Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mövzusu Ermənistanda ən çox gündəlikdə olan məsələlərdən biridir.
Qeyd edilən mövzu ətrafındakı mübahisələr xüsusən Azərbaycanın Qarabağda qazandığı zəfərdən sonra daha çox diqqət çəkməyə başlayıb.
Niyə Azərbaycan-Ermənistan münasibətləri kontekstində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) mövzusu Ermənistanda yenidən aktiv şəkildə müzakirə olunmağa başlayıb?
Rusiyalı hərbi ekspert, publisist, İzborsk klubunun daimi üzvü Vladislav Şurıqin Oxu.Az-a danışarkən qeyd edib ki, Azərbaycanla münaqişə Ermənistanın daxili siyasi gündəliyinin daimi mövzusudur:
“Uğursuz müharibə, onun siyasi və hərbi nəticələri hələ uzun müddət Ermənistan cəmiyyətində ağrılı şəkildə hiss olunacaq. Müvafiq olaraq, bu, çox vaxt tamamilə düşünülməmiş müxtəlif siyasi bəyanatlara və təşəbbüslərlə nəticələnəcək. Rusiya Ermənistana açıq şəkildə dedi: KTMT-yə müraciət edə bilərsiniz, lakin hansı mövzularda? Əgər bunlar sizin şəxsi, daxili problemlərinizdirsə, yaxud Qarabağla bağlı məsələlərdirsə (bu mövzu isə Azərbaycanın və sülhməramlıların səlahiyyətindədir), Rusiya buna cavab verməyi mümkün hesab etmir. Əgər KTMT-nin Ermənistanı müdafiə etməsini tələb edən hansısa vəziyyət yaranarsa, təbii ki, Rusiya cavab verəcək. Amma indiyədək belə bir şey müşahidə olunmayıb”.
Rusiyalı hərbi ekspert İrəvanda səsləndirilən “KTMT-dən çıxıb, NATO-ya daxil olmalıyıq” çağırışlarına və Şimali Atlantika Alyansında Ermənistana nə qədər ehtiyac duyulduğuna belə şərh verib:
“Eyni məntiqlə demək olardı ki, Ermənistanın Yer planetində nə işi var və onun Marsa uçmasının vaxtı çoxdan çatıb. Ermənistan NATO-nun nəyinə gərək ola bilər? Bu ifadələr “KVN”də tələbə yumoru səviyyəsindədir. NATO və Ermənistanın harada olduqlarına baxmaq kifayətdir. Ona görə də, İrəvanda Qərbin pulu yemlənən insanların ənənəvi bəyanatları eşidilir. Təbii ki, onlar hətta ictimai tualetlərlə bağlı məsələlərdə də həmişə Qərbin və NATO-nun yanında olacaqlar. Ona görə vaxtilə Roma senatoru Katon Romada ictimai tualetlər mövzusunun müzakirəsinə “Karfagen dağıdılmalıdır” ifadəsi ilə başlamışdı (o vaxtdan bu ifadə eyni suallara təkrar-təkrar qayıtmaq mənasını verir).