Putinin görüşləri, Zelenskinin “16”ya qədər sayması – TƏHLİL

Siyasət

Fevralın 14-də Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqunu qəbul etdi.

Elə həmin gün başı üzərini qara buludlar almış və əsəb müharibəsinin gətirdiyi yorğunluqla Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsla Kiyevdə görüşdü.

Putinin güc naziri və baş diplomatla uzun masa arxasında əzələ nümayişi ilə müşayiət olunan müzakirələri, görünür ki, Zelenskidə “müharibə başlayacaq” mövqeyini gücləndirir.

Həmin gün Zelenskinin müharibə öncəsi atmosfer ovqatında çıxış edərək ictimai rəyi qanlı ssenariyə hazırlayan tezisləri səsləndirməsi diqqət çəkir. Fevralın 16-sı Ukrayna üçün milli birlik günü elan edildi.

Ukrayna NATO və Rusiyanın ona uzanan caynaqları arasında qalaraq vəziyyətdən çıxış yolu tapmağa çalışır, ancaq onun ritorikası Moskvanın hər keçən gün öz caynaqlarını itiləməyə rəvac verir.

Qərb ölkələrinin əksəriyyəti isə Ukraynanı Rusiyanın ağuşuna atmaqdan məmnun kimi görünürlər, Britaniya istisna olmaqla Ukraynanın hərbi müdafiəsi üçün ən zəruri hərbi tədbirlərdən çəkinirlər.

Situasiyanın tablosu Rusiyanı qürrələndirir və Moskva “əzələlərini şişirtməyə” davam edir.

Putinin Şoyqu ilə görüşündə müdafiə naziri Rusiyanın keçirdiyi hərbi təlimlər haqqında məruzə edib, hərbi dairələrin donanmalarının dənizlərdə təlimlərinin yüksək səviyyədə olduğunu qeyd edib.

Bu, Rusiyanın NATO-ya “biz dənizdəki strateji dərinliklərdə də güclüyük və sulardan istədiyimiz zərbələri endirə bilərik” mesajıdır, daha doğrusu gövdə nümayişidir.

Şoyqu ABŞ sualtı gəmisinin Rusiya ərazilərinə daxil olduğunu və müdaxilə ilə ərazilərdən çıxarıldığını xatırlatması belə deməyə əsas verir ki, əks qütbdə mövqelənən Rusiya və ABŞ bir-birinin sularına dalaraq çəkindirici amil yaratmaq niyyətlərini göstərirlər və proses bu gün də əsəb müharibəsi formasında cərəyan edir.

Rusiya diplomatiyasının ən strateji “silahı” Sergey Lavrov Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı tələblərinə ABŞ tərəfindən verilən cavab barədə Putini məlumatlandırıb.

Rusiya üçün ən vacib olanı ABŞ-ın cavabıdır, çünki Moskvada hesab edirlər ki, hərbi qarşıdurma ehtimallarının öləziməsi Vaşinqtonun mövqeyindən asılıdır.

ABŞ-ın Rusiyanın hədələyici tondakı təhlükəsizlik zəmanətləri ilə bağlı sənədə ABŞ-ın cavabını iki hissəyə bölmək olar:

1. Birinci hissə Rusiyanın müəyyən etdiyi üç əsas problemə reaksiya ver(m)ir. Bu, NATO-nun genişlənməməsi, Rusiyanı təhdid edən silahların Avropada yerləşdirilməməsi və Avropadakı hərbi-texniki konfiqurasiyanın əvvəlki vəziyyətinə (1997-ci il tablosuna) qaytarılması ilə bağlıdır. Yəni ABŞ bu tələblərə dair öhdəlik götürməkdən boyun qaçırır. Bu isə Rusiyanı qane etmir.

2. Kreml bildirir ki, hər bir dövlətin ittifaq seçmək hüququ öz təhlükəsizliyini başqa dövlətin hesabına gücləndirməmək öhdəliyi ilə məhdudlaşdırılmalıdır. Rusiya ABŞ-ın bu tezisə münasibətini nisbətən konstruktiv xarakterli hesab edir, çünki burada silahların məhdudlaşdırılmasına dair komponentlər də daxildir.

Ümumilikdə isə Ağ Evin cavabı Ukraynanın “ağ günə” çıxmasını təmin edən akta çevrilə bilmir, növbə isə yenə diplomatiyanındır.

Qərblə Rusiya arasında diplomatik təmaslar davam etdiriləcək, hərçənd ki, müharibənin qoxusu hiss ediləcək dərəcədə artır.

Putinin Lavrova “bizim tərəfdaşlarımızla razılığa gəlmək şansı varmı, yoxsa bu, məntiqi nəticəsi olmayan sonsuz danışıqlar prosesinə sürükləmək cəhdidir?” sualı da özündə müharibə komponentlərini ehtiva edir.

Yəni, alınmırsa, müharibəni başladaq və məsələyə son qoyaq.

Aqşin Kərimov  

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir