Hazırkı hadisələrlə bağlı çoxlu versiyalar mövcuddur. Bəziləri hesab edir ki, Qərb və Rusiya Ukraynanı Donbasla bağlı Minsk razılaşmalarını yerinə yetirməyə məcbur edir. Digərləri hesab edir ki, Minsk razılaşmalarından imtina baş verəcək və bununla Rusiya Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarına öz hərbi kontingentini yeritməklə öz istəyinə – NATO-nun Ukrayna ərazisinə genişlənməsinə imkan verməməyə nail olacaq.
Mövzu ilə bağlı Oxu.Az-a məşhur ukraynalı siyasi texnoloq, tarix elmləri namizədi Oleq Posternak danışıb:
“Mən bu versiyalarla tanışam və dərhal ikinci versiya barədə danışacam. Belə olan halda Ukrayna Gürcüstan və Moldovanın vəziyyətinə düşəcək. Əslində bu üç ölkənin gələcəkdə NATO-ya daxil olması bloklanacaq. Ancaq bu, Şimali Atlantika Alyansının Ukrayna ərazisində hərbi aktivliyinin dayandırılması demək deyil.
Amma mən əvvəlcə sizin ilk səsləndirdiyiniz versiyanın tərəfdarı idim. Böyük Britaniya, ABŞ və Qərb dövlətlərinin bəzilərinin inadkarlığı şübhə doğururdu. Axı son yeddi ildə Ukrayna ilə Qərb arasında münasibətlər Qərbin Ukraynanın əsas mövqeyini “sürükləməsi”nə əsaslanırdı. Heç bir ziddiyyət yox idi.
Xarici jurnalistlərə verdiyi müsahibələrdən və prezident Vladimir Zelenskinin ilk dəfə irad tutduğu, hətta Qərb tərəfdaş və müttəfiqlərimizi tənqid etdiyi Münhendəki çıxışından sonra birinci versiya ehtimalı daha da artıb.
Problem ondadır ki, Rusiya həmişə ildırım sürəti ilə, gözlənilməz və hazırlıqlı hərəkət edir, biz bunu başa düşürük. Sonradan Rusiya Federasiyasının rəsmi qoşunlarının (hətta KTMT kontingentinin) yeridilməsi ilə DXR və LXR-in mümkün tanınması ilə bağlı vəziyyət mövcuddur. Belə olan halda Kreml Qərbə mümkün razılaşmalar üçün şans belə vermədən çox operativ hərəkət edərdi.
Bəs Vladimir Putin indi nə edir? Bunlar danışıqlara hazır olmaq kimi şərh edilə biləcək hərəkətlərdir. Üstəlik, Moskva hətta bir neçə “kozır” da göstərib. Birinci “kozır” proksi-respublikaların tanınmasıdır.
İkincisi, Rusiya ilə Belarusun və Rusiya nüvə qüvvələrinin strateji təlimləridir (müxtəlif tipli ballistik raketlərdən istifadə olunub – red.).
Üçüncüsü, Rusiyanın Qərbin cavabına verdiyi cavabdır. Burada söhbət bu regionda beynəlxalq münasibətlərin bütün subyektləri üçün təhlükəsizlik zəmanətlərindən gedir.
Mən belə nəticəyə gəlirəm ki, indi üçüncü versiyadan danışmaq olar. Qərb, Ukrayna, Rusiya – bütün tərəflər üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ciddi, çərçivəli, çox əsaslı razılaşma əldə etmək potensialı var və bu, mövcud status-kvonu müəyyən edəcək.
Bu barədə danışmağa mənə nə imkan verir? Bu, amerikalıların Rusiyanın xarici işlər naziri Sergey Lavrovun cavabına reaksiyasıdır, prezident Zelenskinin mətbuata açıqlamaları və Münhen konfransındakı çıxışı, NATO, Avropa İttifaqı və ABŞ-ın kompromis variantlarını müzakirə etməyə hazır olmasıdır.
İndi “Böyük razılaşma”ya nail olmaq üçün real imkan var. Əgər bu şans reallaşmasa, o zaman Kreml artıq məlum olanlardan başqa, daha bir neçə “kozır”ını göstərə bilər. Vladimir Putin “DXR” və “LXR”in “suverenləşdirilməsi” ilə yanaşı, iqtisadi baxımdan Azov və Qara dənizlərdə Ukrayna üçün böyük problemlər yaradacaq. Ticarət blokadası təhlükəsi çox ciddidir.