Sülh müqaviləsinin paraflanması region üçün yeni imkanlar açır – Deputat

Siyasət

Bakı. Trend:

Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin
paraflanması Cənubi Qafqazda tarixi bir mərhələnin başlanğıcıdır.
Bu sənəd iki dövlət arasında uzun illər davam edən münaqişəyə son
qoymaqla yanaşı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin
olunması baxımından yeni perspektivlər yaradır.

Bunu Trend-ə Milli Məclisin
deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, regionda sülh gündəliyi Azərbaycanın
müəyyən etdiyi prinsiplər və irəli sürdüyü təklif və təşəbbüslər
əsasında müəyyən edilir.

“Sülh müqaviləsinin paraflanmasında da əsas məzmun və müddəalar
Azərbaycanın mövqeyinə uyğun şəkildə formalaşdırılıb. Bu sənəd
region üçün yeni və geniş imkanlar açır”.

Deputat vurğulayıb ki, sənəddə Azərbaycanın strateji
hədəflərindən biri olan Naxçıvanla quru əlaqəsi də təmin
olunub:

“Bu, həm tarixi ədalətin bərpası, həm də regiondakı
kommunikasiya xəritəsinin yenidən formalaşdırılması baxımından
mühüm nailiyyətdir. Naxçıvanla birbaşa quru yolunun açılması təkcə
Azərbaycan üçün deyil, bütövlükdə region ölkələri üçün iqtisadi və
logistik baxımdan yeni imkanlar deməkdir.

Eyni zamanda bu sənəd yalnız iki ölkə arasında münasibətlərin
normallaşdırılmasına deyil, həmçinin bütün regionda sülh və
əməkdaşlıq mühitinin möhkəmlənməsinə xidmət edəcək. Azərbaycanın
diplomatik uğuru həm də tarixi ədalətin bərpası baxımından xüsusi
əhəmiyyət daşıyır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir