“Azərbaycan torpağı olan Şuşanın adını hansısa küçədə yanlış olaraq “Şuşi” kimi qeyd etmək, sözsüz ki, hər iki ölkənin xalqı tərəfindən xoş qarşılanmır”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın “IRIB” xəbər agentliyinə müsahibəsində bu ölkədə küçələrdən birinə “Şuşi” adının verilməsinə münasibət bildirərkən söyləyib.
“Bu cür yanlışlıqlara yol verilməsi mənfi presedent yarada bilər. Gərək bunlara diqqət edib həssas məsələlərdə bir-birimizin fikirlərini nəzərə alaq”, – deyə səfir vurğulayıb.
Xatırladaq ki, ötən ilin noyabr ayında Tehran meriyası şəhərdəki bir sıra küçələrin adlarına Azərbaycanın şəhər adlarının təhrif edilmiş formasını qoyub (Bakı yerinə “Badikübə”, Şuşa yerinə “Şuşi”). Buna etiraz olaraq soydaşlarımız həmin küçə lövhələrini silərək üzərində “Azərbaycan” yazıblar.
Qeyd edək ki, küçələrin adlarına hələ də düzəliş edilməyib.