəkətlərə çağırışlar olan posterlər paylaşmaqla,
AR CM-nin 167-3 (Dini ekstremist materialları hazırlama, saxlama,
yayma və ya bu əməlləri maliyyələşdirmə) maddəsində nəzərdə tutulan
hərəkətləri edirlər:

“Bununla yanaşı, digər dinlərə, təriqətlərə, həmin inancın adət
ənənələrinə, geyiminə, həyat tərzinə və ictimai xadimlərinə qarşı
dözümsüzlük nümayiş etdirərək təhqiramiz fikirlər bildirmək
hallarına rast gəlinir. Qeyd olunan hərəkətlər cəmiyyətdə kifayət
qədər narahatlıq doğurmaqla, tolerantlıq mühitinə ciddi zərbə vurur
və belə əməllər AR CM-nin 283 (Milli, irqi, sosial və ya dini
düşmənçiliyin salınması) maddəsinin sanksiyası altına düşür. Qeyd
olunan hallar xüsusən dini və dünyəvi bilikləri o qədər də yüksək
olmayan, xüsusən yeniyetmə və gənclər arasında daha çox müşahidə
edilir”.

“Bir daha cəmiyyətə çağırış edirik ki, ölkəmizdə tarixən
formalaşmış, dinlərin və xalqların birgəyaşayış ənənəsini
bilərəkdən yaxud məlumatsızlıqdan pozmağa yönələn hərəkətlər
qəbuledilməzdir. Dini, milli, irqi mənsubiyyətindən asılı
olmayaraq, heç kəs bu motivlərlə qısnamaya məruz qala bilməz və
belə ekstremist hərəkətlərə çağırış etmək məsuliyyətə səbəb olur”,
– A.Qarayev deyib.