Aleksandr Kaçura: “Mövqelərimizə istənilən hücuma dərhal cavab veriləcək” – MÜSAHİBƏ

Siyasət

“Mən Türkiyənin mövqeyini, o cümlədən “Krım platforması” barədə (Ukraynanın Krım probleminin beynəlxalq gündəmə qaytarılmasına dair diplomatik təşəbbüsü – red.) mövqeyini çox vacib hesab edirəm. Ukraynanın belə çətin vaxtlarda onu dəstəkləyən tərəfdaşlarının olması çox yaxşıdır”.

Bu sözləri Oxu.Az-a müsahibəsində Ukrayna Ali Radasının “Xalqın xidmətçisi” fraksiyasının üzvü, parlamentin dövlət hakimiyyətinin təşkili, yerli özünüidarəetmə, regional inkişaf və şəhərsalma komitəsinin sədr müavini Aleksandr Kaçura bildirib.

Aleksandr Kaçura həmçinin Minsk razılaşmaları ilə bağlı fikirlərini açıqlayıb.

“Bu gün (söhbət fevralın 16-da olub – red.) bizdə prezidentin fərmanı ilə təsis edilmiş Ukrayna xalqının birlik bayramı qeyd olunur. Mən də demək istəyirəm ki, bütün Ukrayna birdir. Minsk razılaşmalarına gəlincə, Ukrayna onları yerinə yetirməyə hazırdır, lakin Rusiyanın interpretasiya etdiyi qaydada deyil. Biz hesab edirik ki, əvvəlcə sərhədləri nəzarətə götürmək, sonra isə siyasi hissəyə keçmək, seçkilərin keçirilməsindən danışmaq lazımdır.

Onun sözlərinə görə, Minsk razılaşmaları ilə bağlı heç bir ziddiyyət mövcud deyil:

– Heç bir ziddiyyət yoxdur. Almaniyanın keçmiş kansleri Angela Merkel öz növbəsində demişdir ki, Minsk razılaşmaları doqma deyil və onlar daşa həkk olunmayıb. Əgər bütün tərəflər razılığa gəlmək istəsələr, kompromis tapacaqlar. İstəməsələr, bunun qarşısını alacaq bir şey tapacaqlar – şimal qonşumuz da belə edir.

Elementar şeylərə diqqət yetirin – onlar Qırmızı Xaçı hərbi əsirlərin yanına buraxmır. Qondarma respublikalar tərəfindən nəzarət-buraxılış məntəqələri bağlıdır, yəni insanlar şərti sərhədi keçə bilmirlər. Onlar ABŞ, Avropa peyvəndi ilə peyvənd oluna, pensiya ala bilmirlər”.

Deputat həmçinin Luqansk və Donetskin müstəqilliyinin Rusiya tərəfindən qiymətləndirilməsi ehtimalından bəhs edib:

“Hər şey mümkündür. Amma nə olursa olsun, Donetsk və Luqansk vilayətləri suveren Ukraynanın tərkib hissəsi olaraq qalacaq. Ukrayna diplomatik üsullarla, sülh yolu ilə həllin tərəfdarıdır. Amma əgər münaqişədə gərginlik artacaqsa, işğalçı hakimiyyət tərəfindən ərazinin genişləndirilməsi cəhdi olarsa, o zaman biz buna cavab verəcəyik. Mövqelərimizə istənilən hücuma dərhal cavab veriləcək”.

Xatırladaq ki, bir qədər əvvəl fevralın 16-da Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Vladimir Putindən müsbət cavab olacağı təqdirdə Türkiyədə Rusiya və Ukrayna prezidentləri ilə üçtərəfli görüş ehtimalının olduğunu bildirmişdi.

Nair Əliyev

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir