
Türkmənbaşı. Trend:
Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da
çiyin-çiyinə irəli gedəcək.
Trend xəbər verir ki, bu
sözləri Prezident İlham Əliyev Türkmənistan, Azərbaycan və
Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair
bəyanatında səsləndirib.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli Qurbanqulu Məlikquliyeviç.
Hörmətli Şavkat Miromonoviç.
Əziz dostlar.
İlk növbədə, qardaşım Qurbanqulu Məlikquliyeviçə dəvətə və
qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm.
Bu, mənim Avaza şəhərinə ikinci səfərimdir və burada gedən
inkişaf əyani şəkildə onu göstərir ki, ölkə etibarlı əllərdədir.
Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi sayəsində həm Avaza,
həm də bütün digər şəhər və kəndlər inkişaf edir, abadlaşır, yeni
şəhərlər salınır. Bu gün imzalanan sənədlər arasında Arxadağla
Füzuli şəhərlərinin qardaşlaşma sənədi də var. Bu, əslində, bizim
qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər
boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki
müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni
üfüqlərə doğru birgə addımlayır.
Mənim dəvətimlə Qurbanqulu Məlikquliyeviç iyul ayında
Azərbaycanda səfərdə idi. Biz iki gün ərzində həm Bakıda, həm də
Qarabağ bölgəsində bərabər olmuşuq və bir çox məsələləri müzakirə
etmişik. Mövqelərimiz də üst-üstə düşür. Əsas məsələ odur ki,
Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da
çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq
şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq
imkanlarını da genişləndirəcək.
Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç burada Türkmənistanın
hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən
də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə
baxmayaraq, artıq məscidin memarlıq təsviri hazırdır və yaxın
gələcəkdə təməli də qoyulacaqdır. Bu, türkmən xalqının,
Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan
dəstəyinin nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür.
Biz bu yaxınlarda qardaşım Şavkat Miromonoviçi də eyni qardaşlıq
hissləri ilə qəbul etmişik. Xankəndidə ECO Zirvə görüşündə bərabər
idik. Xankəndidə olarkən Şavkat Miromonoviçin təşəbbüsü ilə
yaradılmış böyük tikiş fabrikinin fəaliyyəti ilə tanış olduq.
Hazırda orada iki yüzdən çox insan çalışır. Onların mütləq
əksəriyyəti qadınlardır və bu fabrikin genişləndirilməsi
nəticəsində orada işləyənlərin sayı bir neçə dəfə artacaq. Bu,
Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox
böyük hədiyyədir. Birinci hədiyyəni isə biz Qarabağın dirçəldilməsi
istiqamətində atılmış addımlar arasında yenə də Şavkat
Miromonoviçin təşəbbüsü ilə Füzulidə dahi özbək mütəfəkkiri Mirzə
Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin timsalında
gördük. O məktəb bizim iştirakımızla açılmışdır və artıq orada
yüzlərlə gənc qarabağlı oxuyur, hər dəfə o məktəbin yanından
keçəndə həm qardaş özbək xalqına, həm də onun lideri Şavkat
Miromonoviçə minnətdarlıq hisslərini ifadə edir.
Bu, sözdə yox, əməldə dostluqdur, qardaşlıqdır. Bizim üçün ən
vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub. Bu
gün də bu belədir. Bu gün artıq burada səsləndi, bu, tarixi
görüşdür, tarixi sammitdir, tarixi Zirvə görüşüdür. Bunun
təşəbbüskarı qardaşım Qurbanqulu Məlikquliyeviçə bir daha
təşəkkürümü bildirmək istəyirəm.
Müzakirə olunan məsələlər burada artıq qeyd olundu, onları
təkrar etmək istəmirəm. Amma bir şeyi deyə bilərəm, artıq müvafiq
dövlət qurumlarına göstərişlər verildi ki, üçtərəfli əməkdaşlıq
formatı yaradılsın və bizim növbəti görüşümüzə konkret istiqamətlər
üzrə təkliflər verilsin. Bütün göstərişlər verildi. Yenə də
deyirəm, burada səslənmişdi – nəqliyyat, tranzit, logistika,
elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr. Qaldı ki,
bütün bu göstərişlərin vaxtında yerinə yetirilməsinə, mənim buna da
şübhəm yoxdur.
Həmkarlarımın fikrinə qoşularaq sözümün sonunda bir daha demək
istəyirəm ki, bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox
perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı
yaradılır. Necə deyərlər, xeyirli, uğurlu olsun. Sağ olun.